►Hər hansı işin başlanğıcında bəd gətirmək, bir işin alınacağına inanmamaq, buna şübhə yaratmaq.
İfadə xalq arasında tək səbirə münasibətdə hələ də tamamilə aradan qalxmayan mövhumi təsəvvürlərdən yaranmışdır.
Xalq arasında yayılmış inanca görə, guya cüt səbir xoşbəxtlik, tək səbir isə bədbəxtlik baş verəcəyini bildirən əlamətdir. Mühüm bir iş görmək ərəfəsində tək səbir gəldikdə mövhumatçı adam o işin başlanmasını təxirə salır və təsadüfən həmin iş müvəffəqiyyətsizliklə tamamlandıqda isə bunu mütləq tək səbirin təsiri ilə əlaqələndirir.
Böyük satirik şair M.Ə.Sabir bu mövhumatçıların cahilliyinə istehza edərək «Tək səbir» adlı şeirində yaxşı, alicənab, xeyirxah işlərin görülməsinə tək səbirin nə qədər «zərər» verdiyini göstərmişdir.
Əvvəl bir iş görmək fikrinə düşüb sonra qəflətən həmin fikirdən vaz keçdikdə bu hərəkətin səbəbini «Nə oldu, tək səbir gəldi?» – deyə soruşurlar.
Məsəllər, deyimlər