►Müqavimətə gücü çatmayan günahsız insanların kütləvi şəkildə qətlə yetirildiyini bildirən ifadə.
İfadə XVI əsrdə Fransada katoliklərin protestantları kütləvi şəkildə qətlə yetirdikləri Varfolomey bayramının adından götürülmüşdür.
Fransada məzhəb müharibələri zamanı hugenotların (Roma katolik kilsəsinə qarşı yönəlmiş yeni və islahatçı xristian məzhəbi olan protestantlara o dövrdə həqarətlə verilən ad) katoliklər tərəfindən kütləvi qətliamı Parisdə 1572-ci ilin 24 avqustuna keçən gecə (müqəddəs Varfolomey bayramı) başlamışdır.
Hücumu kral IX Karlın anası Yekaterina Mediçi (hər ikisi katolik idi) və əsilzadə giz nəslinin nümayəndələrinin rəhbərlik etdiyi Katolik liqa təşkil etmişdi. Katoliklər hugenotların güclənməsindən və onların başçıları admiral Qaspar Kolinyinin krala təsirindən ehtiyat edirdilər. Qətliam gecəyarısı kilsə zənginin işarəsi ilə başlamışdı.
Varfolomey gecəsi zamanı Parisdə başlanmış bu qırğın kralın xeyir-duası ilə ölkənin digər şəhərlərinə də yayıldı. Azğınlaşmış katoliklər protestantların əvvəlcədən təbaşirlə işarələnmiş evlərinə girərək onları eyvandan küçəyə atmış, qadınlara təcavüz etmiş, soyğunçuluqla məşğul olmuşdular. Varfolomey gecəsindən sonra Fransada məzhəb müharibəsi daha da alovlanmışdı.
Parisdə təqribən üç min, bütün Fransada isə otuz minə yaxın protestant qətlə yetirilmişdi. Həmin dövrdə Fransada baş vermiş qətliam katolik dünyasında rəğbətlə qarşılanmış, Roma papası XIII Qriqori bu faciəni alqışlayaraq Vatikanda fişəng atılmasını və medal təsis olunmasını əmr etmişdi. Lakin hadisədən 425 il sonra Roma papası II İohann Pavel rəsmi şəkildə Varfolomey qətliamını qınamışdır.
«Varfolomey gecəsi» ifadəsi bir çox xalqların dilinə daxil olaraq mənfi çalar qazanmış, hadisənin özü haqqında isə çoxlu filmlər çəkilmiş və bədii əsərlər yazılmışdır.
Məsəllər, deyimlər