Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

barik depressiya

yun. baros – ağırlıq + lat. depressio – sıxılma, çökmə

Atmosferdə ətraf mühitə nisbətən alçaq təzyiq sahəsi.

Bu sahənin mərkəzində atmosfer təzyiqi aşağı olur, kənarlara doğru getdikcə isə təzyiq artır. B.D.-nın hərəkətsiz və hərəkətli, daimi və müvəqqəti, qapalı və açıq kimi formaları var. Ekvatorda Yerin səthinə yaxın hissədə hava həmişə qızdığı və yuxarı qalxdığı üçün daim hərəkətsiz B.D. müşahidə edilir. Soyuq və isti hava kütlələrinin toqquşduğu sahədə müvəqqəti açıq B.D. zonası yaranır. Əgər belə zonada hava fırlanırsa, siklon əmələ gəlir, siklonun mərkəzində qalan minimum təzyiq zonası – qapalı B.D. sahəsi onunla bərabər hərəkət edir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

barik qradiyent

yun. baros – ağırlıq, yük + lat. gradientis – addımlayan

Mühitdə atmosfer təzyiqinin azalma istiqamətində nə dərəcədə aşağı düşdüyünü əks etdirən kəmiyyət göstəricisi.

Meteorologiyada, əsasən, horizontal B.Q.-dən istifadə olunur. Onunla atmosfer təzyiqinin üfüqi istiqamətdə azalma dərəcəsi səciyyələndirilir. Adətən, horizontal B.Q. hər 100 km-ə 1-3 mbar təşkil edir. Bu göstərici tropik enliklərdə siklonlar zamanı onlarca millibara qədər yüksəlir. Şaquli B.Q. isə atmosfer təzyiqinin yuxarı qalxdıqca, yaxud aşağı düşdükcə hər 100 metrdə nə qədər dəyişdiyini göstərir. Lakin meteorologiyada, əsasən, bu göstəricinin əksi olan barik pillədən istifadə edilir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

barik pillə

Mühitdə atmosfer təzyiqinin 1 mbar dəyişməsi üçün yuxarı qalxmaq, yaxud aşağı enmək lazım gələn məsafə.

B.P. şaquli barik qradiyentin əksidir. O, temperaturla düz, təzyiqlə tərs mütənasibdir, yəni temperatur artdıqca artır, təzyiq artdıqca azalır; məsələn, Yer səthi yaxınlığında adi 1000 mbar təzyiq və 0°C temperaturda B.P. təxminən 8 metr, 5 km hündürlükdə 15 metr, 18 km hündürlükdə isə 70 metr təşkil edir. Temperatur 1°C yüksəldikdə B.P. 0,4% artır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

barik sistemlər

yun. baros – ağırlıq + yun. sistema – hissələrdən ibarət bütöv

Atmosferdə mövcud olan alçaq və yüksək təzyiq sahələri.

Ölçülərinə görə bu sahələri böyük dənizlərlə, bəzən materiklərlə, okeanlarla müqayisə etmək olar. B.S. daha çox saatda 30-40 km orta sürətlə hərəkətdə olur, böyüyür, kiçilir, yox olur, yenidən yaranır. Temperatur dəyişmələrinin, yağıntıların, küləklərin onlarla birbaşa əlaqəsi var. B.S.-in əsas yaranma səbəbi Yerin Günəş tərəfindən qeyri-bərabər qızdırılmasıdır. B.S. atmosfer təzyiqinin paylanması və izobarla xarakterizə olunur: onlar alçaq və yüksək təzyiq sahələrinə, eyni zamanda qapalı və açıq izobarlı sistemlərə bölünür. Qapalı izobarlı B.S. siklonlar və antisiklonlardır. Siklonun mərkəzində atmosfer təzyiqi minimum, antisiklonun mərkəzində isə maksimum səviyyədə olur. Açıq izobarlı B.S. isə dərələr, yaxud təpələr şəklində qapalı izobarlı sistemlərin arasında və kənarlarında yerləşir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

barxan

türk. barkan – hərəkət edən

Qumlu səhrada relyef forması, küləyin sovurub yaratdığı qum təpələri.

