Bəzi tarixçilər və siyasətçilər mütəmadi şəkildə Azərbaycan Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin ünvanına müxtəlif ittihamlar səsləndirirlər. Bu cür ittihamlar adətən tarixi reallıqdan uzaq olub hər hansı mənbəyə əsaslanmır.
Rəsulzadə haqqında belə iddialardan biri də onun mühacirətdə olarkən, II Dünya müharibəsi zamanı faşist Almaniyası ilə əməkdaşlıq etməsi, hətta Adolf Hitlerlə görüşməsi, Azərbaycan Cümhuriyyətinin bərpası müqabilində ona dəstək vəd verməsi barədədir. Bəs həmin iddiada həqiqət payı varmı? Bu suala bir neçə başlıq altında cavab vermək mümkündür.
Məmməd Əmin 1939-41-ci illərdə niyə bir neçə ölkə dəyişmişdi?
II Dünya müharibəsi başlayarkən Rəsulzadə Varşavada yaşayırdı. Faşist Almaniyası buranı işğal etdikdən sonra o, Fransaya getmək məcburiyyətində qaldı. Lakin az sonra Fransa özü alman təcavüzünün qurbanı olmaq təhlükəsi ilə üzləşdi – Belçika, Niderland və Lüksemburqu tutan faşistlər 1940-cı il mayın 28-də Fransa üzərinə hücum başlatdılar. Belədə Rəsulzadə bitərəf dövlət statusunda olan İsveçrəyə keçmək qərarına gəldi. Ancaq çox keçmədi ki, bu fikrindən daşındı. Tarixçi professor Aydın Balayevin yazdığına görə, Polşanın mühacirətdəki hökumətinin başçısı, şəxsi dostu Vladislav Sikorskinin dəvəti ilə Məmməd Əmin bir müddət Londonda yaşayıb, lakin orada da çox qala bilməyib. İngiltərə hökuməti ilə SSRİ arasında yaxınlaşmanın ilk təzahürləri ortaya çıxan kimi Rəsulzadə "Dumanlı Albion"u tərk edərək, fəaliyyətini Buxarestdə davam etdirməli olub.
Beləcə, Məmməd Əmin qısa fasilələrlə II Dünya müharibəsinin sonuna kimi burada, Rumıniya paytaxtında yaşadı. Türkiyənin Buxarestdəki səfiri, hələ 1911–1913-cü illərdə İstanbulda yaşayarkən tanış olub dostluq etdiyi Həmdullah Sübhi Tanrıöver onun fəaliyyəti üçün hər cür şərait yaratmışdı. Bir sözlə, Rəsulzadə II Dünya müharibəsi boyunca Avropanı çulğayan faşizm təhlükəsi səbəbindən bir neçə ölkə dəyişməli olub.
Məmməd Əmin faşizm haqqında nə düşünürdü?
Rəsulzadə Hitler Almaniyası ilə mübarizədə açıq şəkildə Qərb dövlətlərinin tərəfində idi. Bir yandan alman nasistlərinin “irqi alilik” nəzəriyyəsini tamamilə qəbuledilməz sayan Məmməd Əmin digər tərəfdən də totalitar idarəçiliyə qarşı idi. O, hələ 1933-cü ildəki məqalələrindən birində Hitleri Almaniyada nasist diktaturası qurmaqda günahlandırır, faşizmlə kommunizmin mahiyyətcə eyni ideologiya olduğunu, hər ikisinin totalitarizmə xidmət etdiyini vurğulayaraq yazırdı: “Hitlerçilik, hər şeydən əvvəl kommunizm demoqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O... öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəzləmişdir”.
“Demokrasi və sovetlər” məqaləsində (1934) isə Rəsulzadə hitlerizmi İtaliyada olduğu kimi "faşist diktatorluğu" qurmaq niyyətində ittiham edirdi.
Məmməd Əmin Berlinə niyə getmişdi?
