Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

arenal

yun. arena – qum

Vulkanın ətrafında bitkidən məhrum olan zona.

Coğrafiya terminləri lüğəti

Arxey

yun. archaios – başlanğıc

Yerin geoloji tarixində ən qədim Kriptozoy eonunun orta mərhələsi.

A. KatarxeyProterozoy mərhələləri arasında yerləşir, təxminən 4 mlrd. il əvvəl başlanıb və 2,5-2,6 mlrd. il əvvəl bitib. O, dörd eraya bölünür: Eoarxey, Paleoarxey, Mezoarxey və Neoarxey. A.-də Yer ətrafında oksigen atmosferi olmayıb, lakin ilk anaerob orqanizmlər yaranıb, aktiv vulkanik fəaliyyət nəticəsində materiklər, bəzi faydalı qazıntı (nikel, dəmir və s.) yataqları formalaşmağa başlayıb. A. çox qədim dövrləri əhatə etdiyi üçün onun yaşı, bölgüsü, bu mərhələdə baş vermiş proseslər haqqında müxtəlif elmi fərziyyələr mövcuddur. Geoloji dövrün adını 1872-ci ildə amerikalı alim Ceyms Dan təklif edib.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

Arxey qırışıqlığı

Yerin geoloji inkişaf tarixində ən qədim, süxurların qranitləşməsi ilə müşayiət edilən qırışıqlıq dövrü.

Arxeydə başlanmış bu qırışıqlığın mərhələləri haqqında müxtəlif fərziyyələr mövcuddur. Yer planetində ilk quru ərazilərin, Şərqi Avropa, Sibir, Çin-Koreya, Tarim, Avstraliya kimi qədim platformaların yaranması A.Q. ilə bağlıdır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

Arxey qrupu

Arxeydə formalaşmış dağ süxurları.

Geoloji xəritələrdə bu süxurlar tünd-çəhrayı rəngdə göstərilir. A.Q.-na aid süxurlara bütün materiklərin qədim platformalarında, nisbətən cavan qırışıqlıqların mərkəzində rast gəlinir. Adətən, bunlar güclü metamorfizmə uğramış kristallik süxurlardır (qneys, şist, qranit və s.).

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

arxipelaq

yun. archi – əsas, baş + yun. pelagos – dəniz

Bir-birinə yaxın yerləşən adalar qrupu.

A.-a daxil olan adalar, adətən, mənşəyinə və geoloji quruluşuna görə eyni olur, amma bəzən bir-birindən fərqlənir. Yer planetində sahəsinə görə ən böyük A. Malay A.-ıdır.

Coğrafiya terminləri lüğəti

arid bitkilər

lat. aridus – quru

Vegetasiya dövrünün əksər hissəsi rütubət çatışmayan quraq, isti iqlim şəraitində keçən bitkilər.

A.B. rütubətlənmə əmsalının vahiddən kiçik olduğu ərazilərdə (məsələn, Kaliforniya, Kiçik Asiya yarımadalarının mərkəzi hissələri, Şimali Avstraliya, Şərqi Afrika və s.) yayılır. Bunlar, əsasən, səhralara, yarımsəhralara, quru çöllərə xas olan bitkilərdir. Azərbaycanda Acınohur düzündə yayılmış saqqız, ardıc, Naxçıvan MR-də dağdağan, Araz palıdı, Ceyrançöl düzündə Eldar şamı, dağətəyi zonalarda gürcü palıdı, Kür-Araz ovalığının kolları da A.B.-ə aiddir.

Coğrafiya terminləri lüğəti

arid iqlim

Buxarlanmanın illik yağıntılardan xeyli çox olduğu ərazilərin xarakterik quru iqlimi.

Belə ərazilərdə, məsələn, səhra və yarımsəhralarda hava isti, yağıntılar azdır, rütubət bir çox bitkilərin vegetasiyası üçün kifayət etmir, əkinçilik yalnız süni suvarma ilə mümkündür. A.İ., əsasən, tropiksubtropik enliklər üçün səciyyəvidir (Böyük Səhra, Meksika yaylası, Ərəbistan yarımadası, Mərkəzi Avstraliya).

Coğrafiya terminləri lüğəti

arid landşaft

Quru, isti, adətən, kontinental iqlim şəraitində əmələ gələn landşaft.

Belə ərazilər üçün qeyri-münbit torpaq və zəif bitki örtüyü xarakterikdir. Səhra və yarımsəhralar tipik A.L.-lara aiddir.

