Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

çəmən

Çoxillik yaşıl otlarla örtülmüş sahə.

Ç.-lər Şimal yarımkürəsinin mülayim iqlim qurşağında xüsusilə böyük əraziləri tutur. Çaybasar Ç.-likləri, materik Ç.-likləri və dağ Ç.-likləri fərqləndirilir. Ç.-lərdən maldarlıqda otlaqlar kimi geniş istifadə olunur.

Coğrafiya terminləri lüğəti

çimərlik

fr. plage – dəniz sahili

Su hövzəsinin sahilində azmeyilli, yastı zolaq.

Ç., adətən, qumluq və çınqıllıq olur, dalğa və külək eroziyası nəticəsində formalaşır. Okean, dəniz, göl, çay sahilində Ç.-lərdən insanların istirahətinin və müalicəsinin təşkili üçün geniş istifadə olunur.

Coğrafiya terminləri lüğəti

çirklənmə

Təbii və ya antropogen mühit üçün xarakterik olmayan, onlara zərər yetirən fiziki, kimyəvi, bioloji maddələrin həmin mühitə daxil olması.

Ç. müxtəlif formalarda baş verir: su mühitinə hər cür istehsalat və kommunal-məişət tullantılarının, neft məhsullarının, atmosferə isə kimyəvi birləşmələrin və qarışıqların atılması; landşaftın zibillənməsi; əkin sahələrində torpağın həddən artıq gübrələnməsi və s. Ç.-nin antropogen, təbii, mexaniki, fiziki, bioloji, kimyəvi, səs, radioaktiv, elektromaqnit Ç.-si kimi növləri var və onların hamısı insanların sağlamlığına, biosenozun normal həyat və fəaliyyətinə təhlükə yaradır.

Coğrafiya terminləri lüğəti

çökəkliklər

1. Tektonikada: Yer qabığının enmiş, yaxud əyilmiş hissələri.

Tektonik Ç. dağəmələgəlmə, vulkanik proseslər, litosfer tavalarının hərəkəti nəticəsində yaranır (məs.: okean çökəklikləri).

2. Geomorfologiyada: Yer səthində müxtəlif mənşəli mənfi relyef formaları, ətraf əraziyə nisbətən alçaq sahələr.

Ç. quru, yaxud su ilə dolu olur. Onlar həm təbii (eroziya, suffoziya və s.) səbəblərdən, həm də antropogen təsir nəticəsində (açıq mədənlər, digər qazıntı işləri, süni göllər) nəticəsində yarana bilər.

Coğrafiya terminləri lüğəti

çöl

Mülayimsubtropik iqlim qurşaqlarında, əsasən, ot bitkilərindən ibarət meşəsiz ərazi.

Ç.-lərə Antarktidadan başqa bütün qitələrdə rast gəlinir. Şimali Amerikada onlar preri, Cənubi Amerikada pampa, lyanos, Avrasiyanın bir sıra regionlarında (Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan) step, digər bölgələrində (Azərbaycan, Türkiyə) bozqır adlanır. Afrika və Avstraliyada savannalar da Ç. landşaft tipinin formalarıdır. Ç.-lər ən müxtəlif torpaqlarda – qara, şabalıdı, boz, qonur torpaqlar olan ərazilərdə yayılıb. Hazırda Ç.-lərin böyük hissəsi güclü antropogen təsirə məruz qalıb və Yer kürəsinin mühüm taxılçılıq rayonlarına çevrilib.

Coğrafiya terminləri lüğəti

dağ

Ətraf sahələrdən yamacı, zirvəsi ilə kəskin fərqlənən, nisbi hündürlüyü 200 m-dən çox olan müsbət relyef forması.

Mənşəyinə görə tektonik, vulkanikerozion D.-lar mövcuddur. Tektonik D.-lar özü də qırışıq, faylı və qırışıq-faylı D.-lara bölünür. D.-ların mənşəyini, geoloji yaşını, ekzogen amillərin təsiri altında baş verən forma dəyişikliyini nəzərə almaqla onları üç morfoloji tipə ayırırlar: mütləq hündürlüyü 1000 m-ə qədər olan və relyef formaları nisbətən hamarlanmış D.-lara alçaq D.-lar; mütləq hündürlüyü 2000 m-ə yetən, lakin qar xəttinə çatmayan, yastı zirvələri və az meyilli yamacları ilə səciyyələnən D.-lara orta D.-lar; qar xəttindən yuxarı qalxan, mütləq hündürlüyü 2000 m-dən yüksək olan, şiş zirvələri, dik yamacları və buzlaq relyef formaları ilə xarakterizə olunan D.-lara yüksək D.-lar deyilir.

Coğrafiya terminləri lüğəti