Reklam
Reklam
Тема: Dilçilik
Тема: Orfoqrafiya
Автор: Rafiq İsmayılov

Bitişik, ayrı, yoxsa defislə?

 

Bitişik yazılan mürəkkəb sözlər

 

Müxtəlifmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər: arabir, balacaboy, beşatılan, dilucu, kinostudiya, qalxanabənzər, qanunvericilik, qısametrajlı, qurultayqabağı, özbaşınalıq, soyuqqanlı, ucdantutma, Bülbüloğlu, Əliağa, Qənbərqızı.

Bu cür mürəkkəb sözlərin əksəriyyəti söz birləşmələrindən əmələ gəlmişdir:

 

İsmi birləşmələrdən əmələ gələn rəkkəb sözlər:

ismi birləşmə

mürəkkəb söz

beş mərtəbə

beşmərtəbə

çatma qaş

çatmaqaş

çay tikanı

çaytikanı

dəvə dabanı

dəvədabanı

gülər üz

gülərüz

qıvrım saç

qıvrımsaç

quzu qulağı

quzuqulağı

 

 

 

 

 

 

 

 

Bu kateqoriyaya 1-ci və 2-ci növ təyini söz birləşmələrindən yaranmış toponimləri də daxil etmək olar:

1-ci növ: Göygöl, Şahdağ;

2-ci növ: Xankəndi, Daşaltı.

 

Feili birləşmələrdən əmələ gələn rəkkəb sözlər:

feili birləşmə

mürəkkəb söz

ad qoymaq

adqoyma

ağla batmaq

ağlabatan

günə baxmaq

günəbaxan

şəhər salmaq

şəhərsalma

 

 

 

 

Bir sıra mürəkkəb sözlər var ki, söz birləşməsinin və ya tərkibi sözün ikinci tərəfinə şəkilçi artırmaqla düzəlir:

bir dəfə

birdəfəlik

bu gün

bugün

on bir il

onbirillik

üç otaq

üçotaq

 

 

 

 

Mürəkkəb söz, yoxsa söz birləşməsi?

 

Dilimizdə söz birləşmələrindən mürəkkəb sözlərin yaranması daimi prosesdir. Təəssüf ki, orfoqrafiya qaydalarında bu prosesi nizamlayan qaydalar əks olunmayıb. Ona görə də bəzən hər hansı söz birləşməsinin mürəkkəb söz kimi bitişik, yoxsa sintaktik vahid kimi ayrı yazılması sual doğurur.

Bu dil hadisəsi ilə bağlı aşağıdakı prinsipləri əsas götürmək olar:

1. Leksik prinsip

Söz müəyyən bir anlayış bildirən leksik vahiddir. Məsələn: çempion.

Söz birləşməsində sözlərdən biri (asılı tərəf) digərinin (əsas tərəfin – açar sözün) mənasını dəqiqləşdirir: dünya çempionu, ölkə çempionu.

Lakin elə hallar olur ki, sözlər birləşərək vahid anlayış bildirir: kül qabı, toz soran s. Belə olduqda onlar çox zaman leksik vahidə – mürəkkəb sözə çevrilir və bitişik yazılır: külqabı, tozsoran.

Lakin bu prinsip özünü heç də həmişə doğrultmur. Məsələn, qaraciyər lüğətdə əks olunduğu halda, düz bağırsaq söz birləşməsi kimi qəbul olunub. Bunu başa düşmək olar, çünki leksik prinsipə daim əməl etsək, onikibarmaqbağırsaq kimi bir neçə sözdən, onlarla hərfdən ibarət sözlər əmələ gələr.

 

Qeyd: Ağciyər sözü orfoqrafiya lüğətin “qorxaq” mənasında verilmişdir. Bununla yanaşı, daxili orqan mənasında ağciyər-mədə, ağciyər-ürək sözlərinin tərkibində yer alır. Bu sözlər vurğusu dəyişməklə hər iki mənada verilə bilərdi:

`ağciyər – daxili orqan

ağciy`ər – qorxaq

 

Qeyd: Göyqurşağı sözü əvvəlki lüğətlərdə yer alsa da, sonuncu orfoqrafiya lüğətindən çıxarılmışdır. Bir çox dillərdə bu təbiət hadisəsi bir sözlə ifadə olunmuşdur: rus. радуга, ing. rainbow və s. İngilis dilində də bu söz quruluşca mürəkkəbdir: rain – yağış, bow – yay (qövs). Dilimizdə onun söz birləşməsi kimi saxlanılması məntiqəuyğun deyil.

