Reklam
Reklam

Tarix terminləri lüğəti

feodal monarxiyası

Əsasən, iki sinifdən – feodal və kəndli – ibarət, başlıca olaraq kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan cəmiyyətdə tipik idarəçilik forması, monarxiyanın bir növü.

F.M. müxtəlif inkişaf mərhələləri keçib: erkən F.M.; feodal pərakəndəliyi dövrü monarxiyası; silki nümayəndəli monarxiya (bu zaman monarxın hakimiyyəti nümayəndəli orqanlarla məhdudlaşır) və mütləq monarxiya.

Həmçinin bax:

Tarix terminləri lüğəti

feodal nərdivanı

Orta əsrlərdə Qərbi Avropada feodal sinfi daxilində tabelilik münasibətləri sistemi.

Bu sistem nərdivanı xatırlatdığı üçün belə adlanır. Onun ən yüksək pilləsində süzeren, bir qayda olaraq, kral durur. Kraldan sonra hersoqqraflar, üçüncü yerdə baronlar gəlirlər. F.N.-nın ən aşağı pilləsində isə cəngavərlər yerləşirlər.

Həmçinin bax:

Tarix terminləri lüğəti

feodal pərakəndəliyi

Feodal dövlətlərinin tarixində mərkəzi hakimiyyətin zəifləməsi, siyasi dağınıqlıq dövrü.

F.P. iri feodalların güclənməsi və onların kral hakimiyyətindən asılılığının minimuma enməsi, bir çox hallarda isə aradan qalxması ilə şərtlənib. Bu səbəbdən həmin dövrdə ölkə ərazisi faktik olaraq müstəqil ərazı vahidlərinə – feodallıqlara bölünüb, proses isə feodal monarxiyasının kəskin şəkildə zəifləməsi və kral hakimiyyətinin nominal xarakter alması ilə müşayiət edilib. Ayrı-ayrı ölkələr F.P.-ni müxtəlif vaxtlarda və fərqli formalarda keçiriblər.

Həmçinin bax:

Tarix terminləri lüğəti

feodalizm

lat. feodum < qədim. germ. fihu, fehu – torpaq sahəsi, əmlak, mal-qara, pul + öd – sahib olma

Müasir tarix elminə görə, orta əsrlərdə Qərbi və Mərkəzi Avropada mövcud olmuş sosial sistem, ictimai quruluş.

F. Avropada V əsrdə formalaşmağa başlayıb. Bu terminin özü isə ilk dəfə XVIII əsrin sonlarında köhnə qayda-qanun (mütləq monarxiya, zadəganların hökmranlığı) anlamında işlənib. İqtisadiyyatda kənd təsərrüfatının üstünlük təşkil etməsi, natural təsərrüfatın hökmranlığı, iki əsas sosial qrup – feodallar və kəndlilərin varlığı F.-in ən səciyyəvi xüsusiyyətləridir. F. dövründə feod institutu geniş yayılır, hakim (feodal) sosial qrup daxilində vassal münasibətləri hökm sürür, kəndlilər feodaldan şəxsi asılılıqda olurlar. Müasir Qərb tarixşünaslığına görə, F. sırf Avropa fenomeni olub, hərçənd onun bir çox təzahürlərinə dünyanın digər bölgələrində də rast gəlinib. Doğrudur, marksizm F.-i torpaq üzərində feodal mülkiyyətinə, habelə hakim sinifdən (feodallardan) şəxsən və torpaq cəhətdən asılı olan kəndlilərin istismarına əsaslanan, bütün dünyada yayılmış xüsusi ictimai-iqtisadi formasiya kimi qələmə verir. Marksizmə görə, bəşər tarixinin inkişafında universal mərhələ olan F. quldarlıqdan sonra, kapitalizmdən isə əvvəl gəlib. Lakin son tədqiqatlar göstərir ki, Şərq ölkələrində klassik anlamda F. deyil, Asiya istehsal üsulu mövcud olub. Bu səbəbdən F.-in universal sosial sistem olması fikri tədqiqatçıların əksəriyyəti tərəfindən qəbul edilmir. XVI–XVIII əsrlərdə Avropada baş vermiş inqilablar F.-in, demək olar, tamamilə aradan qalxması və kapitalizmlə əvəzlənməsi ilə nəticələnib.

Tarix terminləri lüğəti

fermer

ing. farmer < fr. fermier < fr. ferme – ferma

Kapitalizm cəmiyyətində sahibi olduğu və ya icarəyə götürdüyü torpaqda kənd təsərrüfatı, habelə meşə təsərrüfatı ilə məşğul olan kəndli-sahibkar.

F. təsərrüfatlarında, bir qayda olaraq, muzdlu işçi qüvvəsi tətbiq edilir. Bu tip təsərrüfatlar ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada daha geniş yayılıb; məs.: ABŞ-da kənd təsərrüfatı məhsullarının 2/3 hissəsi F. təsərrüfatlarında istehsal olunur.

Tarix terminləri lüğəti

fərraşpulu

XVIII əsrdə xanlıqlar dönəmində mövcud olan və fərraşın xeyrinə toplanan vergi.

Bu vergi növü, əsasən, Qarabağ xanlığında tətbiq olunub.

Tarix terminləri lüğəti