Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

deflyasiya

lat. deflatio – üfürmə, sovurma

Küləyin təsiri ilə süxurların, torpağın aşınması, dağılması və aşınma materialının sovrulub başqa yerə aparılması prosesi.

Daşlı səhraların, qum təpələrinin (barxandyunlar) formalaşmasında D. mühüm rol oynayır. İnsan fəaliyyətinin genişlənməsi ilə əlaqədar D. prosesi də güclənib; Yer kürəsində D.-ya məruz qalmış sahələr bir neçə yüz milyon hektara çatıb.

Coğrafiya terminləri lüğəti

dekret vaxtı

lat. decretum – qərar

Bəzi ölkələrdə yayda saat əqrəbini beynəlxalq qurşaq vaxtından 1 saat irəli, qışda 1 saat geri çəkilməklə dövlət tərəfindən müəyyənləşdirilən vaxt.

Bu müvəqqəti dəyişiklik gündüz işığından iş günü ərzində daha səmərəli istifadə etmək, elektrik enerjisi məsrəfini azaltmaq məqsədilə həyata keçirilir.

Coğrafiya terminləri lüğəti

delta

üçbucaq şəklində olan yunan hərfinin adından

Çayın gətirdiyi çöküntülərin onun mənsəbində yaratdığı, axın istiqamətində genişlənən relyef forması.

D.-da çay çoxlu qollara ayrılır. Görünüşünə görə yelpikvarı (Nilin D.-sı), saçağabənzər (Missisipinin D.-sı), qövsvarı (Lenanın D.-sı), dimdiyəoxşar (Tibrin D.-sı) D.-lar fərqləndirilir. Planetin ən böyük D.-sı Qanq, Meqxnin və Brahmaputra çaylarının Hind okeanı sahilində formalaşdırdığı Benqal D.-sıdır.

Coğrafiya terminləri lüğəti

demoqrafik böhran

yun. demos – xalq + yun. grapho – yazıram, təsvir edirəm

Əhalinin təbii azalması prosesi.

Əhalinin təkrar artımının I tipinə aid olan ölkələrdə ölüm hallarının sabitləşməsi şəraitində doğumun azalması təmayülü aydın nəzərə çarpır, bu isə müntəzəm olaraq əhalinin təbii artımının azalmasına səbəb olur. Əhali arasında yaşlıların artması və uşaqların azalmasında sosial-iqtisadi amillər əsas rol oynayır. Bu amillər sırasına urbanizasiya prosesinin sürətli inkişafı, qadınların ictimai istehsala geniş cəlb olunması, əhalinin mədəni-məişət və s. tələbatının kəskin şəkildə yüksəlməsi, gec evlənmə, boşanma hallarının artması və s. daxildir. D.B.-ın baş verdiyi ölkələrdə doğumun və təbii artımın yüksəldilməsinə yönəldilən siyasət həyata keçirilir.

Coğrafiya terminləri lüğəti

demoqrafik inqilab

Əhalinin təkrar artımının ənənəvi tipindən (II tip) müasir tipinə (I tip) keçid.

D.İ. ilk dəfə Yaponiyada, daha sonra Çində həyata keçirilib. Əhalinin sürətlə artdığı bir sıra digər ölkələr üçün də D.İ.-a keçid cəhdləri xarakterikdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

demoqrafik partlayış

Əhalinin sayının təbii yolla kəskin şəkildə artması.

D.P. əhalinin təkrar artımının II tipinə aid olan dünya ölkələri (İndoneziya, Hindistan, Banqladeş) üçün xarakterikdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

demoqrafik siyasət

Dövlət orqanlarının, sosial institutların əhalinin artımı və təkrar artımını tənzimləmək sahəsində müəyyənləşdirdikləri məqsədlər, habelə bu məqsədlərə nail olmaq üçün həyata keçirdikləri tədbirlər, istifadə etdikləri üsullar.

D.S.-in obyekti – bütün ölkə əhalisi, yaxud ayrı-ayrı əhali qrupları (regionlar, yaş və cins tərkibi və s. göstəricilər üzrə); məqsədi – artım sürətini yüksəltmək (azaltmaq), miqrasiyanı istiqamətləndirmək, əhalinin keyfiyyət xarakteristikasını dəyişmək ola bilər. Buna nail olmaq üçünsə dövlət birbaşa (qanunların qəbul edilməsi, artımın stimullaşdırılması) və dolayı (müəyyən regionlarda həyat şəraitinin xüsusi yaxşılaşdırılması, gənclər üçün güzəştlər, ictimai rəyin yönləndirilməsi) yollarla tədbirlər görür.

Coğrafiya terminləri lüğəti