 

Qeyd: Lüğətə “dəmiryol”la yanaşı, “dəmiryolu” sözü salınsa, məqsədəuyğun olardı. (Dəmiryolunu keçəndə dostumla rastlaşdım.) Burada rus dilinin təsiri açıq-aydın görünür:

железнодорожный – dəmiryol

железная дорога – dəmir yolu

 

2. Semantik-kontekstual prinsip Dilimizdə elə ifadələr də var ki, onların söz birləşməsi kimi ayrı, yoxsa mürəkkəb söz kimi bitişik yazılması kontekstdən asılıdır:

–   məktəbəhazırlıq mərhələsi;

–   Məktəbə hazırlıq təhsilin vacib mərhələlərindən biridir.

–   qabyuyan maşın;

–   O, mətbəxdə qab yuyan anasına yaxınlaşdı.

Bu prinsip fonetik prinsiplə sıx bağlıdır, belə ki, bir vurğu altında deyilən söz birləşmələri, adətən, mürəkkəb söz əmələ gətirərək bitişik yazılır:

on iki yaşlı uşaq – onikiyaşlılar

min il – minillər

 

3. Presedent prinsipi

Hüquqda olduğu kimi, dilçilikdə qayda (qanun) olmayan yerdə presedent (analoji situasiyalar üçün örnək kimi qəbul edilən hadisə) əsas götürülməlidir. Aşağıdakı cədvələ diqqət yetirək:

lüğətdə var

lüğətdə yoxdur

ağacəkmə

otbiçmə

beşyaşlı

alyaşlı

bugecəki

busəhərki

dördyüzillik

beşyüzillik

dördzolaqlı

səkkizzolaqlı

ikincidərəcəli

birincidərəcəli

qaraköynəkli

qaraşalvarlı

üçdəbir

ikidəbir

 

 

 

 

 

 

 

 

 

Belə hallarda oxşar qrammatik konstruksiyalı söz birləşmələrinin mürəkkəb söz kimi bitişik yazılması səhv sayıla bilməz. Çünki dilin əsas qanunlarından biri analogiyadır. Eynilə onların ayrı yazılması da səhv sayılmamalıdır. Bir sözlə, bu məsələdə müəyyən sərbəstlik olmalıdır. Məsələn, lüğətdə məqsədəuyğun sözü varsa, kontekstdən asılı olaraq həm məntiqəuyğun, həm də məntiqə uyğun yazmaq olar.

 

Qeyd: Üçdəbir kimi kəsr sayı bildirən sözlərin bitişik yazılması dilin lüğət tərkibinin süni surətdə artırılmasına gətirib çıxarır.

Ümumiyyətlə, söz birləşmələrinin mürəkkəb sözə çevrilməsi prinsipləri daha dərindən işlənməli, mətnlərdə rast gəlinən qüsurlu yazılışlar lüğətə salınmamalıdır.

 

Eyni feil kökünün təkrarı a, ə, ha bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb sözlər: qaçaqaç, yazhayaz. Sözün kökü kar samitlə bitdikdə ahəng qanununa görə a, ə cingiltili samitlə bitdikdə ha bitişdiricisi yazılır:

düzgün

yanlış

basabas

bashabas

gəlhagəl

gəlagəl

kəsəkəs

kəsakəs

qovhaqov

qovaqov

tutatut

tuthatut

vurhavur

vuravur

 

 

 

 

 

 

 İstisna: gethaget (ahəng pozulub).

 

Eyni sözün təkrarı ba, bə bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb sözlər: addımbaaddım, aybaay, cürbəcür, günbəgün, ilbəil, rəngbərəng, saatbasaat.

 

Defislə yazılan mürəkkəb sözlər

 

Yaxınmənalı sözlərin birləşməsindən əmələ gələn mürəkkəb sözlər: adət-ənənə, ağıllı-kamallı, dost-tanış, kafe-restoran, qohum-qardaş, ölüm-itim.