1941-ci ilin payızında Sovet ordusu nasistlərin hücumuna müqavimət göstərməyə başlayınca Üçüncü Reyxin casus təşkilatı olan Abver oktyabr-noyabr aylarında sovet hərbi əsirlərindən ibarət xüsusi ordu hissələrinin – milli legionların yaradılmasına başladı. Nasistlərin fikrincə, SSRİ-dən olan könüllülərin onların tərəfində sovetlərə qarşı vuruşması siyasi baxımdan bolşevik ideologiyasının çürüklüyünü bütün dünyaya nümayiş etdirməli idi. Bu məqsədlə alman ideoloqları SSRİ-nin qeyri-rus xalqlarını öz tərəflərinə çəkmək fikrinə düşdülər və hələ 1941-ci ilin iyulunda yaradılan, işğal edilmiş ərazilərin idarəçiliyinə məsul olan Şərq Nazirliyinin fəaliyyətini gücləndirdilər. Məhz həmin nazirliyin başçısı Alfred Rozenberq SSRİ-nin məhkum xalqlarının nümayəndələrindən ibarət milli komitələrin yaradılması təklifini irəli sürdü. Həmin komitələr ayrı-ayrı xalqların mühacir hökumətləri kimi nəzərdə tutulurdu. Bu ideyanın reallaşması üçün SSRİ-dən olan siyasi mühacirlərlə əlaqələri sıxlaşdırmaq tələb olunurdu. Azərbaycan mühacirəti daxilindəki Rüstəmbəyli-Xasməmmədov (Şəfi bəy Rüstəmbəyli və Xəlil bəy Xasməmmədov) qruplaşması Hitler Almaniyası ilə dialoqa hazır olduğunu heç vaxt gizlətmirdi. Lakin alman rəsmi dairələri siyasi çəkisi, nüfuzu səbəbindən Azərbaycan mühacirətinin təmsilçisi olaraq yalnız Rəsulzadəni görürdülər. Məmməd Əmin isə onlarla dialoq məsələsində son dərəcə ehtiyatlı davranırdı. Çünki nasist liderlərinin SSRİ üzərində qələbə çalacaqları təqdirdə Qafqaz xalqlarına, o cümlədən azərbaycanlılara dövlət müstəqilliyini bərpa etmək üçün imkan verəcəklərinə şübhə ilə baxırdı. Bununla yanaşı, Vermaxtın “Böyük Türküstan” planında öz əksini tapmış bəzi geosiyasi müddəalara bel bağlayan Rəsulzadə həmin layihədə müstəqil Azərbaycanın da yeri olacağına ümid bəsləyirdi. Təbii ki, hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq Məmməd Əmin Rəsulzadə Azərbaycanın müqəddəratı ilə bağlı proseslərdən qətiyyən kənarda qala bilməzdi. Ona görə də Üçüncü Reyxin Xarici İşlər Nazirliyinin (XİN) idarə rəisi, bu ölkənin SSRİ-dəki keçmiş səfiri, qraf Fridrix-Verner fon der Şulenberqin dəvəti ilə 1942-ci ilin may-iyun aylarında Berlinə gələrək Almaniyanın rəsmi dairələri ilə danışıqlarda bir çox məsələləri aydınlaşdırmağa çalışdı. O, almanlarla danışıqlarda “düşmənimin düşməni mənim dostumdur” kimi klassik formuldan tam olaraq çıxış edə bilmirdi. Çünki Kremlə düşmən olsa da, Berlin üçün hələ ki, Azərbaycan adlı “dost subyekti” yox idi. Rəsulzadə ilkin danışıqlarda Qafqazı tutacağı təqdirdə Almaniyanın məhz həmin subyekti – Azərbaycanı müstəqil dövlət olaraq tanıması məsələsini əsas şərt kimi irəli sürürdü.
Berlinin “Adlon” otelində keçirilən və siyasi ədəbiyyatlara “Adloniada” kimi düşən danışıqlarda Məmməd Əmin Azərbaycan tərəfinin mövqeyini 12 maddəlik memorandumda ifadə etmişdi. Başda təbii ki, müstəqilliyin tanınması tələbi gəlirdi. Digər şərtlər isə bunlar idi: azərbaycanlıların alman həbs düşərgələrindən çıxarılması; onların yalnız mülki işlərdə işlədilməsi; Azərbaycanın milli ordusunun yaradılması; ordu başçısının azərbaycanlılar içərisindən seçilməsi; azərbaycanlıların Sovet imperiyasında yaşayan digər xalqlara qarşı deyil, yalnız bolşevik ruslara qarşı vuruşması; almanlar Qafqazı tutduqdan sonra Azərbaycana ilk olaraq milli ordunun daxil olmasının təmin edilməsi və s.
