Reklam
Reklam
Тема: Dilçilik
Тема: Punktuasiya
Автор: Rafiq İsmayılov

Mötərizə ( )

 

“Mötərizə” adlandırdığımız işarənin müxtəlif qrafik formaları var: 

qövsi – ( )

düzbucaqlı – [ ]

fiqurlu – { }

itibucaqlı – < >

Bunlardan yalnız qövs formalı mötərizə durğu işarəsi sayılır; qalanları praqmatik-funksional işarələrdir. Məsələn, düzbucaqlı mötərizədən fonetikada sözlərin tələffüz formasını (transkripsiya) göstərmək üçün istifadə olunur: zanbaq [zambax]; fiqurlu və bucaqlı mötərizələr isə daha çox riyazi əməllərdə, düsturlarda, proqramlaşdırma dillərində rast gəlinən işarələrdir.

Yazıda mötərizədən əlavə məlumat ötürmək, cümlədəki fikri dəqiqləşdirmək, aydınlaşdırmaq üçün istifadə olunur. Bu məlumatlar cümlənin sintaktik konstruksiyasında “yer tapmadığına” görə mötərizədə yazılır.

 

Mötərizə içərisində yazılır:

Cümlədə hər hansı məlumatı dəqiqləşdirən, konkretləşdirən sözlər, söz birləşmələri

  • Nişapurdakı məscidlərin birində (Mani Camii) iki min insan diri-diri yandırılmışdı.
  • Onlar müxtəlif dini cərəyanların (məsələn, əyyarilərin) nümayəndələrini öz ordularına qatmağa çalışmışlar.
  • Torqovı küçəsində (indiki Nizami) əvvəllər alman qənnadı mağazası var idi.

 

Cümlələrdə rast gəlinən alınma sözlərin tərcüməsi:

  • “Teleqram” sözü yunanca tele (uzaq) və qramma (yazı) sözlərinin birləşməsindən əmələ gəlmişdir. 
  • “Avtomobil” sözü etimoloji mənasına görə “özü yeriyən” (yun. “auto” – özü, “mobile” – hərəkət) deməkdir.

 

Hər hansı sözlə bağlı məlumat verən əlavə cümlələr:

  • Çıraqqala (Azərbaycanın Şabran rayonunda yerləşir) sıldırım qayanın zirvəsində tikilmişdir.
  • “Müasir tarix” kitabında (həmin kitab Fransada orta məktəblərdə rəsmi dərslik kimi istifadə edilirdi) Sultan Əbdülhəmid haqqında məlumat verilir.

Bax: Əlavə cümlələrdə durğu işarələri: mötərizə, tire, vergül, nöqtə

 

Cümlədə sözügedən varlıq və hadisəyə aid zaman və ya məkanla bağlı məlumatlar:

  • Rəsul Rza (1910-1981) yaradıcılığı ilə Azərbaycan poeziyasında yeni bir cığır açmışdır.
  • II Dünya müharibəsi (1939-1945) çox böyük miqyas alaraq, demək olar ki, bütün iri dövlətləri əhatə etmişdi.

 

Dram əsərlərində remarkalar:

  • Mirzə Bayram (daxil оlur). Salaməlеyküm.
  • Nəcəf bəy. Əlеykəssalam, mirzə. Buyur əyləş. (Mirzə əyləşir.) Əhvali-şərif? (Ə.Haqverdiyev)

 

Mətn daxilində gətirilən sitatın mənbəyi:

  • “Mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxıda oldum, Azərbaycan dilini öyrənməyə başladım. Bu dil burada, ümumiyyətlə, Asiyada, fransız dilinin Avropada olduğu qədər zəruridir” (M.Y.Lermontov. Əsərləri, VI cild, M., 1957, s. 440-441).

Belə cümlələrdə nöqtə mənbənin verildiyi mötərizədən əvvəl qoyulur:

  • “Ən yaxşı dostum güzgüdür, çünki mən ağlayanda o heç vaxt gülmür”. (Çarli Çaplin)

 

Mətn daxilində müəllif, tərcüməçi və ya redaktorun şərhi:

  • Şimalın Cənuba qarşı məşhur müharibəsi (1861-1865-ci illərdə ABŞ-də baş verən Vətəndaş müharibəsi nəzərdə tutulur – red.) Fransada vahimə doğurmuşdu.

Qeyd: Vasitəsiz nitq daxilində müəllif nitqini əlavə cümlə kimi işlətmək məqsədəuyğun deyil:

  • – Əmi, – dedi, – (atasına “əmi” deyirdi) obaya fındıq satan gəlib, pul ver, alaq.

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.