Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

seysmometriya

yun. seismos – titrəmə + yun. metreo – ölçürəm

Seysmologiya elminin seysmik dalğaların təsiri ilə qrunt, tikinti və obyektlərdə yaranan titrəmələri qeydə almaq metodlarını öyrənən, həmçinin bunun üçün lazımi cihazları hazırlayan bölməsi.

Seysmik titrəmələri qeydə alan cihaz seysmoqraf, yazıların nəticəsi isə seysmoqram adlanır.

Coğrafiya terminləri lüğəti

seyşlər

fr. seiche – batma

Qapalı su hövzələrinin səthində rəqsi hərəkətlər, durğun dalğalar.

S. xarici təsirdən (atmosfer təzyiqinin kəskin dəyişməsi, külək, seysmik hadisələr və s.) yaranan dalğalarla hövzənin sahillərindən əks olunan dalğaların interferensiyası nəticəsində əmələ gəlir. S. zamanı bütün su kütləsi rəqsi hərəkətdə olur və bu, bir neçə dəqiqə, yaxud onlarca saat davam edə bilər. Termini elmə 1890-cı ildə İsveçrə təbiətşünası Fransua Forel daxil edib.

Coğrafiya terminləri lüğəti

sədəfi buludlar

Stratosferdə 20-26 km hündürlükdə müşahidə olunan xırda buz kristallarından ibarət çox nazik buludlar.

Coğrafiya terminləri lüğəti

səhra

Rütubət çatışmazlığı (arid səhralar) və ya istilik çatışmazlığı (soyuq səhralar) ilə əlaqədar olaraq bitkilərin inkişafı üçün əlverişsiz şəraitə malik, havanın gündəlik və illik temperaturunun kəskin amplitudası ilə fərqlənən landşaft tipi.

S.-ların relyefində eol proseslərin yaratdığı formalar (barxanlar, barxan zəncirləri, qum tirələri, daş sütunlar və s.), quru çökəkliklər, quru dərələr və s. relyef formaları üstünlük təşkil edir. Litoloji tərkibinə görə onları qumlu, daşlı və gilli S.-lara ayırırlar, bəzən şoranlıq S. tipi də fərqləndirilir. S.-lar axarsız sahələrdir, buradakı çaylar tranzit çaylardır. Coğrafi yerləşməsinə görə tropik S.-lar və tropikdənkənar S.-lar olur. Tropik S.-lara tropiksubtropik qurşaqlarda, tropikdənkənar S.-lara isə mülayim qurşaqlarda, həmçinin ArktikaAntarktikada yerləşən S.-lar aid edilir. S.-ların Yer kürəsində tutduğu ərazi bütün quru sahəsinin 30%-dən çoxunu təşkil edir. Dünyanın ən quru S.-ları tropik qurşaqlarda materiklərin qərb sahillərində yerləşən S.-lardır (Atakama, Namib, Böyük Səhra, Viktoriya  və d.).

Coğrafiya terminləri lüğəti

səhra qaysağı

Atmosfer yağıntılarının il ərzində qeyri-bərabər paylandığı semiarid səhralarda süxurların və ya torpağın üzərində əmələ gələn karbonatlı, gipsli və s. tərkibli sıx qabıq.

Coğrafiya terminləri lüğəti

səmum

ər. qızmar külək

Ərəbistan yarımadasının və Şimali Afrikanın səhralarında əsən isti və quru külək.

İlin yaz və yay aylarında daha intensiv müşahidə olunur. S. haqqında ilk elmi məlumatlar yunan tarixçisi Herodota məxsusdur. S. təsərrüfata böyük ziyan vurur.

Coğrafiya terminləri lüğəti

sənaye

Əmək alətləri hazırlayan, enerji ehtiyatları, xammal hasil edən və onun emalı ilə məşğul olaraq hazır məhsul səviyyəsinə çatdıran maddi istehsal sahələrinin cəmi.

S. energetika, metallurgiya, maşınqayırma, kimya S.-si, yeyinti S.-si, neft S.-si, yüngül S., tibb S.-si, poliqrafiya kimi onlarca sahədən, zavod, fabrik, mədən, sex, stansiya kimi yüz minlərlə müəssisədən, coğrafi obyektlərdən ibarətdir. S. ölkənin iqtisadi gücünün, inkişaf səviyyəsinin başlıca göstəricisidir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti