Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

şəhər iqlimi

İri yaşayış sahələrində təbii mühitin, sənaye, nəqliyyat və tikintinin inkişafı, əhalinin fəaliyyətinin təsiri altında dəyişərək formalaşan iqlim.

Temperaturun ətraf əraziyə nisbətən yüksək olması (iri şəhərlərdə, adətən, 3-5°), buxarlanma ilə nisbi rütubətin azlığı, günəş işıqlanması vaxtının qısalması, xüsusən ilin soyuq aylarında dumanın artması, havanın sənaye tozları və müxtəlif qazlarla yüksək dərəcədə çirklənməsi Ş.İ.-ni səciyyələndirən xüsusiyyətlərdəndir. Ayrı-ayrı rayonlarda ekoloji vəziyyətdən, relyefdən asılı olaraq şəhər daxilində fərqli iqlim tipləri (mikroiqlimlər) yarana bilər. Ş.İ. spesifik (sinantrop) faunafloranın əmələ gəlməsinə səbəb olur.

Coğrafiya terminləri lüğəti

şəfəq

Günəş çıxmazdan əvvəl göyün şərq, batdıqdan sonra isə qərb hissəsinin qırmızı-sarımtıl rəngdə işıqlanması.

Ş.-in rənginin tündlüyü atmosferdə olan aerozol hissəciklərinin və su buxarının miqdarından asılıdır. Tozlu, su buxarı ilə doymuş havada Ş. qırmızı, təmiz, quru havada isə sarı, sarı-qırmızımtıl rəngdə olur. Ş.-in davamlılığı coğrafi enlikdən asılıdır: ekvatordan qütblərə doğru getdikcə Ş. səmada daha uzun müddət görünür, çünki ekvatorda Yerin fırlanma sürəti yüksəkdir, qütblərə doğru isə 0-a qədər azalır.

Coğrafiya terminləri lüğəti

şəlakət

Havanın sakit, küləksiz vəziyyəti.

Ş. zamanı küləyin sürəti Bofort şkalasına görə 0-0,2 m/san olur. Adətən, sabit antisiklonların daxili hissəsində müşahidə edilir. Ş. havada zərərli atmosfer aerozollarının (tüstü, qaz) toplanmasına şərait yaradır.

Coğrafiya terminləri lüğəti

şəlalə

Suyun çay dərəsini köndələn kəsən bərk süxurlardan ibarət hündür çıxıntı üzərindən aşağı tökülməsi.

Ş.-ləri iki tipə ayırırlar:

1. Niaqara tipi.

2. Yosemit tipi.

Niaqara tipli Ş.-lərin eni suyun düşmə hündürlüyündən xeyli artıq olur; məsələn, Niaqara Ş.-sinin (ABŞ) eni 1237, hündürlüyü 51 m-dir; İquasu Ş.-sinin (Argentina) eni 4000, hündürlüyü 72 m-dir və s. Yosemit tipli Ş.-lərdə su ensiz zolaqla (bir neçə metr) böyük yüksəklikdən aşağı tökülür; məsələn, ABŞ-da Yosemit Ş.-si (hündürlüyü 792 m), Venesuelada Anhel Ş.-si (hündürlüyü 1054 m) və s. Yer kürəsində ən hündür Ş. məhz Anheldir.

Coğrafiya terminləri lüğəti

şərq

Üfüqün dörd əsas cəhətindən biri.

Qərbə əks cəhətdir, ixtisar edildikdə Ş, kompas və beynəlxalq xəritələrdə E kimi işarələnir. 90° azimuta uyğun gəlir.

Coğrafiya terminləri lüğəti

şərti işarələr

Coğrafi xəritələrdə, başqa kartoqrafik təsvir vasitələrində müxtəlif obyektləri, onların keyfiyyət və kəmiyyət xüsusiyyətlərini xəritənin məqsəd və miqyasına uyğun olaraq göstərmək üçün istifadə edilən işarələr.

Ş.İ. dörd növ – sahəvi (konturlu), miqyassız, xətti və izahedici olur. Bundan əlavə, xəritələrdə obyektlərin adını göstərən yazılar da Ş.İ. rolunu oynayır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

şərti yanacaq vahidi

Müxtəlif yanacaq növlərinin istilikvermə qabiliyyətini, dəyərini müqayisə etmək, habelə hər hansı iqtisadiyyat sahəsində, ölkədə, dünyada ümumi yanacaq, yaxud energetika balansını hesablamaq üçün istifadə olunan şərti ölçü vahidi.

Ş.Y.V. kimi yanarkən 7000 kkal istilik verən 1 kq daş kömür götürülüb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

şxer

isv. skar – dənizdə qaya

Şimal dəniz və göllərində sahilə yaxın yerləşən kiçik qayalıq ada.

Ş.-lər Finlandiya, İsveç, Norveç, Danimarka və Kanadada, Rusiyanın şimalında sahilboyu geniş yayılıb, bir-birindən dar boğazlarla ayrılır, adətən, kristallik süxurlardan ibarət olur. Onların səthində keçmiş dövrlərdən qalmış buzlaq izlərinə rast gəlinir. Dəniz və ya gölün sahilində çoxlu sayda Ş.-in olması xüsusi relyef forması yaradır: buna Ş. tipli sahil deyilir.

Coğrafiya terminləri lüğəti