yun. trias < triados – üçlük
1. Çinin cənub və cənub-şərq əyalətlərində XVIII–XX əsrin əvvəllərində fəaliyyət göstərmiş gizli antimancur cəmiyyətlərin ümumi adı.
T.-lar bir sıra ümumi adət-ənənələrə, rituallara malik olub, o cümlədən “3” rəqəminin mistik gücünə inanıb, ona görə də belə adlandırılıb. “Tzin sülaləsini devirək, Min sülaləsini bərpa edək” şüarı ilə çıxış edən T.-lar mancurlar əleyhinə bir sıra xalq hərəkatlarının, həmçinin Taypinlər üsyanının (1850–1864) fəal iştirakçısı olublar və Mancurlar sülaləsi devrildikdən sonra da (1911) fəaliyyətlərini davam etdiriblər. 1949-cu ildə Çində hakimiyyətə gələn kommunistlər T. cəmiyyətləri ilə sərt mübarizəyə başlayıblar. Bunun nəticəsində həmin cəmiyyətlər Çin diasporasının güclü olduğu xarici ölkələrə köçmək məcburiyyəti qarşısında qalıb.
2. Müasir anlamda: Çin diasporası daxilində fəaliyyət göstərən gizli cinayətkar təşkilat.
T.-lar narkotik alveri, kontrabanda və bu kimi digər qanundankənar əməllərlə məşğul olur.
Tarix terminləri lüğəti