Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

çayların tipoloji təsnifatı

yun. typos – forma, nümunə + logos – elm, təlim

Çayların eyni əlamətlər və oxşar xüsusiyyətlər üzrə qruplarda birləşdirilməsi.

Ç.T.T. olduqca geniş məfhumdur: belə ki, çaylar bir çox əlamətlərinə görə – hövzələrinin ölçüsünə, topoqrafik xüsusiyyətlərinə, rejiminə, sululuğuna, qidalanmasına, mənsəbinə, mənbəyinə və s. və i.a. – qruplara ayrılır. Hövzələrinin ölçüsünə görə böyük çaylar (sutoplama sahəsi 50.000 km2-dən çox), orta çaylar (sutoplama sahəsi 2000-50.000 km2), kiçik çaylar (sutoplama sahəsi 2000 km2-dək) fərqləndirilir. Topoqrafik xüsusiyyətlərinə görə dağ və düzənlik çayları, həmçinin yeraltı çaylar, sululuğuna görə azsulu, ortasulu və bolsulu çaylar olur. Qida mənbələrindən asılı olaraq çaylar yağışla, qarla, buzlaqla, yeraltı sularla, göllə, qarışıq sularla qidalanan çaylar kimi qruplarda birləşdirilir. Çay rejimi növləri isə bunlardır: ekvatorial, subekvatorial, subtropik, mülayim, subarktik, arktik. Mənsəbinə görə sadə şəkilli, deltaestuari formalı, mənbəyinə görə dağ buzlağı, göl, bataqlıq, bulaq və s. mənbəli çaylar olur. Çaylar başqa göstəricilər əsasında da tiplərə ayrılır, məsələn, şəbəkəsinin sıxlığına görə. Bu bölgü sistemlərindən bəziləri şərtidir və ayrı-ayrı ölkələrdə, ölkələr birliklərində fərqlidir. Ona görə də müxtəlif elmi mənbələrdə, ensiklopediya və lüğətlərdə müxtəlif təsnifat formalarına rast gəlmək mümkündür.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

çəmən

Çoxillik yaşıl otlarla örtülmüş sahə.

Ç.-lər Şimal yarımkürəsinin mülayim iqlim qurşağında xüsusilə böyük əraziləri tutur. Çaybasar Ç.-likləri, materik Ç.-likləri və dağ Ç.-likləri fərqləndirilir. Ç.-lərdən maldarlıqda otlaqlar kimi geniş istifadə olunur.

Coğrafiya terminləri lüğəti

çimərlik

fr. plage – dəniz sahili

Su hövzəsinin sahilində azmeyilli, yastı zolaq.

Ç., adətən, qumluq və çınqıllıq olur, dalğa və külək eroziyası nəticəsində formalaşır. Okean, dəniz, göl, çay sahilində Ç.-lərdən insanların istirahətinin və müalicəsinin təşkili üçün geniş istifadə olunur.

Coğrafiya terminləri lüğəti

çirklənmə

Təbii və ya antropogen mühit üçün xarakterik olmayan, onlara zərər yetirən fiziki, kimyəvi, bioloji maddələrin həmin mühitə daxil olması.

Ç. müxtəlif formalarda baş verir: su mühitinə hər cür istehsalat və kommunal-məişət tullantılarının, neft məhsullarının, atmosferə isə kimyəvi birləşmələrin və qarışıqların atılması; landşaftın zibillənməsi; əkin sahələrində torpağın həddən artıq gübrələnməsi və s. Ç.-nin antropogen, təbii, mexaniki, fiziki, bioloji, kimyəvi, səs, radioaktiv, elektromaqnit Ç.-si kimi növləri var və onların hamısı insanların sağlamlığına, biosenozun normal həyat və fəaliyyətinə təhlükə yaradır.

Coğrafiya terminləri lüğəti

çökəkliklər

1. Tektonikada: Yer qabığının enmiş, yaxud əyilmiş hissələri.

Tektonik Ç. dağəmələgəlmə, vulkanik proseslər, litosfer tavalarının hərəkəti nəticəsində yaranır (məs.: okean çökəklikləri).

2. Geomorfologiyada: Yer səthində müxtəlif mənşəli mənfi relyef formaları, ətraf əraziyə nisbətən alçaq sahələr.

Ç. quru, yaxud su ilə dolu olur. Onlar həm təbii (eroziya, suffoziya və s.) səbəblərdən, həm də antropogen təsir nəticəsində (açıq mədənlər, digər qazıntı işləri, süni göllər) nəticəsində yarana bilər.

Coğrafiya terminləri lüğəti

çöl

Mülayimsubtropik iqlim qurşaqlarında, əsasən, ot bitkilərindən ibarət meşəsiz ərazi.

Ç.-lərə Antarktidadan başqa bütün qitələrdə rast gəlinir. Şimali Amerikada onlar preri, Cənubi Amerikada pampa, lyanos, Avrasiyanın bir sıra regionlarında (Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan) step, digər bölgələrində (Azərbaycan, Türkiyə) bozqır adlanır. Afrika və Avstraliyada savannalar da Ç. landşaft tipinin formalarıdır. Ç.-lər ən müxtəlif torpaqlarda – qara, şabalıdı, boz, qonur torpaqlar olan ərazilərdə yayılıb. Hazırda Ç.-lərin böyük hissəsi güclü antropogen təsirə məruz qalıb və Yer kürəsinin mühüm taxılçılıq rayonlarına çevrilib.

Coğrafiya terminləri lüğəti