Reklam
Reklam

Məsəllər, deyimlər

TÜLKÜ TÜLKÜLÜYÜNÜ SÜBUT EDİNCƏ...

«Haqlı olan həqiqəti sübut edincə başı çox bəlalar çəkər» mənasında işlədilən ifadə.

İfadə xalq arasında yayılmış bir rəvayətdən qaynaqlanır.

Həmin rəvayətə görə, günlərin birində kəndin kənarında bir çaqqal tülkünün çox sürətlə qaçdığını görüb səbəbini soruşur. Tülkü cavab verir ki, şahın əmrinə görə bütün dəvələrin dərisi soyulmalıdır, o səbəbdən qaçıram.

Çaqqal təəccüblə soruşur:

– Yaxşı, indi ki dəvələri soyurlar, bəs sən niyə qaçırsan, sən ki bu vücudunla dəvə deyilsən axı, tülküsən!

– Sağ olmuş, mən bu hay-küydə öz tülkülüyümü sübut edincə dərimi boğazımdan çıxararlar. Yaxşısı budur, heç ələ keçməyim.

İfadə tam şəkildə belədir: «Tülkü tülkülüyünü sübut edincə dartıb dərisini boğazından çıxararlar».

Məsəllər, deyimlər