►Adətən, hər hansı sual və ya davranışa münasibətdə cavab almadıqda susmağı razılıq əlaməti kimi qələmə vermək istəyərkən işlədilən ifadə.
Ehtimallara görə, ifadə qədim yunan şair-dramaturqu Sofoklun (e.ə. 496–406) «Traxiniya qadınları» faciəsindən qaynaqlanır.
Sofoklun həmin əsərində qəhrəmanlardan biri belə sual edir: «Bəyəm sən başa düşmürsənmi ki, sən susmağınla ittihamla razılaşmış olursan?»
Xristian alimləri latınca da («silentium videtur confessio») məşhur olan bu ifadənin ilk dəfə yazılı şəkildə Roma papası VIII Bonifasinin (1294–1303) kilsə hüququna daxil edilmiş məktubunda verildiyini qeyd edirlər. Bu ifadə dünya dillərinin əksəriyyətində eyni şəkildə işlədilir.
Azərbaycan dilində susmaqla bağlı tamamilə başqa mənada «Danışmaq gümüşdürsə, susmaq qızıldır» atalar sözü işlənir.
Məsəllər, deyimlər