Reklam
Reklam
Тема: Tarix
Тема: Yeni dövr
Автор: Elnur Astanbəyli

ABŞ-nin “Cənab Saxtakar” ləqəbli prezidenti kimdir?

 

1876-cı ildə ABŞ tarixinin ən mübahisəli prezident seçkilərindən biri keçirildi. 

Həmin il Respublikaçılar Partiyasının namizədi olan Raterford Börçard Heysin rəqibi Samuel Tilden idi. Demokratların namizədi və cənub ştatlarında böyük nüfuz sahibi olan Tilden səsvermənin ilkin nəticələrinə görə ümumi səslərin çoxunu qazanmışdı. Lakin üç ştatda – Cənubi Karolina, Florida Luizianada – nəticələr qeyri-müəyyən idi: iki partiya da adları çəkilən bölgələrdə qələbə iddiası edirdi. Hər üç ştatda həm respublikaçılar, həm də demokratlar öz namizədlərinin qalib gəldiyini bildirirdilər.

Mübahisəni yoluna qoymaq üçün ABŞ Konqresi xüsusi bir komissiya yaratdı. Komissiya 15 nəfərdən – 8 respublikaçı və 7 demokratdan – ibarət idi. Səs çoxluğu ilə qərar verən komissiya bütün mübahisəli ştatlarda səvermənin nəticələrini Heysin xeyrinə tanıdı. Bununla da Respublikaçıların namizədi ümumi nəticələrə görə önə keçdi. Narazılıqlar ölkədə yeni vətəndaş müharibəsi təhlükəsinə yol açdı. Xüsusilə cənub ştatlarını “Ya Tilden, ya qan” şüarı bürüdü. Respublikaçılardan olan o vaxtkı prezident Uliss Qrant narazılıqları yatırtmaq üçün qoşun yeritməli oldu. 1877-ci il martın 3-də Konqres şübhəli nəticələri təsdiqlədi. Bundan bir gün sonra həmin dövrün ən nüfuzlu qəzeti sayılan “Nyu-York Sun”un ilk səhifəsi Linkolnun qətlindən bəri ilk dəfə olaraq qara çərçivədə nəşr olundu. Bununla qəzet seçki nəticələrini “Amerika demokratiyasının matəmi” kimi qiymətləndirirdi. Heysin inaqurasiyası isə hərbçilərin “kölgəsində” keçirildi – andiçmə mərasiminin təşkil olunduğu Kapitoli binasını mühafizə etmək üçün ordu qüvvələri səfərbər edildi.

Konqresin Heysi yeni ABŞ prezidenti elan edən qərarını xalqın böyük bir hissəsi “seçki oğurluğu” kimi qiymətləndirdi, Heysi də “Cənab Saxtakar” adlandırdı. Sonradan Heys daha çox bu adla xatırlanacaq, “Cənab Saxtakar” ləqəbi isə ABŞ-nin seçki sistemindəki çatışmazlıqların rəmzinə çevriləcəkdi.