ing. trust – etibar
Vahid idarəedici quruma tabe olan müəssisələrin inhisar birliyi forması.
T.-də birləşən müəssisələr özünün kommersiya və istehsal, bəzi hallarda isə hətta hüquqi müstəqilliyini itirir. Digər oxşar inhisar birliyindən – konserndən fərqli olaraq T., adətən, eyni sənaye sahəsinin müəssisələrindən təşkil olunur. İlk T.-lər XIX əsrin sonunda ABŞ-da yaranıb. C.D.Rokfellerin 1879-cu ildə formalaşdırdığı “Standart oyl” şirkəti ilk T. sayılır. I Dünya müharibəsindən (1914–1918) sonra T.-lər Avropa ölkələrində də geniş yayılıb. Lakin dünyanın əksər ölkələrində antitrest qanunlarının qəbulu ilə əlaqədar onlar başqa formalı inhisar birlikləri (holdinq şirkətləri və s.) ilə əvəzlənib.
Tarix terminləri lüğəti