Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

milli park

Ekoloji, tarixi dəyərinə, digər keyfiyyətlərinə görə böyük əhəmiyyət kəsb edən, təbiəti mühafizə, elmi-tədqiqat, mədəni-maarif məqsədləri ilə müəyyənləşdirilmiş xüsusi istifadə rejiminə malik olan ərazilər.

Qoruqlardan fərqli olaraq M.P.-larda turist gəzintilərinə, insanların yaşamasına və məhdud formada təsərrüfat fəaliyyətinə icazə verilir. Dünyada ilk M.P. 1872-ci ildə ABŞ-da konqresin qərarı ilə yaradılmış Yellouston parkıdır. O, üç ştatın ərazisində yerləşir. Sahəsinə görə planetin ən böyük M.P.-ı kimi 1974-cü ildə təsis edilmiş Şimal-Şərqi Qrenlandiya parkı isə Qrenlandiyanın təxminən yarısını əhatə edir –  972 min km².

Coğrafiya terminləri lüğəti

mineral

lat. minera – filiz

Yerin dərinliklərində, yaxud səthində süxurlarda gedən təbii reaksiyalar nəticəsində əmələ gəlmiş, kimyəvi tərkibinə, kristallik quruluşuna və fiziki xassələrinə görə yekcins olan bərk cisim.

M.-lar rəngi, parlaqlığı, xüsusi çəkisi, sərtliyi və s. xüsusiyyətləri ilə daxil olduqları süxurlardan, həmçinin bir-birindən fərqlənir. Onların minlərlə növü var. Bu növlərdən təxminən 50-si əsas süxurtəşkiledici M.-lar qrupuna daxildir. Silikatlar digər M.-larla müqayisədə daha geniş yayılıb. Onlardan şüşə, keramika, emal, odadavamlı tikinti materialları və s. istehsalında istifadə edilir. Zümrüd, akvamarin, topaz, xrizolit, turmalin, beril kimi qiymətli daşlar da silikat M.-lara aiddir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

mineral göllər

Kəskin minerallaşmış və ya suyunda çoxlu miqdarda duz olan göllər.

M.G.-in suları kimyəvi tərkibinə görə karbonatlı, sulfatlı və xloridli olur. M.G.-dən xörək duzu, soda, yod, brom və s. istehsal edilir. Sulfat tipli M.G.-də əmələ gələn hidrogen-sulfidli palçıqlardan isə müalicə məqsədilə istifadə olunur.

Coğrafiya terminləri lüğəti

mineral sular

Bioloji aktiv mineral komponentlərin çoxluğu ilə xarakterizə olunan, spesifik fiziki-kimyəvi xassələrə malik təbii sular.

M.S., əsasən, yeraltı mənşəli olur, insan orqanizminə müalicəvi təsir göstərir. Onlar minerallaşma dərəcəsinə görə zəif, çox minerallaşmış, duzlu, çox duzlu kimi qruplara bölünür. Bundan başqa, M.S. ion tərkibinə görə (xlorlu, hidrokarbonatlı, sulfatlı və s.), qazların və spesifik elementlərin çoxluğuna görə (karbonlu, sulfidli, azotlu, yodlu, dəmirli və s.) təsnif edilir. Temperaturdan asılı olaraq isə soyuq (+20°C-dək), ilıq (+20...-37°C), isti (termal: +37...-42°C) və çox isti (+42°C-dən daha çox) M.S. fərqləndirilir. Azərbaycanda 1000-dən çox termal və soyuq sulu mineral bulaq qeydə alınıb.

Coğrafiya terminləri lüğəti

mineralogiya

lat. minera – filiz + yun. logos – elm, təlim

Mineralların fiziki xassələrini, kimyəvi tərkibini, strukturunu və formasını, habelə yaranma şəraitini, yerləşmə qanunauyğunluqlarını öyrənən elm.

M. petroqrafiya, geokimya, kristalloqrafiya və b. elm sahələri ilə sıx əlaqədə inkişaf edir. Bu elm sahəsi qədim dövrlərdən yaranıb, M. termini isə 1636-cı ildə İtaliya alimi Bernard Cesius tərəfindən təklif edilib.

Coğrafiya terminləri lüğəti

mistral

fr. mistral – hakim olan, əsas külək

Fransanın Aralıq dənizi əyalətlərində yüksək Mərkəzi Massiv yaylasından əsən güclü, soyuq şimal-qərb küləyi.

İlin bütün fəsillərində, xüsusilə qışda tez-tez təkrarlanır.

Coğrafiya terminləri lüğəti

mobilizm

lat. mobilis – hərəkətli, qeyri-sabit

Geologiyada elmi istiqamət, materik Yer qabığının nəhəng parçalarının bir-birinə və qütblərə nisbətən üfüqi istiqamətdə hərəkət etdikləri barədə konsepsiya.

M.-in əsasını 1912-ci ildə alman geofiziki Alfred Vegener qoyub. M. konsepsiyası bir neçə elmi fərziyyənin yaranmasına səbəb olub. XX əsrin ikinci yarısından inkişaf edən “Tavalar tektonikası” nəzəriyyəsi də bu konsepsiyaya əsaslanıb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

mofetlər

lat. mephitis – zəhərli buxarlanma

Vulkanın kraterindən və yamaclarındakı çatlardan, deşiklərdən sızan, karbon qazının su buxarı və digər qazlarla qatışığından ibarət şırnaqlar.

M.-in temperaturu 100°C-yə yaxın olur. M. çox olan sahəni “ölüm vadisi” adlandırırlar, bu əraziyə düşən canlılar boğulurlar.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

Moxo sərhədi

Yer qabığı ilə üst mantiya arasında sərhəd.

Bu sədd seysmik dalğaların sürətinin kəskin dəyişməsi əsasında müəyyənləşdirilib. Ona sərhədi kəşf etmiş (1909) xorvat geofiziki və seysmoloqu Andrey Moxoroviçiçin adı verilib. M.S.-nə həmçinin Moxoroviçiç sərhədi, Moxo səthi də deyilir.

Coğrafiya terminləri lüğəti