Baş cümlədə əvəzlik-qəliblə ifadə olunmuş xəbəri izah edən və xəbərin suallarına cavab olan budaq cümlə.
Xəbər budaq cümləsinin iki tipi vardır: 1. Budaq cümlə baş cümlədən qabaq işlənir və tərkibində bağlayıcı söz (kim, hər kim, hər kəs, nə, hər nə, necə, nə cür) iştirak edir: Kəssə hər kəs (bağlayıcı söz) tökülən qan izini, Qurtaran dahi odur (əvəzlik-qəlib) yer üzünü (H.Cavid). 2. Əvvəl baş cümlə gəlir və budaq cümlə ona bağlanır. Baş cümlənin xəbəri müxtəlif formalarda işlənən odur, budur, elədir, belədir, o oldu, bu oldu, ona görədir, buna görədir və s. əvəzlik-qəliblərindən ibarət olur; məs.: Tələbim də bu oldu ki, Bakıdan komissiya gəlib bizim işimizi yoxlasın (Ə.Vəliyev); Bəlkə, bu ona görədir ki, Kübranın taleyi ilə mənim taleyim arasında bir yaxınlıq var (M.Cəlal).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti