Reklam
Reklam
Тема: Dilçilik
Тема: Qrammatika
Автор: Rafiq İsmayılov

Mənsubiyyət şəkilçili mürəkkəb sözlər

 

Bir sıra mürəkkəb isimlər qeyri-müəyyənlik bildirən ismi birləşmələrin qrammatik konstruksiyasına malikdir, yəni bu mürəkkəb sözlərin sonuncu komponenti mənsubiyyət şəkilçisi ilə işlənir: dəvəquşu, kəklikotu, dünyagörüşü və s. Bu sözlər müəyyən şəkilçilər qəbul etdikdə mübahisəli məqamlar yaranır.

Belə mürəkkəb sözlər III şəxsin təkinə aid mənsubiyyət şəkilçisi ilə bitdiyinə görə bəzən eyni şəkilçini qəbul etməkdə “çətinlik çəkirlər”, hərçənd hər bir müstəqil söz (isim) kimi bu onların “haqqıdır”.

Müqayisə et:

  • gözaltı – onun gözaltı
  • əmiqızı – onun əmisi qızı
  • gözmuncuğu – onun gözmuncuğu 
  • dünyagörüşü – onun dünyagörüşü 

Göründüyü kimi, sonuncu birləşmələrdə gözmuncuğu, dünyagörüşü sözləri mənsubiyyət şəkilçisi qəbul edə bilmir.

 

Qeyd: Orfoqrafiya lüğətində əlyazma əlyazması sözləri yer alıb. Çox güman ki, “əlyazma” sözü sifət kimi (əlyazma kitab), “əlyazması” isə isim kimi nəzərdə tutulub. Lakin “əlyazması” sözünün cümlələrdə başqa sözlərlə əlaqəyə girərək şəkilçi qəbul etməsini təsəvvür etmək çətindir: mənim əlyazmasım (?), çoxlu əlyazmasılar (?). Ona görə də bu sözdən imtina edərək lüğətdə yalnız “əlyazma” sözünü saxlamaq daha məntiqlidir.

Eyni fikirləri soy‐kök, soykökü, soyqırımı sözlərinə də aid etmək olar. Qrammatik qaydalara əməl etsək, Xocalı soyqırımısı deməliyik. (Necə ki Xocalı faciəsi deyirik.)

 

Məlumdur ki, ismi birləşmələrdə cəm şəkilçisi mənsubiyyət şəkilçisindən əvvəl işlənir:

  • şəhər küçə‐ləri
  • meyvə toxum‐ları

Lakin mənsubiyyət şəkilçili söz müstəqil leksik vahiddir və əslində, cəm şəkilçisi sözün sonuna artırılmalıdır:

  • dəvəquşular
  • suitilər

Bununla belə, bəzi hallarda psixolinqvistik amillər üstün gəlir və mürəkkəb söz “özünü söz birləşməsi kimi aparır”:

  • Dalğalar üzərində köpəkbalıq‐ları‐nın üzgəcləri göründü.
  • İnsanların fərqli dünyagörüş‐ləri var.

 

II Qarabağ müharibəsindən sonra sosial şəbəkələrdə mübahisə qalxdı: “Xankəndi” sözünü yönlük halda necə işlətməliyik:

Xankəndinə, yoxsa Xankəndiyə?

Bəziləri dil qaydalarına istinad edərək (vahid söz prinsipi) Xankəndiyə variantını düzgün hesab edir, analogiyalar gətirirdilər: Qalaaltıya, Daşaltıya, Koroğluya və s. Digərləri nitq praktikasını əsas götürərək bildirirdilər ki, hamı Xankəndinə deyir. Bu sözlə bağlı birmənalı hökm vermək fikrimiz yoxdur, amma yuxarıdakı nümunələrdən də gördüyümüz kimi (dünyagörüşü, köpəkbalığı), bəzən dil qaydaları bütün nitq situasiyalarında keçərli olmur. Əgər dil daşıyıcılarının onundan doqquzu Xankəndinə deyirsə, dilçilər bunu dil qaydalarında istisna kimi qəbul edə bilərlər. Nəzərə alsaq ki, bu cür istisnalar çoxdur, belə bir qayda təklif etmək olar:

İkinci tərəfi mənsubiyyət şəkilçisi qəbul etmiş bir sıra mürəkkəb sözlər yönlük halda işlənərkən y deyil, n bitişdirici samitini qəbul edir: geniş dünyagörüşünə malik olmaq, köpəkbalığına baxmaq və s.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.