Əksmənalı sözlərin birləşməsindən əmələ gələn mürəkkəb sözlər: az-çox, böyük-kiçik, elə-belə, gec-tez.

 

Qeyd: Bu kateqoriyaya ikinci tərəfi inkarda işlənən mürəkkəb feili bağlamalar və feili sifətlər də daxildir: gedər-gəlməz, gələr-gəlməz, gəlib-gəlməyəcəyi (məlum deyil), yaşayıb-yaşamadığı (bilinmir), yazar-yazmaz.

 

Qeyd: Yaxınmənalı və əksmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb feillərin əksəriyyəti frazem xarakterlidir: atılıb-düşmək (özündən çıxmaq), deyib-gülmək (şənlənmək), gedib-gəlmək (əlaqə saxlamaq), görüb-götürmək (təcrübə toplamaq), oturub-durmaq (ünsiyyətdə olmaq).

 

Eyni morfoloji konstruksiyalı bir sıra feillər də var ki, hərəkətin təkrarlandığını bildirir: atıb-tutmaq, yazıb-oxumaq.

 

Mübahisəli məqamlar

 

1. Orfoqrafiya lüğətində yer almış bir ra analoji konstruksiyalı feillərin defislə yazılması mübahisə doğurur: görüşüb-danışmaq.

 

2. Əksmənalı sözlərin birləşməsindən əmələ gələn bəzi mürəkkəb sözlərin tərəfləri qrammatik şəkilçi ilə işlənir:

  • altdan-üstdən (danışmaq)
  • altdan-yuxarı (baxmaq)
  • başdan-ayağa (bəzəmək)

 

Bununla yanaşı, sağdan-sola, soldan-sağa sözlərinin nə üçün mürəkkəb söz kimi verildiyini izah etmək çətindir. Presedent prinsipinə əməl etsək, yuxarıdan-aşağı (baxmaq) sözü də defislə yazılmalıdır, halbuki lüğətlərdə bu sözə rast gəlinmir.

Eyni sözün təkrarından yaranan mürəkkəb sözlər: qaça-qaça, az-az, yavaş-yavaş, aşıq-aşıq, top-top, tez-tez. Bəzən cümlələrdə sözlər təkrar olunaraq yanaşı gəlir. Bu halda onların defislə yazılması səhvdir: Daşı-daş üstə qoymamaq. Söz-sözü çəkər. Teleqram-teleqram dalınca vurdu.

 

Sözün təkrarı ilə yaranan bəzi mürəkkəb sözlərin tərəfləri qrammatik şəkilçi ilə işlənir:

  • başdan-başa (tamamilə)
  • uzaqdan-uzağa (məsafədən)

Göründüyü kimi, bu sözlər vahid məna bildirir. Bu baxımdan onların mürəkkəb söz kimi defislə yazılması məntiqə uyğundur.

Bəzən eyni qrammatik konstruksiyalı başqa birləşmələr də yanlış olaraq defislə yazılır: ağacdan-ağaca, ağızdan-ağıza, çiçəkdən-çiçəyə, sətirdən-sətrə.

 

Mübahisəli məqam

Defislə yazılan elə sözlər var ki, sabit söz birləşmələri daxilində işlənir:

  • ağız-ağıza vermək
  • dildən-dilə düşmək
  • üz-üzə gəlmək

Presedent prinsipinə əməl etsək, əldən-ələ (keçmək), göz-gözü (görməmək), ağızdan-ağıza (dolaşmaq), üz-üzdən (utanar) frazeoloji vahidləri də defislə yazılmalıdır, halbuki lüğətlərdə bu sözlərə rast gəlinmir.

 

Eyni məna qrupuna (hiperonimə) aid sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər də defislə yazılır. Məsələn:

peşə, ixtisas, sahə adları: dilçi-etnoqraf, ədəbi-fəlsəfi, ədəbiyyatçı-alim, geoloq-topoqraf, mühəndis-geoloq, şair-dramaturq;

bədən üzvləri bildirən adlar: ağız-burun, burun-boğaz, dil-dodaq, qaş-göz, qol-qıç;

heyvan adları: qoyun-keçi, şir-pələng, tülkü-çaqqal;

ölçü vahidləri: amper-saniyə, kilovatsaat, qram-kalori, volt-amper;

coğrafi cəhət adları: cənub-qərb, şimalşərq, cənub-şərq;

rəng bildirən sözlər: göy-qırmızı, yaşıl-sarı;

geyim əşyaları: tuman-köynək, şalvarköynək;

mürəkkəb saylar və zərflər: beş-on, birə-beş, birdən-ikidən, əlli-altmış.

