Reklam
Reklam

Məsəllər, deyimlər

YALANÇININ EVİ YANDI, HEÇ KƏS İNANMADI

Bir neçə dəfə yalan danışıb özünü hörmətdən salmış, inamı itirmiş adamın doğru sözlərinə də inanılmadığını bildirən məsəl.

İfadə bu barədə xalq arasında yayılmış məşhur əhvalatdan qaynaqlanır.

Bir yalançı çox tez-tez evinin damına çıxaraq «Yanğın, yanğın!» deyə hay-küy salar, kənd camaatı onun komasının yandığını zənn edərək kömək göstərmək məqsədilə vedrə, bel və s. ilə köməyə qaçarmış. Yalançı ev yiyəsi isə camaatın bu təlaşını görəndə əlini belinə qoyub bərkdən gülərmiş.

Bir gün yalançının evinə həqiqətən od düşür. O, yenə evin damına çıxıb nə qədər fəryad edirsə, onun sözlərini yalan bilib kömək göstərmək üçün heç kəs evindən bayıra çıxmır. Yalançının evi tamamilə yanıb külə dönür.

Bu məsəlin başqa bir variantı da vardır.

Çoban hər gün «Sürüyə qurd girib!» deyə kənd camaatını köməyə çağırarmış. Onun zarafatlarına öyrəşmiş kənd əhli bir dəfə həqiqətən sürüyə qurd girdikdə çobanın fəryadına etina etməyərək köməyə getmir və qurd qoyunların çoxunu tələf edir.

Məsəllər, deyimlər