ər. – ağsaqqal, qoca
İslamda şiəlik təriqəti.
Təriqətin əsası XVIII əsrin sonunda şeyx Əhməd Əhsai (1744–1827 və ya 1828) tərəfindən qoyulub. Onun tərəfdarları özlərini “şeyxilər” adlandırıblar. Ş. İran və İraq ərazisində, eləcə də Cənubi Azərbaycanda geniş yayılıb. Bu təlimə görə, Allahın arzusu ilə bütün varlığın yaranmasına 12 imam səbəb olub. Başlanğıcda imamlar cövhər halında mövcud olublar və Allah dünyanı məhz həmin cövhərlər vasitəsilə yaradıb. Odur ki dünyanın imamların hökmü ilə hərəkət etməsi zərurət sayılır. Mehdinin zühurunun qaçılmazlığına və onun Yer üzərindəki bütün ədalətsizlikləri məhv edəcəyinə inam Ş. təliminin əsasında durur. Şeyxilər həmçinin Mehdi ilə insanlar arasında vasitəçilik edəcək “Bab” (ər. – qapı) adlı şəxsin dünyaya gələcəyinə də inanırlar. Ş. babiliyin əsas ideya qaynağı olub. XIX əsrin 40-cı illərində bu təriqət faktik olaraq dağılıb.
Tarix terminləri lüğəti