Reklam
Reklam

Məsəllər, deyimlər

ÜSLUB – İNSANIN ÖZÜDÜR

►«Üslub insanın təbii xüsusiyyətlәrini әks etdirir», «hər kəsin öz tərzi vardır» mənalarında işlədilən ifadə.

İfadә mәşhur tәbiәtşünas alim Buffonun (1707–1788) Fransa Akademiyasına üzv seçilәndә söylәdiyi nitqindәn qaynaqlanaraq yayılmışdır.

1753-cü ildə söylədiyi həmin nitqdə Buffon sübut etmәyә çalışmışdır ki, insanı başqalarından fәrqlәndirәn yeganә vә başlıca faktor – onun üslubudur. Həqiqətən də, bu fikir heç bir mübahisə doğurmur ki, üslub, tərz, ifadә hәr şәxsin özüdür.

Buffonun bu ifadәsi təxminən yüz il əvvəl әdәbi dilimizdә sitat kimi işlәdilmişdir. H.Cavid vә A.Şaiqin «Әdәbiyyat nәzәriyyәsi» kitabında (Bakı, 1919) deyilir: «Bir mövzunu iki kişi qәlәmә alacaq olsa, meydana qoyacaqları әsәrlәr bir-birinә bənzәmәz. İştә bu ixtilaf üslub vә ifadәlәrin başqa olmasından irәli gәlir. Fransız üdәbasından Büfund «Üslub-bәyan eyni ilә insandır» – demiş».

Məsəllər, deyimlər