Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

nival iqlim

lat. nivalis – qarlı, soyuq

İlin soyuq hissəsində qar halında düşən yağıntıların isti dövrdə əriyən və buxarlanan qarın miqdarından üstün olduğu ərazilərin iqlimi.

Artıq qalan qar çökəkliklərdə toplanaraq buzlaqlara və relyefin qlyasial formalarına başlanğıc verir. N.İ. yüksək dağlıq ərazilər və qütb sahələri üçün xarakterikdir. Azərbaycanda N.İ. Böyük Qafqaz və Kiçik Qafqaz sahələrinin 3000 m-dən yüksəkdə yerləşən rayonlarında müşahidə olunur. N.İ. terminini ilk dəfə XX əsrin əvvəllərində alman geomorfoloqu və coğrafiyaşünası Albrext Penk təklif edib.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

nival qurşaq

Dağlarda, adətən, qar xəttindən yuxarıda yerləşən ən yüksək təbii qurşaq.

N.Q. nival iqlimlə səciyyələnir, onun üçün daimi qar və buzlaqlar xarakterikdir. Buranın üzvi aləmi çox kasıbdır: bitki örtüyü (şibyə, mamır və s.) seyrəkdir, heyvanlardan bəzi quş və həşərat növlərinə rast gəlmək olur.

Coğrafiya terminləri lüğəti

nivasiya

lat. nivis – qar

Qar eroziyası, qarın ardıcıl olaraq donması və əriməsi nəticəsində süxurların dağılması, yuyulması.

N.-nın təsiri altında ekzogen relyefəmələgəlmə prosesi gedir. Qütb, subqütb, yüksək dağlıq rayonlar üçün səciyyəvidir.

Coğrafiya terminləri lüğəti

nivelir

fr. niveler – tarazlaşdırmaq, niveau – səviyyə

Məhəldə nisbi hündürlüyü ölçmək üçün istifadə olunan geodezik cihaz.

Durbin, qaldırıcı vintləri olan dayaq və dəqiq tarazdan ibarətdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

nivelirləmə

fr. niveler – tarazlaşdırmaq, niveau – səviyyə

Yer səthinin iki və ya bir neçə nöqtəsi arasında şaquli xətt üzrə nisbi hündürlük fərqinin ölçülməsi.

N. üçün nivelirin durbininin tuşlama oxu qaldırıcı vintlərlə üfüqi vəziyyətə gətirilir (müasir N.-də tuşlama oxu üfüqi vəziyyətə avtomatik düşür), tarazla yoxlanılır, nisbi hündürlüyü təyin edilən nöqtələrdə qoyulmuş işarələrə uyğun hesablama aparılır.

Coğrafiya terminləri lüğəti

noolandşaft

yun. noos – ağıl + alm. landschaft – ölkə, mahal

Ekoloji sistemin bütün komponentlərinin (torpaq, bitki örtüyü, mikroorqanizmlər, heyvanlar aləmi) formalaşdığı və yanaşı inkişaf etdiyi mədəni biosenoz.

N. insanın müdaxiləsi ilə yaranır, ona görə də əvvəlcədən bütün bioloji və coğrafi qanunauyğunluqlar, miqrasiya prosesləri və s. nəzərə alınmaqla layihələndirilir, komponentlər arasında tarazlığı qorumaq üçün planlı surətdə idarə olunur. N.-ın layihələndirilməsi və planlaşdırılması ən yeni elm sahələrindəndir, ona görə də bu sahədə bir neçə konsepsiya mövcuddur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

noosfer

yun. noos – ağıl + yun. sphaira – kürə

Biosferin təkamülünün insan düşüncəsi, ağlı və fəaliyyətinin əsas rol oynadığı müasir mərhələsi.

Cəmiyyət inkişaf etdikcə onun təbiətə təsiri və biosferin yeniləşməsi prosesində iştirakı artır. Texniki və elmi biliklərdən istifadə etməklə bəşəriyyətin yaratdığı obyektlər – şəhərlər, zavodlar, elektrik stansiyaları, su anbarları və s. müasir biosferin mühüm tərkib hissəsinə çevrilib. Bu mənada N. çox zaman “biosfer” termininin sinonimi kimi işlədilir. N. anlayışını elmə 1927-ci ildə fransız filosofları Pyer Teyyar de Şarden və Eduard Lerua daxil ediblər.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

nord

alm. nord – şimal

Üfüqün şimal cəhətinin beynəlxalq adı.

N hərfi ilə işarə olunur. Azimut dərəcəsi 0°-dir.

Coğrafiya terminləri lüğəti

nord-ost

alm. nord – şimal + alm. est – şərq

Üfüqün şimal-şərq cəhətinin beynəlxalq adı.

NE kimi işarə olunur. Azimut dərəcəsi 45°-dir.

Coğrafiya terminləri lüğəti

nord-vest

alm. nord – şimal + alm. west – qərb

Üfüqün şimal-qərb cəhətinin beynəlxalq adı.

NW kimi işarə olunur. Azimut dərəcəsi 315°-dir.

Coğrafiya terminləri lüğəti

normal təzyiq

Dəniz səviyyəsində 0˚C temperaturda atmosfer təzyiqi.

N.T. 760 mm civə sütununun təzyiqinə, meteorologiyada Yer səthinin hər 1 sm2-nə 1000 millibar (1033q) atmosfer təzyiqinə bərabərdir.

Coğrafiya terminləri lüğəti