 

Defislə yazılan elə mürəkkəb sözlər də var ki, müxtəlif məna qruplarına aid sözlərdən əmələ gəlmişdir: biznes-plan, boru-prokat, vaqon-restoran.

 

İzafət birləşmələri: həddi-büluğ, külli-aləm, nöqteyi-nəzər, tərcümeyihal, tərzi-hərəkət.

 

Tərəflərindən biri və ya hər ikisi fonetik təkrir (alliterasiya, assonans) yolu ilə yaranan və müstəqil məna bildirməyən mürəkkəb sözlər: adda-budda, az-maz, əzik-üzük, hətərən-pətərən, kağız-kuğuz, kələ-kötür, qara-qura, qarma-qarışıq, qonaq-qara, sür-sümük, tör-töküntü.

 

Avropa mənşəli sözönü morfemlərin bitişik və defislə yazılması

Tərkibində aşağıda sadalanan sözönü morfemlər – alınma şəkilçi və ya söz-hissəciklər olan sözlər bitişik yazılır.

Qeyd: Bu morfemlərin əksəriyyəti dilimizdə müstəqil məna kəsb etmədiyindən həmin sözlərin quruluşca mürəkkəb olması mübahisəlidir.

aero...aerodinamika, aeroklub

aqro...aqropark, aqrosənaye

alt...altqrup, altstandart

anti...antifaşizm, antireklam

audio...audiokitab, audiovizual

avan...avantitul

avto...avtobioqrafiya, avtopark

elektro...elektrokardioqram

endo...endoplazma

foto...fotokamera, fotomaterial

helio...heliometr, heliosentrizm

hidro...hidrodinamika, hidroizolyator

hiper...hipermarket, hipertoniya

hipo...hipotermal, hipotoniya

xrono...xronometraj, xronotip

makro...makromarket, makromolekul

media...mediaholdinq, mediatur

meqa...meqafon, meqarelyef

meta... metadil, metaqalaktika

mikro...mikrodalğalı, mikroiqlim

mini...miniavtobus, minizavod

mono...monohibrid, monokristal

moto...motoatıcı, motoklub

multi... multikulturalizm

nano... nanohissəcik, nanotexnologiya

neo... neofaşizm, neorealizm

neyro... neyrocərrahiyyə

pan...panislamizm, pantürkizm

para...parapsixologiya

poli...poliklinika, polisentrizm

post...postmodernizm, postsovet

proto...prototip, prototürk

psevdo...psevdorealist

psixo...psixonevroloji, psixoterapiya

re... regenerasiya, rekonstruksiya

stereo...stereofilm, stereoproyektor

sub...submorfem, subtropik

super...superdövlət, supermarket

tele...telekommunikasiya, telestudiya

termo...termoizolyasiya, termokamera

trans...transformasiya, transmilli

ultra...ultrabənövşəyi, ultrasəs

uni...uniforma, univerbasiya

ümum... ümumbəşəri, ümumittifaq

video... videokamera, videoklip

 

Qeyd: Bu morfemlərin bəziləri xüsusi isimlərə qoşulduqda defislə yazılır: trans-Atlantik, ümum-Avropa.

 

Tərkibində aşağıda sadalanan sözönü morfemlər olan sözlər defislə yazılır:

eks... eks-çempion, eks-nazir

əks... əks-hücum, əks-səda

kontr... kontr-admiral, kontr-mədəniyyət

qeyri... qeyri-adi, qeyri-ixtiyari

ober... ober-kansler, ober-leytenant

veb...veb-dizayner, veb-səhifə

vitse... vitse-prezident, vitse-spiker

 

Qeyd: 2021-ci il orfoqrafiya lüğətində kontragent, kontraksiya sözlərinin bitişik yazılması səhv kimi qəbul edilməlidir. Görünür, burada tərtibçilər kontr kontra morfemlərini səhv salıblar: kontrafakt, kontrapunkt.

