Reklam
Reklam

Tarix terminləri lüğəti

zabit

ər. – əmr edən, zəbt edən, nizamlayan

Silahlı qüvvələrin, eləcə də polisin komanda və rəis heyətində vəzifəli şəxs.

Z.-lər hərbi rütbələrə malik olurlar. Daimi muzdlu orduların və donanmaların meydana gəlməsi ilə (XVI əsr) öncə Fransada, sonra isə digər Avropa ölkələrində hərbi komandirlərdən ibarət Z. korpusu formalaşıb. Feodalizm dövründə bu korpus zadəganlardan və yuxarı zümrənin digər nümayəndələrindən komplektləşdirilib. Kapitalizmin inkişafı ilə onun tərkibi demokratikləşib: burjuaziya və orta təbəqənin nümayəndələri də Z. heyətinə daxil olmaq imkanı əldə ediblər. Azərbaycan silahlı qüvvələrində ən aşağı zabit rütbəsi – kiçik leytenant, ən yüksək zabit rütbəsi isə general-polkovnik (quru və hərbi-hava qüvvələrində) və admiral (hərbi-dəniz qüvvələrində) hesab olunur.

Tarix terminləri lüğəti

zadəganlar

fars. – əsilzadə

İrsi imtiyazlara malik dünyəvi torpaq sahibləri təbəqəsi.

Z. ruhanilərin yuxarı təbəqəsi ilə birlikdə feodal dövlətində hakim zümrəni təşkil ediblər. Belə cəmiyyətdə siyasi hakimiyyət bilavasitə Z.-a məxsus olub. Zadəganlığın siyasi və iqtisadi qüdrətinin əsasını torpaq üzərində feodal mülkiyyəti təşkil edib. Bu təbəqə əhalinin digər qisimlərindən cəmiyyətdə yüksək mövqeyi, geniş imtiyazları, məişəti və xüsusi əxlaq kodeksi ilə seçilib. Z.-ın imtiyazlarının ləğvi və onların siyasi hökmranlığına son qoyulması burjua inqilablarının başlıca vəzifələrindən biri olub. Lakin əksər hallarda Z. imtiyazlarının bir hissəsini kapitalizm dövründə də saxlamağa nail olublar.

Tarix terminləri lüğəti

zahirilik

ər. zahir – xarici görünüş, bayır tərəf

İslamda Quransünnənin tələblərinə onların “zahiri”, “hərfi” mənasında riayət etməyi vacib sayan, bu qaydaların hər hansı gizli məna daşıdığını inkar edən təlim.

Z. tərəfdarları müqəddəs mətnlərin alleqorik və rasional şərhinin mümkünlüyü əleyhinədirlər. Təlimin yaradıcısı əl-Zahiri ləqəbli IX əsr Bağdad ilahiyyatçısı Davud ibn Əliəl-İsfahani hesab olunur. Z. məzhəbi X–XIII əsrlərdə müsəlman dünyasında (Xorasandan Əndəlüsədək) geniş yayılıb, lakin XV əsrdən sonra tədricən aradan qalxıb.

Tarix terminləri lüğəti

zəfər tağı

Qaliblərin şərəfinə və məşhur hadisələrlə əlaqədar inşa olunan memarlıq abidəsi.

Bu abidələr, bir qayda olaraq, tağ formasında tikildiyindən belə adlanır və əksər hallarda şəhərlərin girişində, mərkəzi küçələrdə, körpülərin və böyük yolların üzərində inşa edilir. Z.T. heykəl, relyef və xatirə yazıları ilə bəzədilir. Onun daimi və müvəqqəti (çox vaxt ağacdan qurulmuş) formaları olur. İlk Z.T.-ları Qədim Romada tikilib. Yeni dövrdə inşa edilmiş ən məşhur Z.T. isə Parisdə Şarl de Qoll meydanında yerləşir.

Tarix terminləri lüğəti

zemqallar

latış. zemgali, lat. semigalli

Qədim latış tayfası.

İndiki Latviya ərazisinin mərkəzi hissəsində məskunlaşıblar və dil cəhətdən qədim latqallara yaxın olublar. Z. əsasən əkinçiliklə məşğul olublar. 1290-cı ildə Livoniya ordeninin hakimiyyəti altına düşüblər. Sonradan digər latış tayfaları ilə qaynayıb-qarışan Z. latış xalqının tərkibinə daxil olublar.

Tarix terminləri lüğəti

zemstvo

slav. земъ – torpaq, döşəmə

1864-cü il zemstvo islahatı nəticəsində Rusiyanın Avropa hissəsinin bəzi quberniyalarında yaradılan seçkili yerli özünüidarə orqanları.

