Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

palçıq vulkanı

lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı

Kraterindən vaxtaşırı, yaxud fasiləsiz olaraq palçıq və qaz püskürən konus formasında təpə.

Bu təpə bəzən bir neçə yüz metr hündürlüyə malik olur. Əksər hallarda palçıqla qarışıq yerdən su və neft də çıxır. P.V.-ları neft yataqları olan ərazilərdə və vulkanik sahələrdə geniş yayılıb. P.V.-larının mənşəyi haqqında ilk dəfə alman geoloqu Herman Abix fikir söyləyib. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 340-dan çoxu Azərbaycanda yerləşir. Ümumilikdə dünyanın 42 ölkəsində P.V.-ları aşkar edilib. Brom, yod, bor, azotla zəngin olan vulkan palçığından müalicə məqsədləri ilə istifadə edilir.

Coğrafiya terminləri lüğəti

paleobiocoğrafiya

yun. palaios – qədim + yun. bio – həyat + yun. geo – Yer + yun. grapho – təsvir edirəm

Keçmiş geoloji dövrlərdə canlı orqanizmlərin coğrafi yayılması və geoloji vaxt ərzində onların dəyişməsi qanunauyğunluqlarını öyrənən elm sahəsi.

Bu elm sahəsi XX əsrin ortalarında formalaşıb və ilk vaxtlar paleocoğrafiyanın tərkib hissəsi hesab olunub.

Coğrafiya terminləri lüğəti

paleobotanika

yun. palaios – qədim + yun. botanikos – bitkilərə aid

Paleontologiya elminin məhv olmuş bitki qalıqlarını tədqiq edən bölməsi.

Biologiya, geologiyacoğrafiya elmləri ilə sıx əlaqədədir. P. haqqında ilk fikirlərə XIX əsrin əvvəllərində çex bioloqu Kaspar Şternberqin əsərlərində rast gəlmək mümkündür.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

paleocoğrafiya

yun. palaios – qədim + yun. geo – Yer + yun. grapho – təsvir edirəm

Keçmiş geoloji dövrlərdə Yerdə mövcud olmuş fiziki-coğrafi şəraiti (quru və dənizlərin bölgüsü, quru səthinin və dəniz dibinin relyefi və s.), onun dinamikasını, habelə bu dinamikaya təsir göstərən faktorları (iqlim dəyişməsi, tektonik proseslər və s.) tədqiq edən elm sahəsi.

P. Yerin inkişaf tarixi ilə məşğul olduğu üçün tarixi geologiyanın, keçmişin fiziki-coğrafi şəraitini öyrəndiyi üçünsə fiziki coğrafiyanın tərkib hissəsi hesab edilir. Bu elm öz tədqiqatlarında dağ süxurlarının detallı təhlili və süxurlardakı üzvi qalıqların araşdırılması metodlarına əsaslanır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

paleoekologiya

yun. palaios – qədim + yun. oikos – məkan + yun. logos – elm, təlim

Paleontologiyanın qazıntı orqanizmlərinin həyat şəraitini, onların ətraf mühitlə əlaqəsini öyrənən bölməsi.

Coğrafiya terminləri lüğəti

Paleogen dövrü

yun. palaios – qədim + yun. genos – doğulma, yaş

Kaynozoy erasının ən qədim dövrü.

Təxminən 66 milyon il əvvəl başlanıb, 23,03 milyon il əvvəl bitib. P.D. terminini 1866-ci ildə alman geoloqu Karl Naumann elmə daxil edib. Bu dövrün elmdə ümumi qəbul olunmuş mərtəbə bölgüsü yoxdur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

paleoiqlimşünaslıq

yun. palaios – qədim

Yer kürəsinin geoloji və tarixi keçmişində mövcud olmuş iqlim şəraitini öyrənən elm sahəsi.

P. paleocoğrafiyanın mühüm sahəsi olub stratiqrafiya, paleontologiya, geomorfologiya, paleobotanika, paleozoologiya və b. elmlərlə sıx əlaqədə inkişaf edir. P.-da dağ süxurlarının, bitki və heyvan qalıqlarının, mineralların tərkibinin araşdırılması metodlarından, habelə riyazi modelləşdirmə üsulundan geniş istifadə olunur. Bu elmin əldə etdiyi məlumatlar gələcəyin iqlim proqnozunu verməyə imkan yaradır.

Coğrafiya terminləri lüğəti

Paleolit

yun. palaios – qədim + yun. lithos – daş

Daş əsrinin ilk dövrü.