 

Azaltma və çoxaltma dərəcəli sifətlər

Açıq, ala, tünd sözləri vasitəsilə dərəcə anlayışı ehtiva edən sifətlər defislə yazılır:

düzgün

yanlış

açıq-sarı

açıq sarı

açıq-yaşıl

açıqyaşıl

ala-babat

alababat

ala-yarımçıq

alayarımçıq

tünd-bənövşəyi

tündbənövşəyi

tünd-qırmızı

tünd qırmızı

 

 

 

 

 

 

Nəzərə almaq lazımdır ki, açıq tünd, eləcə də ala sözləri mürəkkəb sözlərin tərkib hissəsi kimi çıxış etdikdə defislə yazılır: açıq-aşkar, açıq-sarı, ala-ağ, ala-bəzək, ala-seyrək, tünd-göy.

 

Qeyd 1: Açıq, tünd sözləri ilə düzələn bəzi mürəkkəb sözlər bitişik yazılır: açıqfikirli, açıqqəlbli, açıqürəkli, tündxasiyyət, tündməzac və s.

Qeyd 2: Ala, alaca sözləri böyük mənasında ismə qoşularaq mürəkkəb söz yarada bilir. Belə sözlər bitişik yazılır:

düzgün

yanlış

alaboyun

ala-boyun

alacadimdik

alaca-dimdik

alagöz

ala-göz

alaqanad

ala-qanad

alaqanqal

ala-qanqal

alaqapı

ala-qapı

 

 

 

 

 

 

Təhər, kəm, düm hissəcikləri ilə yaranan sifətlər bitişik yazılır:

düzgün

yanlış

acıtəhər

acı-təhər

dümqara

düm-qara

kəmşirin

kəm-şirin

 

 

 

 

M, p, r, s samitlərindən istifadə olunmaqla çoxaltma dərəcəsi bildirən sifətlər bitişik yazılır:

düzgün

yanlış

ağappaq

ağ-appaq

dosdoğma

dos-doğma

qupquru

qup-quru

masmavi

mas-mavi

tərtəmiz

tər-təmiz

yamyaşıl

yam-yaşıl

 

 

 

 

 

 

 

Qeyd: Bu samitlərin iştirakı ilə yaranan mürəkkəb isimlər defislə yazılır: sür-sümük, zir-zibil.

 

Köməkçi sözlərin yazılışı: bitişik, yoxsa ayrı?

 

İdi, imiş, ikən köməkçi sözləri yeni orfoqrafiya normalarına əsasən, arzu, vacib, lazım, şərt şəklində olan, yəni saitlə bitən feillərə artırıldıqda iki cür yazıla bilər: 1) ilkin formada, ayrı: yazmalı idi, yazmalı imiş; 2) şəkilçiləşmiş variantda, bitişik: yazmalıydı, yazmalıymış. İkinci halda bu köməkçi sözlər qalın, incə saitlərin ahənginə uyğun olaraq dəyişir:

ayrı

bitişik

baxası idi

baxasıydı

baxmalı imiş

baxmalıymış

gəlməli idi

gəlməliydi

görsə idi

görsəydi

kaş oxuya idi

kaş oxuyaydı

 

 

 

 

 

Qeyd: Orfoqrafik normalara əsasən, idi köməkçi sözü adlara qoşulduqda ayrı yazılır: şagird idi, zəif idi, çox idi. Bədii və publisistik mətnlərdə bu qayda bəzən pozulur: idi köməkçi sözü şəkilçiləşmiş variantda yazılır: şagirddi, zəifdi, çoxdu. Lakin bu qaydaya əməl edilməsi vacibdir. Əks halda -dı⁴  morfeminin qrammatik funksiyasını müəyyən etmək mümkün olmur: idi köməkçi sözünün ixtisarı, yoxsa -dır⁴ xəbərlik şəkilçisinin tələffüz forması?

düzgün

yanlış

hiyləgər idi

hiyləgərdir

hiyləgərdi

qoçaq idi

qoçaqdır

qoçaq

 

saxta idi

saxtaydı

 

 

 

 

 

 

 

Qoşmalar iki cür yazılır:

1) birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır:

dağacan, evəcən, küçəyədək, quştək;

