Reklam
Reklam

Tarix terminləri lüğəti

şikəstə

ər. – hərfi mənası: sınıq, qırıq, əyri

Ərəb əlifbası ilə yazıda bədii xətt növü.

Ş. XVII əsrdə nəstəliq xəttinin əsasında yaranıb və burada hərflər, əsasən, sınıq xətlərlə təsvir edildiyi üçün belə adlanıb. Digər xətt növlərindən fərqli olaraq Ş.-də “əlif”, “dal”, “ra”, “vav” və s. hərflər özündən əvvəlki və sonrakı hərflərlə birləşir. Bu xətt sürətlə yazmaq üçün əlverişli olduğuna və az yer tutduğuna görə yazıda ondan geniş istifadə edilib. Ş. xəttini ilk dəfə Herat hakimi Murtuzaqulu xan sistemləşdirib, onun ən mahir ustası isə Qəzvin xəttatı Əbdülməcid Şikəstənigar olub.

Tarix terminləri lüğəti

şiəlik

ər. əş-şiə – tərəfdarlar, ardıcıllar

İslamda sünniliklə yanaşı, iki ən böyük cərəyandan biri.

VII əsrdə xilafətdə Əli ibn Əbu Talib və onun Fatimədən olan övladlarının (Həsən və Hüseyn) xəlifəlik hüququnu müdafiə edən qrup formalaşıb. Siyasi hakimiyyət uğrunda mübarizədə məğlub olmuş Ş. VIII əsrin ortalarında islamda xüsusi cərəyan kimi yaranıb. Ş.-lə sünnilik arasında əsas fərq müsəlman icmasının başçısı (xəlifə) məsələsinin həllində özünü göstərir. Sünnilikdə “bütün müsəlman icmasının razılığını” almış istənilən şəxs xəlifə seçilə bilər. Ş.-yə görə isə müsəlman icmasında yalnız Əlinin nəslindən olan şəxslərin ali hakimiyyətə iddia etmək hüququ var. Məhz bu səbəbdən Ş. yarandığı gündən xəlifəliyin Əlinin nəslinə qaytarılması uğrunda mübarizə aparıb. Sünnilər kimi şiələr də Allahı, Məhəmməd peyğəmbəri, Quranı və sünnənin əksər hissəsini qəbul edirlər. Lakin onlar sünnənin Əlinin rəqiblərinə (birinci üç xəlifəyə – Əbu Bəkr, Ömər və Osman) aid olan hissəsi ilə razılaşmırlar, eyni zamanda peyğəmbər və Əli haqqında xüsusi müqəddəs rəvayətlərə malikdirlər. Ş.-də “müqəddəs şəhidlər” və “imamlar” kultu xüsusi yer tutur. Şiələr təkcə imamların özlərini deyil, həm də onların varislərini müqəddəsləşdirirlər, habelə sünnilərdən fərqli olaraq Məkkə və Mədinə ilə yanaşı, şiə imamlarının dəfn olunduğu Kərbəla, Nəcəf, Məşhəd və Qumu da müqəddəs sayırlar. Hazırda Ş. İranda rəsmi din sayılır. İraq, Yəmən, Azərbaycan, Suriya, Livan, Bəhreyn müsəlmanlarının xeyli hissəsi də Ş. cərəyanının ardıcıllarıdır.

Tarix terminləri lüğəti

şətrənc

ər. – şahmat

VII–VIII əsrlərdə yaranmış və müsəlman Şərqində, o cümlədən Azərbaycanda geniş yayılmış stolüstü oyun.

Ş. şahmatın inkişafında ikinci tarixi mərhələ sayılır: o, çaturanqadan sonra meydana gəlib, müasir şahmatın isə bilavasitə varisi olub. Çaturanqadan fərqli olaraq Ş.-i iki nəfər oynayıb. Bu oyunun qaydaları müasir şahmatdan xeyli fərqlənib, yalnız şah, top və atın gedişləri eyni olub, vəzir isə Ş.-də ən zəif fiqur hesab edilib.

Tarix terminləri lüğəti

şəriət

ər. əş-Şəriə – düzgün yol, qanun

Müsəlmanların, ilk növbədə, Quransünnəyə əsaslanan dini, hüquqi, məişət qayda və qanunlarının toplusu.

Bu qayda və qanunlar VII–XII əsrlərdə formalaşıb. Ş.-də bütün dini və qeyri-dini məsələlər islam təlimi baxımından işıqlandırılır. Belə ki, Ş. müsəlmanların dini vəzifələri ilə yanaşı, dövlət, mülki, cinayət və prosessual normaları da əks etdirir. Yaxın keçmişdə müsəlman ölkələrində, o cümlədən Azərbaycanda Ş.-dən xüsusilə ailə-nikah münasibətlərində, habelə vərəsəlik hüququnda geniş istifadə olunub.

Tarix terminləri lüğəti