Reklam
Reklam

Tarix terminləri lüğəti

xətti yazı

ing. linear script ifadəsinin hərfi tərcüməsi

E.ə. XVIII əsrdə Krit adasında yaranmış yazı sistemi.

X.Y. e.ə. III minilliyin sonu – II minilliyin əvvəlində həmin ərazidə geniş yayılmış Krit heroqliflərinin təkmilləşdirilməsi və sadələşdirilməsi nəticəsində meydana gəlib. Əsasən, kargüzarlıqda istifadə olunan X.Y. iki inkişaf mərhələsi keçib. Birinci mərhələ – A yazısı e.ə. XVIII–XV, ikinci mərhələ – B yazısı isə e.ə. XV–XIV əsrləri əhatə edib.

Tarix terminləri lüğəti

xəzərlər

lat. Chazari

Hunların yürüşündən (IV əsr) az sonra Şərqi Avropada tarixi səhnəyə çıxmış türk xalqı.

X.-in endoetnonimi olan “xəzər” sözünün etimologiyası dəqiq müəyyənləşməyib. Bu terminin “köçəri”, “minlik”, “əzmək” anlamı verməsi haqda müxtəlif rəylər var. X.-in mənşəyi də müəmmalı olaraq qalır. Onların uyğurlar, onoqurlar, sabirlər və digər türk xalqlarından törəməsi barədə entimallar irəli sürülür. İlk öncə Qərbi Xəzəryanı çöllərdə, Sulak çayı (Şimali Dağıstan) ilə Volqanın aşağı axarları arasındakı ərazidə məskunlaşmış X. VII əsrədək bir-birini əvəzləyən müxtəlif türk imperiyalarının tərkibində asılı vəziyyətdə olublar. VII əsrin ortalarında Qərbi Türk xaqanlığının süqutundan sonra isə onlar ön plana çıxaraq qüdrətli Xəzər xaqanlığının (650–969) əsasını qoyublar. Xəzər xaqanlığı Volqaboyundan və Qazaxıstanın şimal-qərbindən tutmuş Dnepr çayına kimi (Krım da daxil olmaqla) geniş əraziləri əhatə edib. Şərqi slavyan tayfalarının əksəriyyəti həmin dövrdə X.-dən asılı vəziyyətə düşüb. IX əsrin əvvəlində X. iudaizmi qəbul ediblər. X.-in dili türk dillərinin bulqar qrupuna mənsub olub. Hazırda bu, ölü dildir. Xəzər xaqanlığının süqutundan sonra X. digər türk xalqları ilə qaynayıb-qarışıblar.

Tarix terminləri lüğəti

xəzinə

ər. – qiymətli əşyaların saxlandığı yer

1. Hökmdar saraylarında, məscid və monastırlarda pul, qızıl, daş-qaş və digər maddi dəyərlərin saxlandığı yer.

2. Dövlətin maliyyə resurslarının (pul, sərvət və s. qiymətli vəsaitlərin) məcmusu.

3. Köhnə Şərq hamamlarında isti su saxlanan yer, hovuz.

4. Odlu silahlarda patron qoyulan yer.

Tarix terminləri lüğəti

xəzinədar

ər. xəzinə – qiymətli əşyaların saxlandığı yer + fars. dar – mürəkkəb sözlərin mənsubluq, aidiyyət bildirən sonluğu

Xəzinəyə nəzarət edən məmur; hər hansı müəssisənin, cəmiyyətin, təşkilatın pul və qiymətli vəsaitlərini qoruyan, pul işlərinə baxan şəxs.

Tarix terminləri lüğəti

xırmandalılar

Qədim türk tayfası.

Tarixi mənbələrdə onun «harmandalu», «xarmandalu», «xərbəndəlu» kimi də adı çəkilir. XVI əsr mənbələrində X.-ın qızılbaşların tərkibinə daxil olan böyük bayat tayfasına mənsubiyyəti və Səfəvilər dövlətinin həyatında mühüm rol oynaması haqqında məlumatlar var. X.-ın bir hissəsinin XVII–XVIII əsrlərdə Azərbaycanın hüdudlarından kənara – Anadolu və İraqa köçmələri ehtimal edilir. Fətəli xanın hakimiyyəti dövründə (1758–1789) Ərdəbildən Quba xanlığına köçüb Müşkür və Şabran mahallarında məskunlaşmış 8 türk tayfasının arasında X. da olub. Masallı və Biləsuvar rayonları ərazisindəki Xırmandalı kəndlərinin adının bu tayfa ilə əlaqədar olması güman edilir.

Həmçinin bax:

Tarix terminləri lüğəti

xış əkinçiliyi

Torpağın müxtəlif şum alətləri ilə (xış, cüt, kotan və s.) becərilməsində ev heyvanlarının dartı qüvvəsindən istifadəyə əsaslanan əkinçilik növü.

Erkən Tunc dövründə (e.ə. IV minilliyin sonu – III minilliyin əvvəli) meydana gəlmiş X.Ə. əl əməyinə əsaslanan toxa əkinçiliyini əvəzləməklə məhsuldarlığın kəskin artması ilə nəticələnib. X.Ə. dünyanın əksər bölgələri üçün səciyyəvi olub. Yalnız Amerika, Afrikanın tropik hissəsi və Okeaniyada avropalılarla ünsiyyətə qədər X.Ə. olmayıb.

Tarix terminləri lüğəti

xilafət

ər. xəlifə – müavin, varis

Müsəlmanlarda islamın dəyişməz prinsiplərinə əsaslanan teokratik dövlət-hüquq sistemi, habelə xəlifələrin başçılıq etdikləri müsəlman dövlətlərinin tarixi ədəbiyyatda adı.

VII əsrin əvvəllərində Qərbi Ərəbistanda Məhəmməd peyğəmbərin təşkil etdiyi müsəlman icması (ümmət) X.-in özəyi olub. Sonralar ərəb istilaları nəticəsində X. Pireney yarımadasından tutmuş Hindistan sərhədlərinə qədər uzanan böyük bir imperiyaya çevrilib. Əməvilər (661–750) və Abbasilər (750–1258) zamanı X. özünün ən qüdrətli dövrünü yaşayıb. 1258-ci ildə Hülakülərin hücumu ilə Abbasilər X.-i ayrı-ayrı dövlətlərə parçalanıb. Türklər 1517-ci ildə Misiri tutduqdan sonra Abbasilərin Qahirədəki sonuncu nümayəndəsi xəlifə titulunu Osmanlı sultanına verməyə məcbur olub. 1924-cü ilin martında Türkiyədə X. rəsmən ləğv edilib.

Tarix terminləri lüğəti

Xocalı-Gədəbəy mədəniyyəti

Azərbaycanda Kiçik Qafqazın dağ və dağətəyi ərazilərində, Kür-Araz çayları arasında, Şərqi Gürcüstan və Şimal-Şərqi Ermənistanda Son Tunc dövrü və Erkən Dəmir dövrünə (e.ə. XIII–VII əsrlər) aid arxeoloji mədəniyyət.

Həmin dövrlərdə yaradılmış qədim abidələr ilk dəfə Xocalı yaxınlığında və Gədəbəy rayonunda tədqiq olunduqları üçün bu mədəniyyət belə adlandırılıb. Qazıntılar nəticəsində X.-G.M.-nə aid yaşayış yerləri, emalatxanalar, qəbirlər, ibadətgahlar və s. aşkarlanıb. X.-G.M. yaradıcılarının Cənubi Qafqazın müasir xalqlarının əcdadları olduğu güman edilir.

Tarix terminləri lüğəti