Reklam
Reklam
Тема: Tarix
Автор: Arif Əliyev

Matriarxat deyilən dövr olub

Ola bilsin ki, Engelsin "Ailənin, şəxsi mülkiyyətin və dövlətin yaranması" əsərini oxumamısınız. Amma orta məktəb dərsliklərindən, yəqin ki, yadınızdadır: 

"Matriarxat ibtidai icma quruluşunda ailə-tayfa münasibətlərinin xarakterik xüsusiyyəti olub". 

"Matriarxat" latın sözü mater (ana) və yunan sözü arche-nin (başlanğıc, hakimiyyət) birləşməsindən əmələ gəlib. İddia edilir ki, bəşər tarixinin hansısa mərhələsində qadınlar cəmiyyətdə aparıcı mövqe tutublar və kişilər onların tabeliyində olmağa razılaşıblar.

Qoy qadınlar məyus olmasınlar, amma belə bir iddianın ciddi əsası yoxdur.

Əslində, XIX əsrə qədər buna bənzər fikir heç kimin ağlına da gəlməyib. Əsrin ortalarında bir neçə alim, o cümlədən isveçrəli mifoloq Baxofen və amerikalı etnoloq Morqan yeni nəzəriyyə irəli sürüblər ki, qədim dövrlərdə insan toplumunda kişilər yox, qadınlar hökmran mövqe tutublar. Nəzəriyyə Fridrix Engelsin xoşuna gəlib və o buna fəlsəfi don geyindirib. Engelsə Marks dəstək verib, Marksa – Lenin və s. və i.a.

Lakin son dövrlərdə alimlər bu tezisə tənqidi yanaşmağa başlayıblar. Araşdırıb üzə çıxarıblar ki, hətta uzaq keçmişdə də matriarxatın mövcudluğu üçün nə iqtisadi, nə də hər hansı digər əsas tapmaq mümkün deyil. Bunu heç primatlardan insana qalmış instinktlər səviyyəsində də izah etmək olmur.

Etologiya (insan və heyvanların davranışlarındakı genetik amilləri öyrənən elm sahəsi) sahəsində böyük avtoritet sayılan rusiyalı professor Viktor Dolnik yazır: "İbtidai icma quruluşunda matriarxat haqqında iddia XIX əsrin kabinet elmi tərəfindən icad edilib. Heç zaman və heç yerdə mövcud olmayan matriarxat haqqında nəzəriyyə yalnız bir faktdan doğub: qədimdə bəzi xalqlarda uşaqlara ata xətti ilə deyil, ana xətti ilə ad qoyurdular. Amma bu fakt ibtidai həyat tərzi şəraitində ağlasığmaz görünən "qadın hökmranlığının" göstəricisi deyil, qrup şəklində nikah dövründə uşağın atasının kim olduğunu müəyyənləşdirməyin qeyri-mümkünlüyündən irəli gələn zərurətdir".

 

Qaynaq: Arif Əliyev. Tarixi Yanlışlıqlar (Bakı, Altun Kitab, 2013)