Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

mənfi ticarət balansı

Ölkədə idxalın ixracdan çox olması.

M.T.B., əsasən, İEOÖ üçün xarakterikdir və belə ölkələrdə ixracyönümlü iqtisadiyyat sahələrinin zəif inkişaf etdiyinin, yaxud dünya bazarında rəqabətə davam gətirmədiyinin göstəricisidir. ABŞ və qismən Fransa kimi bəzi İEÖ-lər də böyük həcmdə xarici məhsul istehlak etdikləri, ölkəyə kənardan çoxlu xammal və kapital gətirdikləri üçün M.T.B.-na malikdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

mərcan adası

Tropik qurşaq dənizlərində və okeanlarında rifyaradan orqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gələn ada.

Mərcan poliplərin skeletləri əhəngdaşına çevrilərək belə adalar üçün əsas “tikinti materialı” rolunu oynayır. M.A.-larına daha çox Sakit və Hind okeanlarında rast gəlinir: Marian, Markiz, Marşall, Maldiv adaları və s. Atlantik okeanında isə M.A.-larının yarandığı yeganə ərazi Karib dənizi və Meksika körfəzi sahilidir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

mərcan rifi

alm. riff, rippe – sualtı qaya, təpə

Tropik dənizlərin dayaz sahillərində mərcan poliplərinin istehsal etdikləri maddələrdən, əhəngləşmiş skeletlərindən əmələ gələn sualtı və suüstü adacıq, təpə, tirə.

M.R.-lərini üç tipə ayırırlar: sahil rifləri, sədd rifləri, sualtı dib rifləri. Sahil rifləri bilavasitə materikin və ya adanın su çəkilməsi zolağından başlanaraq onu terras şəklində haşiyələyir. Sədd rifləri sahildən bir qədər aralı, ona paralel yerləşərək dayaz laqunlar yaradır. Sualtı dib rifləri okean və dəniz dayazlıqlarında əmələ gələn, su səviyyəsindən aşağıda yerləşən M.R.-dir. Onlar gəmiçilik üçün böyük təhlükə hesab edilir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

mikroelektronika inqilabı

yun. mikros – kiçik + yun. elektron – kəhrəba

Elmi-texniki inqilabın (ETİ) ikinci mərhələsi.

M.İ.-nın başlıca nəticəsi insan fəaliyyətinin bütün sahələrinin kompüterləşdirilməsidir.

Coğrafiya terminləri lüğəti

mikroiqlim

1. Səth örtüyünün təsiri altında atmosferin aşağı, səthə yaxın hissəsində formalaşan məhəlli iqlim.

Şəhər parkı, kiçik göl öz ətrafında M. yarada bilər.

2. Qapalı sahədə (məsələn, otaqda) ətraf mühitin zərərli təsirindən qorunmaq üçün yaradılmış süni iqlim şəraiti.

Coğrafiya terminləri lüğəti

mikrorelyef

yun. mikros – kiçik + lat. relevo – qaldırıram

Yer səthinin ən kiçik relyef formaları.

M., əsasən, mezorelyefin üzərində ekzogen amillərin təsiri ilə formalaşır. Mənşəyinə görə eol, eroziya, karst, suffoziya və s. M. formaları mövcuddur. Ekzogen mənşəli M.-ə barxanla suffoziya çökəkliyini, antropogen mənşəli M.-ə tarlada şum zolağını misal göstərmək olar.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

miqrasiya saldosu

Müəyyən ölkədə il ərzində immiqrasiya edən insanlarla emiqrasiya edən insanların sayı arasındakı fərq.

İmmiqrasiya edənlərin sayı çox olduqda M.S. müsbət, əks halda mənfi işarəlidir.

Coğrafiya terminləri lüğəti

miqyassız şərti işarələr

Kartoqrafik təsvir vasitələrində miqyasla göstərmək mümkün olmayan bəzi obyektlər (abidə, məscid, körpü və s.).

Coğrafiya terminləri lüğəti