2) ikihecalı qoşmalar (qədər, kimi, ötrü, təki, təkin, boyu, üçün, ilə) aid olduqları sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün. Bu sözlərdən bəziləri sözdüzəldici morfem rolunda çıxış edir. Belə olduqda onlar qoşulduqları sözə bitişik yazılır:

  • məktəbə qədər (yol getmək)
  • məktəbəqədər (təhsil)
  • piyada əleyhinə (olmaq)
  • piyadaəleyhinə (mina)
  • pişik kimi (dırmaşmaq)
  • pişikkimilər (yarımdəstəsi)
  • sahil boyu (axtarmaq)
  • sahilboyu (kəndlər)

Beləliklə, qaydaya görə, əsrlər boyu, tarix boyu kimi ifadələr ayrı yazılmalıdır.

 

Qeyd: Orfoqrafiya lüğətinin son nəşrlərində şoseboyu, yolboyu sözləri də yer almışdır, hərçənd bu sözlərin təyin məqamında işlədilməsinə nümunə tapmaq çətindir.

 

İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər:

ayrı

bitişik

atam ilə

atamla

müəllim ilə

müəllim

 

 

 

 Qaydaya əsasən, bu qoşma saitlə bitən sözlərdə ixtisar oluna bilməz:

düzgün

yanlış

anası ilə

anasıyla

cərgə ilə

cərgəylə

küçə ilə

küçəylə

iştirakı ilə

iştirakilə

 

 

 

 

 

İstisna: məqsədilə, vasitəsilə, etibarilə, münasibətilə, vaxtilə.

Bu sözlər cümlələrdə çox zaman qoşma funksiyası daşıyır. Bu sıraya şərtilə sözünü də əlavə etmək düzgün olardı.

Qeyd: Bəzən bu qoşmanı zərf düzəldən -la² şəkilçisindən fərqləndirmək çətin olur; məsələn, telefonla ifadəsində qoşmanın sözdən ayrı yazılması mənaya xələl gətirə bilər:

  • telefon ilə danışmaq (danışan tərəflərdən biri telefondur);
  • telefonla danışmaq (telefon vasitəsilə əlaqə saxlamaq).

Qeyd: Bədii və publisistik yazılarda sonuncu qaydaya, adətən, riayət olunmur: meşəylə, bacısıyla. Görünür, idi, imiş, ikən köməkçi sözlərində olduğu kimi (oxusaydı, gəlməliydi) bu qaydanı da “liberallaşdırmağın” zamanı çatıb.

İki sadə bağlayıcıdan və sadə bağlayıcı ilə başqa nitq hissələrindən əmələ gələn bağlayıcılar, bağlayıcı sözlər və ara sözlər bir-birindən ayrı yazılır:

düzgün

yanlış

belə ki

beləki

əlbəttə ki

əlbəttəki

guya ki

guyaki

həm də

həmdə

onun üçün

onunçün

tutaq ki

tutaqki

və yaxud

vəyaxud

 

 

 

 

 

 

Qeyd: Ə.Dəmirçizadə qeyd edir ki, üçün qoşması sözə bitişik də yazıla bilər: sizinçün.

Yazıda ən çox rast gəlinən səhvlərdən biri da, də bağlayıcısının bitişik yazılmasıdır.

  • Bizdə səyahətə çıxacağıq. Görünür, bu xətanın əsas səbəbi həmin sözün eyni fonetik tərkibli yerlik hal şəkilçisi ilə səhv salınmasıdır:
  • Bizdə qonağa hörmət edərlər.

 

Ədatlar sözlərdən ayrı yazılır: di get, gör ha, dedim də, sən ki, daha gözəl, lap pis, ən yaxşı.

 

Qeyd: -mı, -mi, -mu, -mü -sana, -sənə ədatları istisnadır. Onlar aid olduqları sözlərə bitişik yazılır: Kitabdır? Qəşəngdirmi? Oxudumu? A kos-kosa, gəlsənə, gəlib salam versənə!

Qeyd: -mı, -mi, -mu, -mü sual ədatı -da, -də ədatından ayrı yazılır:

  • Sən də mi gedirsən?
  • O yenə də mi danışacaq?

 

Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, vay-vay, pəh-pəh, uy-uy, ha-ha-ha.

Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.