►Bərk qorxmaq, vahimələnmək, həyəcandan özünü itirmək.
İfadə xalq arasında fiziki işlə məşğul olan insanın səhhəti ilə bağlı kök salmış təsəvvürdən qaynaqlanaraq yaranmışdır.
Sonradan məcazi məna almış bu ifadə, əslində, ağır iş görən adamın bəzən gücə düşüb səhhətində problem yaranması ilə bağlıdır. Yəni xalq arasında ağır yük qaldıran adama «ehtiyatlı ol, ürək-göbəyin düşər» tövsiyəsi əbəs yerə verilmir.
Həqiqətən, insan fiziki imkanları xaricində olan ağır bir şeyi (daş, un kisəsi, dəmir, kütlə və s.) qaldırdıqda gücə düşür. Bunun əsas əlaməti kimi qarın nahiyəsində, göbəyin altında xoşagəlməz ağrılar və ürəkbulanması başlayır. Xalq təbabətində buna aşağıdakı kimi çarə tapırlar: cavan və ortayaşlı adamları bir neçə dəqiqə başıaşağı saxlayıb bir-iki dəfə dombalaq aşmağa bənzər hərəkət etdirirlər. Sonra adamın qarnını yuxarı istiqamətdə sığayıb qurşaqla bərk-bərk bağlayır və bir neçə gündən sonra narahatlıq keçəndə qurşağı açırlar.
Bütün hallarda ürək-göbəyi düşmək insanlarda müəyyən bir təşviş, qorxu və həyəcan yaratmışdır. Bəlkə də, bu səbəbdən ifadə getdikcə məcazi məna alaraq «qorxu» çalarını müəyyənləşdirmişdir.
Məsəllər, deyimlər