B.-lar oraq şəklində və ya qövsvarı olur, onların yanlardan qabağa çıxan ucları “buynuz” adlanır. Belə təpələrin hündürlüyü, adətən, 10-100 metr, bəzən daha artıq, küləktutan yamacı azmeyilli (5-15°), küləktutmayan yamacı isə dik (30-35°) olur. B.-lar güclü küləyin təsiri altında hərəkət edir, bəzən gün ərzində yerlərini bir neçə metr dəyişir. Böyük Səhrada, Ərəbistan yarımadasında, Liviya və Nubiya səhralarında hündürlüyü 150 m-ə çatan, İranın şərqində Dəşti-Lut səhrasında və Qobi səhrasında isə 400 metrdən hündür B.-lar var.

Coğrafiya terminləri lüğəti

baroqradiyent cərəyan

yun. baros – ağırlıq + lat. gradientis – addımlayan

Dünya okeanının ayrı-ayrı sahələrində atmosfer təzyiqləri arasındakı fərqin təsiri ilə yaranan su cərəyanları, axınlar.

Atmosfer təzyiqinin 1 mbar artması suyun səviyyəsinin təxminən 1 sm aşağı düşməsinə, beləliklə, böyük su kütlələrinin yerdəyişməsinə səbəb olur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

barometr

yun. baros – ağırlıq + yun. metreo – ölçürəm

Atmosfer təzyiqini ölçmək üçün cihaz.

Civəli B. italyan alimi Torriçelli Evangelista tərəfindən 1644-cü ildə kəşf olunub.

Coğrafiya terminləri lüğəti

başlanğıc meridianı

lat. meridianus – günorta xətti

Coğrafi uzunluqların hesablanması üçün şərti qəbul olunmuş birinci meridian.

Coğrafi dərəcəsi 0°-dir. 1884-cü ildə Beynəlxalq Meridional Konfransda qəbul edilmiş qərara, əsasən, Londonun yaxınlığındakı Qrinviç rəsədxanasından keçən Qrinviç meridianı B.M. qəbul edilib.

Coğrafiya terminləri lüğəti

bataqlıq

Yer səthinin normadan artıq rütubət olan yerlərində tam çürüməmiş üzvi maddələrin toplandığı sahə.

Müxtəlif klimatik zonalarda B.-lar müxtəlif bitkilərlə (məsələn, hündür yerlərdə mamır, çökəkliklərdə qamış, cil) örtülür, bir sıra hallarda suyun altında torf təbəqəsi olur. B.-lar fərqli səbəblərdən yaranır: yeraltı suların Yer səthinə çıxması nəticəsində, sututarlarda suyun azalması, daşqınlarda quru sahələri su basması zamanı və s. Hidrosferin tərkib hissəsinə aid olan B.-lar planetimizdə ilk dəfə SilurDevon dövrlərində (350-400 milyon il əvvəl) əmələ gəlib. Yer səthində bütün B.-ların ümumi sahəsi 35 mln. km2-dir. Bunun əsas hissəsi Şimal yarımkürəsində yerləşir (Rusiya, Belarus, Kanada, Finlandiya və s.). Cənub yarımkürəsində ən böyük B. Braziliyada Amazon çayı hövzəsindədir. Azərbaycanda B.-lara daha çox Kür çayı boyu, Lənkəran və Samur-Dəvəçi düzənliklərində rast gəlinir.

Coğrafiya terminləri lüğəti

bataqlıqşünaslıq

Qurunun hidrologiyası elminin bataqlıqları öyrənən sahəsi.

B. bataqlıqların mənşəyini, həyatını və dinamikasını araşdırır.

Coğrafiya terminləri lüğəti

batial

yun. bathys – dərin

Dünya okeanının 200-2000 metr dərinliyinə aid olan.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

batial çöküntülər

Dünya okeanının 200-2000 metr dərinliyində toplanan çöküntülər.

Okean və dəniz dibinin təxminən 20%-ni əhatə edir, əsasən, materik yamaclarında yayılıb. B.Ç.-in yarıdan çoxu terrigen çöküntülərdən ibarətdir. Bundan başqa, onun tərkibində əhəng duzları çöküntüləri, vulkanik lillər, dərinlik qumları da var.

Coğrafiya terminləri lüğəti