Əlifba kəşf olunduqdan sonra yazıda istifadə olunan ilk durğu işarəsi nöqtə oldu. Elə punktuasiya (punctuatio) sözünün kökü də nöqtə mənasını verir. Görünür, mətnin rahat oxunması üçün insanların ağlına gələn ilk məsələ cümlələri bir-birindən ayırmaq olub. Onlar nöqtəni cümlə bitdikdən sonra sətrin yuxarısında, ortasında və ya aşağısında qoyurdular. Çox sonralar nöqtənin yazıda yeri sabitləşdi, başqa funksiyaları da meydana çıxdı.
Cümlənin sonunda
• Cümlə sonunda nöqtə işarəsi həmin cümlənin adi intonasiya ilə deyildiyini bildirir. Bu, nəqli və ya əmr cümləsi, sadə və ya mürəkkəb cümlə, adlıq cümlə, sözcümlə və s. ola bilər. Məsələn:
Əmr cümləsi: Sabah hamınız tədbirdə iştirak edin.
Adlıq cümlə: Şuşa. 2020-ci il. 7 noyabr.
İstisna: Cümlə şəklində ifadə olunan kitab adları, mətn başlıqları və yarımbaşlıqlardan sonra nöqtə qoyulmur. Məsələn:
BƏLKƏ DƏ, QAYTARDILAR
SAPI ÖZÜMÜZDƏNDİR
ÖLÜLƏRİ QƏBİRİSTANDA BASDIRIN
Qeyd: Başlıq iki hissədən (söz, söz birləşməsi, cümlə) ibarət olduqda birinci hissədən sonra bəzən nöqtə qoyulur:
Qurban Səid
MƏHƏMMƏD. SONUNCU PEYĞƏMBƏR
Sətirbaşında yazılan yarımbaşlıq və ya qeyddən sonra, adətən, nöqtə qoyulur:
Musiqi ilə inteqrasiya. Müəllim “Sülh nəğməsi” mahnısını səsləndirir...
• Cümlə daxilində sitat, nümunə kimi işlənən cümlələr dırnaq içərisində yazılır və onlardan sonra nöqtə qoyulmur:
Albert Eynşteynin “Təxəyyül bilikdən vacibdir” kəlamı ilə razılaşmamaq mümkün deyil.
İndi isə “Sabah Xocavənd istiqamətində əks-hücuma keçəcəyik” cümləsini təhlil edin.
• Mötərizə daxilində verilən əlavə cümlələrdə nöqtə qoyulmur:
Bu xeyirxah qadının (onun əri müharibədə komandirim olmuşdu) mənə dediyi sözləri heç vaxt unutmaram.
Qeyd: Bəzən əlavə cümlələr cümlə daxilində deyil, cümlələr arasında işlənir. Bu o halda baş verir ki, müəllifin vurğulamaq istədiyi fikir xüsusiləşir, cümlələr arasındakı məntiqi ardıcıllığı pozur. Bu halda mötərizə daxilindəki cümlənin sonunda nöqtə qoyulur. Məsələn:
Anamdan təkrar soruşdum ki, doğru deyirsən? (Mənim belə təkidlə soruşmağımın səbəbi bir də o idi ki, seyidlər mənim xəyalımda qapı-qapı gəzib nəzir yığan fağır adamlar idi.) Anam eyni təbəssümlə dedi... (İ.Əfəndiyev)
Həmçinin bax: Əlavə cümlələrdə durğu işarələri.
İxtisarlarda
• Elmi ad bildirən professor, dosent, akademik kimi sözlərin qısaldılmış formalarından sonra:
prof. Əhmədov
dos. Niyazova
akad. Ələkbərov
• Elmi dərəcə bildirən birləşmələrin ixtisarlarında:
fil.ü.f.d. (filologiya üzrə fəlsəfə doktoru)
riy.ü.e.d. (riyaziyyat üzrə elmlər doktoru)
• Məsələn, və başqaları, və sair, və ilaxır sözlərinin qısaldılmış formalarından sonra:
məs. (məsələn)
və b. (və başqaları)
və s. (və sair)
və i.a. (və ilaxır)
• Sorğu kitablarında (ensiklopediya, lüğət və s.) çox işlənən şərti ixtisarlarda:
yun. (yunan)
anat. (anatomiya)
k.t. (kənd təsərrüfatı)
is. (isim)
Qeyd: Adətən, bu cür ixtisarların siyahısı sorğu kitabının əvvəlində təqdim olunur.
• Elmi ədəbiyyatda istifadə edilən (geniş qəbul edilmiş) qısaltmalarda:
f.i.ə. – faydalı iş əmsalı
e.h.q. – elektrik hərəkət qüvvəsi
e.ə. – eradan əvvəl
M.ö. – Miladdan öncə
• İnisiallardan (ad, ata adının birinci hərflərindən) sonra:
M.Ə.Sabir 1862-ci ildə anadan olmuşdur.
Cəlladda qan olmaz, oğruda vicdan. (S.V.)
İstisnalar:
• Ölçü vahidi bildirən sözlərin ixtisarında nöqtə qoyulmur:
kq (kiloqram)
mq (milliqram)
dm (desimetr)
ha (hektar)
• Təşkilat, ölkə və s. adlarının baş hərflərindən ibarət abreviaturlarda nöqtə qoyulmur: ABŞ, BMT, AMEA
Sıralamada (sadalamada)
• Siyahılarda, elmi mətnlərdə və tədris ədəbiyyatında rast gəlinən sadalamalarda sıra sayı səciyyəsi daşıyan rəqəm və ya hərflərdən sonra nöqtə qoyulur:
Zərfin quruluşca üç növü var:
1. Sadə zərflər: irəli, aşağı, səhər və s.
2. Düzəltmə zərflər: qəsdən, ehtiyatla, dostcasına və s.
3. Mürəkkəb zərflər: başdan-başa, yavaş-yavaş və s.
Qeyd: Bu cür sadalamalarda bəzən mötərizə işarəsindən də istifadə olunur. (Bax: Mötərizə)
• Hər hansı sənədin, qaydalar toplusunun və s.-nin sadalanan maddələrini, bəndlərini göstərən və kod səciyyəsi daşıyan rəqəmlərin hər birindən sonra nöqtə qoyulur:
1. Ümumi müddəalar
1.2. Bu qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. dərslik – ...;
1.2.2. rəqəmsal dərslik – ...;
1.2.3. dərs vəsaiti – ...
(“Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədrismetodik vasitələrin hazırlanması qaydası”ndan)
Rəqəmlərdə
• Tarixlərdə gün, ay və ili göstərən ədədlər arasında nöqtə qoyulur:
05.11.2020
Qeyd: Bəzən kəsr saylarında nöqtə işarəsindən istifadə edilir. Lakin nəzərə almaq lazımdır ki, tam ədədlə kəsr arasında vergül qoyulur:
10,5 (on tam onda beş)