Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

maqnetit

yun. magnetis – maqnit

Kubik sinqoniyada kristallaşaraq oktaedr, nadir hallarda rombododekaedr formalı kristallar, dənəli, radial-şüavi, böyrəkvarı və s. aqreqatlar əmələ gətirən mineral.

Rəngi qara, parıltısı yarımmetallik, bəzən donuqdur. Yüksək maqnitlidir. Maqmatik, pnevmatolit, hidrotermal və s. mənşəli olur. Manqanlı, xromlu, titanlı, vanadiumlu növləri məlumdur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

maqnezit

lat. magnesia – maqnezium-oksid

Karbonatlar sinfinə aid triqonal sinqoniyamineral.

Romboedr formalı kristallar, dənəli, lövhəvi və s. aqreqatlar əmələ gətirir. Rəngi ağ, boz, sarı, qəhvəyi olur. Hidrotermalekzogen mənşəlidir.

Coğrafiya terminləri lüğəti

manqanit

Monoklinik sinqoniyada kristallaşaraq nazik kristallar, oolit, axım formalı, dənəli aqreqatlar, druzlar əmələ gətirən mineral.

Rəngi qara və ya qonur olur. Polimetal parıltılıdır. Aşınma, çökmə, hidrotermal mənşəli olur.

Coğrafiya terminləri lüğəti

markazit

fars mənşəli söz

Mineral; təbii dəmir-sulfidin polimorf növü.

Rombik sinqoniyada kristallaşır. Mürəkkəb ikiləşmələr, mizrağaoxşar kristallar, daraqvarı bitişiklər, dəyirmi konkresiyalar və s. əmələ gətirir. Rəngi bürüncü-sarı olur. Metal parıltılıdır. Hidrotermal yataqlarda rast gəlir.

Coğrafiya terminləri lüğəti

meqasinklinorium

Antiklinoriumsinklinoriumlardan təşkil olunmuş (mərkəzi hissəsində sinklinal struktur yerləşməklə qruplaşmış olur) mürəkkəb dağ qırışıqlıq qurğusu.

M. tektonik siklin axırında geosinklinalın tam inversiyası nəticəsində aralıq massivlərin və ya siklin əvvəlindəki geoantiklinalların yerində əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

mendeleyevit

D.İ.Mendeleyevin şərəfinə adlandırılmışdır

Mürəkkəb tərkibli mineral; əsasən Ca, U və nadir-torpaq elementlərinin niobium-titanatı.

Piroxlor qrupunun kubik sırasına daxildir. Qonur və qara rəngli qeyri-düzgün dənələr və kütlələr, həmçinin romboedr və oktaedr formalı kristallar əmələ gətirir. Çox nadirdir.

Coğrafiya terminləri lüğəti

mergel

Kalsit, yaxud dolomitgilli materiallardan ibarət çökmə süxur.

Gilli, əhəngdaşılı və dolomitli, tərkibindəki qatışıqlardan asılı olaraq qlaukonitli, bitumlu, kömürlü və s. olur. Adətən, açıq rənglidir.

Coğrafiya terminləri lüğəti

məhəkdaşı

Zəif metamorfizmləşmiş, narındənəli, karbonlu, qara bülöv daşına oxşar silisiumlu şist.

M. vasitəsilə nəcib metalların əyarı müəyyən edilir.

Coğrafiya terminləri lüğəti

miargirit

yun. meion – daha az, daha kiçik + yun. argyros – gümüş

Monoklinik sinqoniyada kristallaşaraq lövhəvarı kristallar, dənəli aqreqatlar əmələ gətirən mineral.

Rəngi dəmiri-qaradan poladı-bozadək dəyişir; narın qırıntılarda qanı-qırmızı görünür. Almaz parıltılıdır. Nadir hallarda təsadüf edilir.

Coğrafiya terminləri lüğəti

mikrolitlər

yun. mikros – balaca, kiçik + yun. lithos – daş

Çox xırda (mikroskopik) iynəvarı və ya lövhəvarı kristallar.

M.-də bəzi optik konstantları təyin etmək olar. Buna görə də M.-in hansı minerala aid olduğunu (həmin mineral özünəməxsus formada olmasa da) müəyyənləşdirmək mümkündür. M. effuziv süxurların əsas kütləsi üçün səciyyəvidir.

Coğrafiya terminləri lüğəti

miqmatit

yun. migma, migmatos – qarışdırma, qarışıq

Maqma və kənar bərk maddənin qatışığından ibarət mürəkkəb süxur.

İnyeksiya, maqmanın yan süxurlara keçməsi, yaxud yan süxurların qismən əriməsi hesabına əmələ gəlir. Termini ilk dəfə 1907-ci ildə fin geoloqu Y.İ.Sederholm təklif etmişdir.

Coğrafiya terminləri lüğəti

milonit

yun. mylon – dəyirman

Narın üyüdülmüş şistvarı teksturlu süxur.

Qırılma pozulmaları zamanı parçalanma zonalarında əmələ gəlir. M. üçün süxurda zolaqvarı tekstur, laylanma və s. yaradan daxili differensial hərəkətlərin təzahürləri xarakterikdir.

Coğrafiya terminləri lüğəti

mimetezit

yun. mimetes – təqlidçi, piromorfitlə oxşarlığına görə

Heksaqonal sinqoniyada kristallaşaraq xırda prizmatik, nadir hallarda iynəyəbənzər kristallar əmələ gətirən mineral.

Adətən, zəif sarımtıl-yaşıl, yaxud yaşılımtıl-qonur rəngli olur. Nadir hallarda tapılır.

Coğrafiya terminləri lüğəti

mineraqrafiya

lat. minera – filiz + yun. grapho – yazıram

Mineralogiyanın filiz və filiz minerallarının diaqnostikası, onların mikroskopik quruluşlarının öyrənilməsi ilə məşğul olan bölməsi.

Coğrafiya terminləri lüğəti