Reklam
Reklam

Tarix terminləri lüğəti

ağa

türk. – cənab

1. Bir çox Şərq ölkələrində, o cümlədən Azərbaycanda yuxarı zümrənin (mülkədar, bəy, zadəgan və s.) nümayəndələrinə müraciət forması.

2. Osmanlı dövləti ordusunda sərkərdələrin, qoşun başçılarının titulu.

Yeniçərilərin komandirinə də A. deyilib. Yeniçərilər korpusunun ləğvindən (1826) sonra isə türk ordusunda bu ad kiçik və orta zabitlərə verilib.

3. Keçmişdə seyidlərə və ruhanilərə verilən ləqəb.

Tarix terminləri lüğəti

axeylər

E.ə. II minilliyin əvvəlində Qədim Elladanın Fessaliya bölgəsində məskunlaşmış, e.ə. XII əsrdə isə Peloponnes yarımadasının şimalındakı Axayya vilayətinə doğru sıxışdırılmış qədim yunan tayfası.

A.-in adı bu vilayətin adından götürülüb. Onlar e.ə. 1450-ci ildə Krit adasını tutaraq buranın mədəniyyətini mənimsəmiş, e.ə. VIII əsrdə isə Cənubi İtaliyanın bir sıra böyük şəhərlərində (Sibaris, Kroton və s.) məskunlaşıblar. Homer “İliada” əsərində həmin dövrün bütün yunanlarını A. adlandırır.

Həmçinin bax:

Tarix terminləri lüğəti

Axeylər ittifaqı

Peloponnes yarımadasının şimal hissəsində (Axayya vilayəti) qədim yunan şəhər-dövlətlərinin hərbi-siyasi birliyi.

Birliyə vilayətin adı verilib. A.İ. e.ə. V–IV əsrlərdə dorilərin və digər tayfaların hücumlarından qorunmaq üçün yaradılıb, e.ə. 338-ci ildə Yunanıstanda Makedoniyanın hegemonluğunun bərqərar olmasından sonra süqut edib, e.ə. təqribən 280-ci ildə isə Makedoniyaya qarşı mübarizə ittifaqı kimi yenidən bərpa olunub. Roma–Makedoniya müharibəsində (e.ə. 200–197) A.İ. Romanın müttəfiqi olub. E.ə. 146-cı ildə Roma Yunanıstanı zəbt etdikdən sonra süquta uğrayıb.

Həmçinin bax:

Tarix terminləri lüğəti

Ağqoyunlular

Bayraqlarında ağ qoyun təsvir olunduğuna görə belə adlandırılmış türk tayfaları birliyi.

A. birliyinə bayandur, mosullu, qacar, pornək və b. tayfalar daxil olub. XV əsrin II yarısında Yaxın və Orta Şərqdə mühüm rol oynamış A. dövləti həmin tayfalar birliyi tərəfindən yaradılıb. Dövlətə rəhbərlik edən A. sülaləsinin nümayəndələri bayandurlar tayfasından olub.

Tarix terminləri lüğəti

ağsaqqal

İbtidai icma cəmiyyətində qəbilə icmasının başçısı.

A.-lar adət-ənənələri yaxşı bilən və zəngin həyat təcrübəsinə malik olan nüfuzlu qəbilə üzvlərindən seçiliblər. Onlar qəbilədə adət-ənənələrə əməl olunmasına, təsərrüfat işlərinə, qidanın toplanması və bölünməsinə nəzarət ediblər. İcmadaxili mübahisələrin həlli də A.-ların səlahiyyətinə daxil olub.

Həmçinin bax:

Tarix terminləri lüğəti

akademiya

yun. akademia – mifik qəhrəman Akademin adından

1. E.ə. 388-ci ildə qədim yunan filosofu Platon tərəfindən əsası qoyulmuş fəlsəfi məktəb.

Bu məktəb Afinanın yaxınlığında, qədim yunan əsatirinin qəhrəmanı Akademin şərəfinə salınmış zeytun bağında təsis olunduğu üçün belə adlandırılıb. Platonun A.-sı qısa müddətdə məşhurlaşıb. Aristotel, Epikür və digər tanınmış filosoflar onun şagirdləri olub. Doqquz əsrdən artıq fəaliyyət göstərən A. 529-cu ildə bütpərəstliyə qarşı mübarizə aparan Bizans imperatoru Yustinianın göstərişi ilə qapadılıb.

2. Humanitar elm və incəsənətin ayrı-ayrı sahələrinin inkişafına xidmət edən qurum, cəmiyyət, mərkəz.

Belə mərkəzlər nüfuzlu peşəkarlar, elmin və incəsənətin himayədarları tərəfindən yaradılır, peşə standartlarını müəyyənləşdirir, gənc kadrların rəsmi təhsil müəssisələrindən kənar hazırlığı ilə məşğul olur; məsələn, Rəssamlıq A.-sı, Kino A.-sı, Televiziya A.-sı və s. İlk belə A.-lar XVI əsrdə İtaliyada yaradılıb: Təsviri İncəsənət A.-sı (1563), Müqəddəs Luka Rəssamlıq A.-sı (1577), Müqəddəs Sesiliya Musiqi A.-sı.

3. Fundamental elmi tədqiqatların aparıldığı elmi-tədqiqat mərkəzləri.

Bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda dövlət tərəfindən milli A.-lar yaradılıb. Almaniya Milli A.-sı (1652), Rusiya Elmlər A.-sı (1724) bu tip elmi mərkəzlərə nümunə ola bilər.

4. Ali təhsil məktəbləri; məs.: hərbi A.-lar, kənd təsərrüfatı A.-ları və s.

Tarix terminləri lüğəti

akkadlar

akk. şalmat qaqqadım – qarabaşlar

E.ə. III minillikdə Mesopotamiyada məskunlaşmış sami tayfalarının adı.

Mesopotamiya tarixində ilk mərkəzləşdirilmiş dövləti – Akkad padşahlığını (e.ə. 2300–2200-ci illər) onlar qurublar. A. etnonimi elə Akkad padşahlığının adından yaranıb. Bu tayfalar ən qədim sami dillərindən biri olan Akkad dilində danışıblar. A. özləri həmin dili “lišānum akkadītum” adlandırıblar. Bu dildə qədim Mesopotamiyanın üç xalqı – A. özləri, babillər və assurlar danışıblar. Akkad dilinin qrafikası Şumer ideoqrafik mixi yazılarına əsaslanıb.

Tarix terminləri lüğəti