lat. triumphus – təntənə
1. Qədim Romada qalib sərkərdənin qoşunu ilə birlikdə təntənəli şəkildə paytaxta daxil olması.
Romada Mars meydanından Kapitolidəki Yupiter məbədinə doğru hərəkət edən kolonun başında senator və digər yüksək dövlət vəzifəli şəxslər, onların arxasınca isə dörd ağ ata qoşulmuş cəng arabasında dəfnə çələngi və Yupiterin atributları ilə bəzədilmiş qalib sərkərdə gedib. Sərkərdəni musiqiçi və müğənnilər müşayiət edib. Onların ardınca isə ələ keçirilmiş hərbi qənimətlər və tanınmış əsirlərlə birlikdə qoşun irəliləyib. Kapitolidə Yupiterin şərəfinə qurbanlar kəsilib, sonra bayram başlanıb. T., adətən, senatın qərarı ilə təşkil olunub və sərkərdə üçün ən ali mükafat sayılıb.
2. Məcazi mənada: parlaq qələbə.
Tarix terminləri lüğəti