Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

daosizm

Şərqdə, uzun müddət başlıca olaraq Çində yayılmış, itəatkarlıq və möminlik təlqin edən dini, fəlsəfi, etik təlim.

D. əsası onun yaradıcısı sayılan Lao Tszının (e.ə. V-IV əsrlər) tərtib etdiyi prinsiplər (mətnlər), “əşyaların (cisimlərin) yolu”, ölümsüzlük  və s. haqda təsəvvürlərdən ibarətdir. D. əvvəlcə ətraf mühitlə mistik birlik, heç nəyin təbii axarına mane olmamaq, müdriklik, sadəlik prinsipləri üzərində qurulmuş fəlsəfi cərəyan kimi meydana çıxıb, sonradan buddizmin bəzi xüsusiyyətlərini qəbul edib, dini sistem və rahiblər institutu formalaşdırıb. D. rəsmi din olmayıb, amma çoxlu tərəfdarlar toplamış əsl dini hərəkata çevrilib. Hazırda öz təsiri və ənənəvi institutlarını Tayvanda, qismən Çində saxlayıb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

darvaza

İki qonşu dağlıq ölkəni bir-birindən ayıran geniş dağ keçidi (məs.: Cunqari D.-sı), yaxud iki quru parçasını ayıran geniş su keçidi, boğaz (məs.: Kara D.-sı).

Coğrafiya terminləri lüğəti

daşqın

Çay dərəsinin subasarından hündürlükdə yerləşən ərazilərin su altında qalması.

Bəzi çayların su rejimində hər il qarın və buzlaqların əridiyi, yağışın ən çox yağdığı vaxtda təkrar olunur. Çayların illik su sərfinin 60-80%-ə qədəri D. dövrünə düşür. Bəzi düzənlik çaylarında külək suyu çayın mənsəbinə doğru hərəkətə gətirir, nəticədə çayın suyu daşır, hətta bəzən müəyyən ərazidə tərsinə axır. Musson iqliminə malik olan ərazilərdə D.-lar musson yağışları dövründə müşahidə edilir (məs.: Xuanxe, Mekonq, Qanq və s. çaylarda).

Coğrafiya terminləri lüğəti

daşlaşmış qalıqlar

Keçmiş geoloji dövrlərin orqanizmlərinin çöküntü süxurlarında izləri, bu süxurlarda saxlanmış heyvan və bitki qalıqları.

Daşlaşma prosesində suda həll olunan karbonatlar, sulfatlar, fosfatlar, sulfid birləşmələri çürümə nəticəsində qalıqlarda əmələ gəlmiş boşluqlara dolur, skelet və ya onun hissələri tədricən qeyri-üzvi maddələrlə əvəzlənir. Nəticədə qalıq, məsələn, heyvanın skeleti, yaxud onun bir hissəsi get-gedə daşlaşır.

Coğrafiya terminləri lüğəti

dayazlıq

Dənizdə, göldə və çayda dərinliyin az olduğu, gəmiçilik üçün təhlükəli su sahələri.

D.-lar sahilə yaxın hissələrdə, yaxud su hövzəsinin dibinin qalxdığı, çökmə süxurlarla dolduğu yerlərdə yaranır. D.-ı digər su sahələrindən fərqləndirmək üçün konkret dərinlik həddi, norma müəyyənləşdirilməyib; məsələn, dənizin hər hansı yerində dərinlik gəminin suya oturan hissəsinin yeddi mislindən azdırsa, artıq həmin yer D. və gəmiçilik üçün əlverişsiz hesab olunur.

Coğrafiya terminləri lüğəti

dayka

ing. dike – daşdan divar

Yer qabığında şaquli və ya maili çatlarda maqmanın soyuması nəticəsində süxurların ensiz, uzun yatım forması.

Coğrafiya terminləri lüğəti