►Sakitliyə, təmkinliyə çağırış və əsəbiləşən adamın haqsız olduğunu bildirmək məqsədilə işlədilən ifadə.
İfadə Roma əsatirlərində ilahların başçısı kimi təsvir edilən Yupiterin adı ilə bağlı yaranmışdır.
Tam şəkli «Yupiter, sən əsəbiləşirsən, sən haqlı deyilsən» olan ifadənin yaranması ilə bağlı ilk məlumatı Qədim Roma satirik şairi Lukian (təxminən eramızın 120–180-ci illəri arasında yaşamışdır) vermişdir. Tədqiqatçıların fikrincə, ifadənin ilk variantı da məhz onun əsərində işlədilmişdir. Lukianın əsərində göstərilir ki, göylərdən odu oğurlayan Prometey bu işdən qəzəblənən Zevsə (qədim yunan allahı Zevs sonralar Qədim Roma allahı Yupiterlə eyniləşdirilmişdir) deyir: «Sən mənə cavab vermək əvəzinə ildırım saçmağa başlayırsan, deməli, sən haqsızsan».
Yupiter Qədim Roma əsatirində ilahların başçısı, ildırım saçan ən qüdrətli tanrı hesab olunurdu. Əsatirlərdə onun sehrli gücü, ilahlara hökm etmək qüdrəti barədə xeyli maraqlı əhvalatlar vardır.
Məsəllər, deyimlər