Yüksək əmlak senzi Z.-lara yalnız yuxarı zümrə nümayəndələrinin (zadəganların, burjuaziyanın, tacirlərin, ruhanilərin və b.) seçilməsinə imkan verib. Çar hökuməti Z.-da liberal ünsürlərin nüfuz qazanacağından ehtiyatlanaraq onun səlahiyyətlərini yalnız təsərrüfat məsələləri ilə məhdudlaşdırıb. Dövlətdən heç bir maliyyə yardımı almayan Z. yalnız ərazisindəki daşınmaz əmlaka qoyulan vergilər hesabına fəaliyyət göstərməli olub. Bununla belə, hökumət sonralar Z.-ların onsuz da məhdud səlahiyyətlərini və gəlir mənbələrini daha dar çərçivəyə almağa çalışıb. Eyni zamanda 1890-cı ildə Z.-ların fəaliyyətinə nəzarət məqsədilə qubernatorların başçılıq etdiyi xüsusi qurum təsis olunub. Bu çətinliklərə baxmayaraq, Z.-lar yerlərdə təhsil və səhiyyənin inkişafında müəyyən uğurlar qazana biliblər. Rusiya imperiyasının müstəmləkələrində, o cümlədən Azərbaycanda Z.-lar yaradılmayıb.

Tarix terminləri lüğəti

zemstvo islahatı

II Aleksandr (1855–1881) tərəfindən Rusiyada XIX əsrin 60–70-ci illərində həyata keçirilmiş liberal islahatlardan biri.

Z.İ.-nın əsasında 1864-cü il yanvarın 1-də bəyan edilmiş “Quberniya və qəza zemstvo idarələri haqqında əsasnamə” durub. Bu islahat nəticəsində XIX əsrin 70-ci illərinin sonunda Rusiya imperiyasının 34 mərkəzi quberniyasında seçkili yerli özünüidarə orqanları – zemstvolar təsis olunub. Rusiya müstəmləkələrində, o cümlədən Azərbaycanda Z.İ. keçirilməyib.

Tarix terminləri lüğəti

zemşina

slav. земъ – torpaq, döşəmə

1565–1572-ci illərdə IV İvan Qroznı (1547–1584) tərəfindən yaradılmış xüsusi hökmdar udeli – opriçninadan kənarda qalan ərazilərin ümumi adı.

Rus dövlətinin əksər ərazisi Z.-ya daxil edilib. Eyni qəza daxilində həm opriçnina, həm də Z. torpaqları olub. Novqorod şəhəri iki yerə – opriçnina və Z. hissələrinə bölünüb. Moskva isə bütünlükdə Z.-ya aid edilsə də, orada bəzi opriçnina küçələri mövcud olub. 1572-ci ildə Z. və opriçnina torpaqları yenidən birləşdirilib.

Tarix terminləri lüğəti

Zəbur

Əhdi-ətiqə daxil olan kitablardan biri.

150 dini nəğmədən ibarət olan Z.-da həmçinin müqəddəs yazıların şərhi verilib.

Tarix terminləri lüğəti

zəkat

ər. – təmizlik

İslamda ehtiyacı olan müsəlmanların xeyrinə toplanan vergi.

Z.-ın hicrətdən dərhal sonra tətbiq olunduğu ehtimal edilir. Onun kökləri isə islamaqədərki tayfa adətləri ilə bağlıdır. Quranla rəsmiləşdirilmiş Z.-ı yalnız iş qabiliyyətinə malik kişilər sahib olduqları əkin sahələri, üzümlük və xurma ağacları, mal-qara, qızıl və gümüş, eləcə də əmtəədən ödəyiblər. Əkinçilik məhsullarından Z. yığım başa çatdıqdan sonra məhsulun 1/10-i,  digər mallardan isə təqvim ilinin sonunda onların 1/40-i həcmində  toplanıb. Yığılan vəsait qazının sərəncamına keçib və il ərzində yalnız toplandığı ərazidəki imkansızlara, şikəstlərə, yoxsullara, borcunu qaytara bilməyənlərə, Z. yığanlara, həmçinin evə qayıtmaq üçün vəsaiti olmayan gəlmələrə və qazilərə xərclənib. Əkinçilik məhsullarından alınan Z. əksər hallarda “üşr” adlandırılıb. İslam dininə görə, Z. verməklə müsəlmanlar ruhən “təmizlənir” və sahib olduqları var-dövlətdən halal şəkildə istifadə etmək hüququ qazanırlar.

Tarix terminləri lüğəti

zəmindar

fars. zəmin – torpaq + dar – nəyəsə sahib olan

Orta əsrlərdə bəzi Şərq ölkələrində, ilk növbədə, Hindistan ərazisindəki dövlətlərdə feodal irsi torpaq sahibi.

Dehli sultanlığında və Böyük Moğol imperiyasında Z.-lar, adətən, vassal knyazlıqların hakimləri və asılı tayfaların başçıları olublar. XVII–XVIII əsrlərdə Benqaliya, Bihar və Mərkəzi Hindistanda irsi vergi iltizamçılarına, Hindistanın şimal-şərqində isə tamhüquqlu icma üzvü olan kəndlilərə də Z. deyiblər. Hindistanın İngiltərə tərəfindən işğalından sonra bu termin torpaq mülkiyyəti hüququna malik feodalların müxtəlif qruplarına aid edilib.

Tarix terminləri lüğəti