Coğrafiya terminləri lüğəti

arid səhra

Hər iki yarımkürənin tropik və ya subtropik qurşaqlarında passat küləkləri zonası üçün səciyyəvi olan səhra.

A.S.-da atmosfer yağıntılarının illik miqdarı cüzidir (100 mm-dən az), yağıntılar qeyri-müntəzəm, əsasən, leysan şəklində düşür. Bitki örtüyü iqlimlə əlaqədar olaraq zəifdir. Heyvanlar aləmi daha çox sürünənlərdən ibarətdir.

Coğrafiya terminləri lüğəti

arid torpaqlar

Buxarlanmanın illik yağıntılardan xeyli çox olduğu ərazilərdə formalaşan torpaqlar.

A.T. quru çöllərdə, səhralaşmış savannalarda, yarımsəhra və səhralarda əmələ gəlir, su ilə yuyulmadığı üçün onların profilində, yaxud torpağın altındakı qatlarda karbonat, xlorid və sulfatlar toplanır. Belə torpaqların münbitliyi çox aşağıdır. A.T.-a şabalıdı, qonur yarımsəhra, qırmızımtıl-qonur səhralaşmış savanna, müxtəlif səhra (o cümlədən Arktika) torpaqları aiddir.

Coğrafiya terminləri lüğəti

arktik antisiklon

yun. arktikos – şimal + yun. anti – əks + yun. kyklon – fırlanan

Əsasən, Şimal qütbü sahəsində aşağı temperaturu ilə səciyyələnən yüksək təzyiq sahəsi.

A.A. Qrenlandiya adası, Barens dənizi, Çukot yarımadası və s. ərazilərə ciddi təsir göstərir, qış aylarında Şimal-Şərqi Sibirdə (Oymyakon, Yakutsk və s.) temperaturun xeyli aşağı düşməsinə (-70°C-yə kimi) səbəb olur.

Coğrafiya terminləri lüğəti

arktik iqlim

Şimal yarımkürəsində Arktika qurşağının xarakterik iqlimi.

A.İ., əsasən, Şimal Buzlu okeanı sahilində yerləşən ərazilərdə (Rusiya və Kanadanın şimalı, Alyaska ştatı (ABŞ) və s.) müşahidə olunur. Belə iqlim şəraitində yanvar ayının orta temperaturu -30-40°C təşkil edir, iyulun orta temperaturu Qrenlandiya buzlaqları istisna olmaqla, demək olar, heç yerdə 0°C-dən aşağı düşmür. Bu, Atlantik okeanının isti cərəyanları hesabına baş verir.  Orta illik yağıntılar 100-400 mm arasındadır və adətən, qardan ibarətdir. Zonanın Atlantik okeanına yaxın adalarında (Qrenlandiya, Şpitsbergen və s.) böyük və qalın buzlaqlar mövcuddur. Burada ilboyu Avrasiya, Şimali Amerika və onlara yaxın sahələrin iqliminə təsir edən hava kütlələri yaranır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

arktik səhralar

Yer kürəsinin Şimal qütbü ətrafında formalaşmış təbii zona.

A.S., əsasən, Şimal Buzlu okeanı sahillərində yerləşən ərazilərdə yayılıb. Burada daimi qar xətti dəniz səviyyəsinə enir, qurunun böyük hissəsi buzlarla örtülüdür. A.S.-da orta aylıq temperatur fevralda -60°C, iyulda +3°C olur, orta illik yağıntılar 400 mm-ə  çatır, canlı aləm çox kasıbdır. Belə səhralarda bitkilərdən seyrək halda mamır və şibyələrə, dəniz canlılarından morjlara, suitilərə və s.-yə rast gəlinir.

Coğrafiya terminləri lüğəti

Arktika

yun. arktikos – şimal

Şimal qütbü sahəsində yerləşən, Şimali Amerika və Avrasiya materiklərinin şimal sahillərini, Şimal Buzlu okeanı (adaları ilə birlikdə), Atlantik və Sakit okeanların ona bitişik hissələrini əhatə edən fiziki-coğrafi ərazi.

A.-nın ərazisi təqribən 27 mln. km2-dir. Bəzən A.-nın cənub sərhədini Şimal qütb dairəsi ilə məhdudlaşdırırlar, bu halda onun sahəsi 21 mln. km2 təşkil edir.

Coğrafiya terminləri lüğəti