Təxminən 2,5 milyon il əvvəl başlanıb və e.ə. 12-10-cu minilliyədək davam edib. P. qədim insanların meydana gəldiyi və daş alətlərdən istifadə etməyi öyrəndiyi vaxtdan faktik olaraq heyvandarlıq və əkinçiliyin yaranmağa başlamasına qədər olan dövrdür. O, bəşəriyyət tarixinin 99%-ni əhatə edir. Yerin geoloji tarixində isə P. Kaynozoy erasının Neogen dövrünün PliosenDördüncü dövrünün Pleystosen epoxalarına təsadüf edir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

paleontoloji üsul

yun. palaios – qədim + yun. onto – varlıq + yun. logos – elm, təlim

Yer qabığında çökmə süxurların nisbi yaşının bu süxurlardakı orqanizm qalıqlarına görə müəyyənləşdirilməsi üsulu.

P.Ü. stratiqrafiya elmində geniş istifadə olunur. Metod XVIII əsrin sonları – XIX əsrin əvvəllərində ingilis alimi Uilyam Smit tərəfindən yaradılıb. U.Smit birinci olaraq aşkar edib ki, çökmə süxurların qatlarında onların hər biri üçün xarakterik olan orqanizm qalıqları mövcuddur və bu qalıqların müqayisəli təhlili ərazinin geoloji xəritəsini yaratmağa imkan verir. P.Ü.-un əsasını üç ideya təşkil edir: üzvi aləmin tarixi inkişafı gedişində heyvan və bitki qrupları bir-birini ardıcıl olaraq əvəz edir; bu əvəzlənmə hər yerdə eyni zamanda baş verir; hər bir heyvan və bitki forması təkrarolunmazdır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

paleontologiya

yun. palaios – qədim + yun. onto – varlıq + yun. logos – elm, təlim

Qədim geoloji dövrlərdə yaşamış, müasir dövrə yalnız qalıqları çatmış canlı orqanizmləri öyrənən elm sahəsi.

Termin ilk dəfə 1825-ci ildə fransız zooloqu Anri de Blenvil tərəfindən işlədilib. P. Yerin inkişaf tarixini bitki və heyvan orqanizmlərinin qalıqları və onların qoyduqları izlər əsasında araşdırır. P. elminin əsas bölmələri paleozoologiyapaleobotanika elmləridir. Bu elmlər coğrafiyageologiya ilə sıx bağlıdır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

paleozoologiya

yun. palaios – qədim + yun. zoos – heyvan + yun. logos – elm, təlim

Paleontologiya elminin məhv olmuş heyvan qalıqlarını tədqiq edən bölməsi.

P. zoologiya, geologiyacoğrafiya elmləri ilə də sıx əlaqədədir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

Paleozoy

yun. palaios – qədim + yun. zoikos – həyat

Yerin geoloji inkişaf tarixində Fanerozoy eonunun ilk erası.

P. “qədim həyat dövrü”, “birinci zaman” da adlandırılır. O, 6 dövrə bölünür: Kembri, Ordovik, Silur, Devon, KarbonPerm. Bu bölgünü ilk dəfə 1837-ci ildə ingilis geoloqu Adam Secvik aparıb. P. erasının nə vaxt başlandığı və nə vaxt bitdiyi barədə elmdə müxtəlif fikirlər var. Britannika ensiklopediyasında onun 541-252 mln., Almaniya ensiklopediyasında 580-200 mln., Türkiyə coğrafiya terminləri sözlüyündə 600-225 mln., Rusiya geoloji ensiklopediyasında 570±20 – 235±10 mln. il əvvəlki tarixi dövrü əhatə etdiyi göstərilir. Bütün hallarda P.-un başlanğıc tarixi 600-540 milyon il əvvəl, bitmə tarixi 252-200 mln. il əvvəl göstərilir.

Coğrafiya terminləri lüğəti

paleozoy qrupu

Yer qabığının Paleozoy erasında formalaşmış süxurları.

Bu qrupa daxil olan çökmə süxurların yaşı təxminən 200-250 mln. ildən 540-600 mln. ilə qədərdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

pampa

isp. pampa – çöl, düzən

Cənubi Amerikanın subtropik iqlim qurşağında yerləşən çöl zonası (cəm halında – pampas).

P. Argentina, Uruqvay və Braziliyada 750.000 km2-dən çox sahəni tutur, torpağı münbitdir və yağıntı ilboyu təxminən bərabər bölünüb. Buna görə də həmin zonada, xüsusilə Argentinanın ərazisinə düşən hissədə kənd təsərrüfatı yaxşı inkişaf edib. Ətraf ərazilərdə landşaft çox müxtəlif olduğu üçün P.-da fərqli və unikal heyvan növlərinə rast gəlmək olur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

Pangeya

yun. pan – bütün + yun. geya – ana torpaq, quru

Paleozoyun sonu – Mezozoyun əvvəli parçalanmış nəhəng quru sahəsi, fövqəlmaterik.

P. terminini 1915-ci ildə alman alimi Alfred Vegener elmə daxil edib. Müasir dövrdə mövcud olan bütün materiklər P.-da birləşmişdi. Mezozoy erasında o, LavrasiyaHondvana kimi iki hissəyə parçalanıb.

Coğrafiya terminləri lüğəti