Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

edasfer

yun. edaphos – torpaq + yun. spharia – kürə

1. Yer səthinin torpaq örtüyü.

E. – biosferin tərkib hissəsidir.

2. Hər hansı orqanizmi əhatə edən, onun təsiri ilə formalaşan mühit, sahə.

Məsələn, düzənlikdə bitən böyük ağacın ətrafında xüsusi E. yaranır. Onun altında qarışqa ailəsi yuva qurarsa, bu yuvanın da öz mikroedasferi formalaşır.

Coğrafiya terminləri lüğəti

efemer göl

Arid ərazilərdə ilin isti dövründə quruyan dayaz göl.

Coğrafiya terminləri lüğəti

efemerlər

Səhralara, yarımsəhralara və quru çöllərə xas olan müxtəlif fəsilələrdən birillik bitkilər.

E.-in həyat dövrü çox qısadır. Onlar kiçik boyu, kiçik yarpaqları, zəif inkişaf etmiş kök sistemi ilə fərqlənir. Lakin yağıntılar bol olan illərdə bəzi E.-in hündürlüyü 25-50 sm-ə çatır. E. erkən yazda Orta Asiya səhralarının gilli torpaqlarında çox tez böyüyür, 5-6 həftə ərzində çiçəkləyib toxum əmələ gətirir və ilin isti dövründə məhv olur.

Coğrafiya terminləri lüğəti

effektiv şüalanma

lat. effectus – təsir

Yer səthinin şüalanması ilə atmosferdən Yer səthinə yönəlmiş şüalanma arasındakı fərq.

E.Ş. – pirgeometr adlanan cihazla ölçülür və Yer səthinin istilik balansının mühüm elementlərindən birini təşkil edir.

Coğrafiya terminləri lüğəti

effuziya

1. Vulkan lavasının yerin səthinə çıxaraq yayılması.

E.-nın 3 növü mövcuddur: lateral, subterminalterminal. Səthə yayılan lava effuziv süxurlar və örtük əmələ gətirir.

2. Qazların kiçik məsamələrdən və ensiz çatlardan sızması.

Coğrafiya terminləri lüğəti

Efiopiya zoocoğrafi vilayəti

yun. zoon – heyvan + yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm

Afrikanın Böyük Səhradan cənubda olan hissəsini, Ərəbistan yarımadasının cənubunu, Madaqaskar, Sokotra adalarını və bəzi başqa əraziləri əhatə edən zoocoğrafi ərazi.

E.Z.V. çoxlu məməlilərin, o cümlədən endemik növlərin – babuinlərin, lemurların, zürafələrin, okapilərin, zebrlərin, hippopotamların və s.-nin burada cəmləşməsi ilə səciyyələnir. Bəzi insanabənzər meymunlar – qorilla və şimpanzelər ancaq E.Z.V. üçün xarakterikdir. Bu zoocoğrafi vilayətin savannalarında antilopların, quşların, yırtıcı heyvanların növ müxtəlifliyi olduqca genişdir.

Coğrafiya terminləri lüğəti

ekliptika

yun. ekleiptike – tutulma

Günəşin il ərzində gözlə görünən hərəkətinin göy qübbəsində cızdığı xəyali xətt, böyük dairə.

E. müstəvisinin göy ekvatorunun müstəvisinə nisbətən meyilliliyi 23,5° təşkil edir. Bu müstəvilər iki nöqtədə kəsişir və həmin vaxtlarda Yerdə gündönümü hadisəsi baş verir. Başqa sözlə, E. müstəvisi – Yerin Günəş ətrafında fırlandığı müstəvidir.

Coğrafiya terminləri lüğəti

ekofil norma

yun. oikos – məkan, ev + yun. philos – dost + lat. norma – qayda

Təbiətin mühafizəsinə, təbii mühitin qorunub saxlanmasına xidmət edən qaydaların toplusu.

Mahiyyət etibarilə E.N.-lar insanların təbiətdən səmərəli istifadə qaydalarıdır.

Coğrafiya terminləri lüğəti