Reklam
Reklam

Tarix terminləri lüğəti

mülk

ər. – malikanə, əmlak

Xilafət dövründə (VII əsrdən) müsəlman Şərqində, o cümlədən Azərbaycanda xüsusi torpaq mülkiyyəti növü; iri və ya orta feodal torpaq sahibliyinin şərtsiz və irsi forması.

M. sahibi mərkəzi hökumət qarşısında icbari xidmət öhdəliyi və ya mükəlləfiyyət daşımayıb. M. istənilən vaxt sahibi tərəfindən satılıb, girov qoyulub, bağışlanıb və ya irsən keçib. Azərbaycanda dövlət xəzinəsinə xərac alınmayan belə torpaqlar M.-i-xass və ya M.-i-xalisə adlanıb. Zaman keçdikcə M. terminini başqa mənalarda da işlətməyə başlayıblar; məs.: rəiyyətdən toplanan vergi, kənd icmasının torpaq və ya su mənbələri üzərində mülkiyyəti və s. də M. adlanıb.

Həmçinin bax:

Tarix terminləri lüğəti

mükəlləfiyyət

ər. mükəlləf – bir vəzifəni yerinə yetirməyə, bir işi görməyə məcbur edilən

1. Kəndlilərin məcburi qaydada və əvəzi ödənilmədən dövlətin, yaxud mülkədarın xeyrinə işləmək vəzifəsi; məs.: biyar.

2. Dövlət və ya yerli əhəmiyyətli ehtiyacları təmin etmək üçün vətəndaşların icra etməli olduqları vəzifə, iş.

Orduda məcburi xidməti nəzərdə tutan hərbi M.-i buna misal göstərmək olar.

Həmçinin bax:

Tarix terminləri lüğəti

mülkədar tabei

Azərbaycanda xan, bəy və ağa torpaqlarında yaşayıb işləyən kəndli, rəiyyət, rəncbər, nökər.

Bu termin ilk dəfə çar hökumətinin 1847-ci il 20 aprel və 28 dekabr tarixli “Kəndli əsasnamələri”ndə işlədilib. M.T. müxtəlif mükəlləfiyyətləri yerinə yetirməli olub. O, mülkədara məhsulun bir hissəsi həcmində malcəhət adlı vergi verib, biyarəvrəz günləri mülkədarın təsərrüfatında, yaxud həyətyanı sahəsində işləyib, otlaq və örüşlərdən istifadə müqabilində çöpbaşı vergisi ödəyib. M.T. mülkədar torpağını tərk edə bilməyib. Mülkədar isə ona cismani cəza vermək ixtiyarına malik olub. 1870-ci il aqrar islahatından sonra kəndlilərin belə asılılıq forması (M.T. kateqoriyası) aradan qaldırılıb.

Tarix terminləri lüğəti

mürid

ər. – tərəfdar, ardıcıl

İlkin anlamda: həyatını sufilik təliminə həsr edən şəxs.

Sonralar islam dünyasında müxtəlif dini-fəlsəfi, ictimai-siyası cərəyan, birlik və cəmiyyət başçılarının tərəfdarlarını da M. adlandırmağa başlayıblar.

Həmçinin bax:

Tarix terminləri lüğəti

müridizm

ər. mürid – tərəfdar, ardıcıl

Əsası XII əsrdə qoyulmuş və XIV əsrdə Bəhaəddin Nəqşibəndi tərəfindən təkmilləşdirilmiş sufilik cərəyanı.

Axirət dünyasında insanların Allah qarşısında bərabərliyi ideyası, yoxsulluğun kultu, tərki-dünyalıq, özünüinkara çağırış və s. M. təliminin əsasında dayanır. Hər bir M. tərəfdarı (mürid) öz iradəsini tamamilə Allaha və müəlliminə – mürşidinə (şeyxinə) tabe etdirib, onun bütün göstərişlərini qeyd-şərtsiz yerinə yetirib. M. Asiya və Afrikada islamın yayılmasında mühüm rol oynayıb. Cihad ideyası bu təlimin vacib prinsiplərindən olub. Həmin səbəbdən M. XIX əsrdə Qafqazda ruslara qarşı milli azadlıq hərəkatının ideoloji bazasına çevrilib. “İslamın kafirlərdən xilası” şüarı altında gedən bu hərəkat cihad ideyasından fəal şəkildə yararlanıb. Hərəkatın ən görkəmli liderlərindən biri – Şeyx Şamil teokratik dövlət (imamət, imamlıq) tərəfdarı olub.

Tarix terminləri lüğəti

müstəmləkə

ər. – əsarətə alınmış ölkə

Xarici dövlətin (metropoliyanın) hakimiyyəti altında olan, hər cür siyasi və iqtisadi müstəqillikdən məhrum, xüsusi rejimlə idarə edilən ölkə, ərazi, habelə həmin ərazidə yaşayan xalq.

Həmçinin bax:

Tarix terminləri lüğəti

müsəlman renessansı

Müsəlman dünyasında elm və mədəniyyətin, ilk növbədə, fəlsəfi fikrin, ədəbiyyatın, humanitar və təbiət elmlərinin, tibbin inkişafında yüksək inkişaf və çiçəklənmə dövrü; VIII əsrin ortalarından XIII əsrin ortalarınadək davam edən tarixi dövr.

Bəzi tədqiqatçılar M.R.-nın xronoloji çərçivəsini IX–XII əsrlərlə məhdudlaşdırırlar. Bu termini ilk dəfə isveçrəli şərqşünas Adam Mets (1869–1917) işlədib. M.R. (islam renessansı) nəticəsində Hindistan sərhədlərindən Pireney yarımadasınadək uzanan müsəlman dünyası elm və mədəniyyətin inkişaf səviyyəsinə görə aparıcı mövqelərə çıxaraq Avropanı xeyli qabaqlayıb. M.R. da Qərb Renessansı kimi antik ənənələrə əsaslanıb. Lakin onlar arasında fərqlər də olub. Əgər avropalılar antik dövrə aid mədəniyyətin (ədəbiyyat, teatr, tarix və s.), habelə praktik elmlərin (gəmiqayırma, hərbi sahə və s.) dirçəldilməsinə üstünlük veriblərsə, Şərq alimlərini, ilk növbədə, qədim yunanların fəlsəfə, riyaziyyat, astronomiya və tibb sahəsindəki nailiyyətləri maraqlandırıb. Qərb Renessansının hazırlanmasında xüsusi rol oynamış M.R. monqol istilaları ilə əlaqədar sona çatıb.

Tarix terminləri lüğəti