Üçüncü Reyx təmsilçiləri bu şərtlərin çoxunu qəbul etmədilər. Üstəlik, həmin vaxt Çar Rusiyasından olan mühacirlərlə əməkdaşlıq məsələsində Almaniyanın iki qurumu – Xarici İşlər ilə Şərq nazirlikləri arasında konflikt yaranmışdı. Belə ki, Şərq Nazirliyinin başçısı onun səlahiyyətlərinə müdaxilə etməsi səbəbi ilə XİN başçısından Hitlerə şikayət etmiş, yalnız bundan sonra mühacirlərlə işləmək səlahiyyəti Rozenberqə verilmiş, nəticədə başqa problem ortaya çıxmışdı: Şərq naziri müxtəlif ölkələrdən Berlinə dəvət olunmuş siyasi mühacirlərlə, o cümlədən Qafqaz nümayəndələri ilə nə edəcəyini bilmirdi. Onları Berlindən boş-boşuna yola salmaq isə Üçüncü Reyxin nüfuzuna kölgə salmaq, gələcəkdə nəzərdə tutulan əməkdaşlığın yolunu kəsmək mənasına gəlirdi. Bu səbəbdən də tələm-tələsik şəkildə nüfuzlu mühacirlərin iştirakı ilə heç bir real səlahiyyəti olmayan formal qurumlar yaratmaq qərarlaşdırıldı. Bəziləri bu qurumları “komitə” adlandırsa da, alman sənədlərində onlar “komissiya” kimi qeyd edilir. Azərbaycan tərəfdən həmin komissiyaya formal olaraq Rəsulzadə ilə yanaşı, Mustafa Vəkilov və Miryaqub Mehdiyevin adları yazılmışdı. Şərq Nazirliyinin şöbə rəisi Herhard fon Mende xatirələrində yazır ki, onların hər üçü Şərq Nazirliyində “lap əvvəldən... müəyyən etimadsızlıq yaradan demokratlar” kimi qəbul olunmuşdu. Müasir alman tarixçisi Patrik fon Sur-Mlenin yazdığına görə, “gürcü və erməni milli komissiyaları, kağız üzərində də olsa yaradıldılar, Azərbaycan komissiyası isə... epizod şəklində qaldı”. Bu mövzuda mötəbər arxiv sənədləri əsasında araşdırma aparmış gürcü mənşəli Fransa tədqiqatçısı Georgi Mamuliya da qeyd edir ki, həmin proseslərdə Rəsulzadə almanlar qarşısında Azərbaycanın müstəqilliyini tanımaq şərtini qoysa da, Bakı neftinə doğru can atan Berlinin planına belə bir şey daxil deyildi.
İstənilən halda Berlin rəsmilərinin onunla əməkdaşlıqda maraqlı olmasından istifadə edən Məmməd Əmin həmin dövrdə alman əsirliyindəki 70 min nəfər azərbaycanlı əsirin bir qisminin xilasında iştirak edə bildi. Sonradan həmin əsirlərin sayının artaraq 150 min nəfərə çatdığını qeyd edən araşdırmaçı Ramiz Abutalıbovun yazdığı kimi, müharibənin əvvəlində almanlar bir çox müsəlmanları, o cümlədən də azərbaycanlıları sünnət əlamətinə görə yanlış olaraq yəhudi hesab edərək güllələyirdilər. Rəsulzadə və mühacirətin digər nümayəndələrinin müdaxiləsindən sonra azərbaycanlı hərbi əsirlərin güllələnməsi faktiki olaraq dayandırıldı. Bu, bir çox yəhudinin də həyatını xilas etməyə imkan verdi, çünki əsirlikdəki bəzi zirək yəhudilər də özlərini müsəlman kimi təqdim etməyə başladılar.
Tədqiqatçı Aydın Balayevin yazdığı kimi, əsas məsələyə, yəni Azərbaycanın istiqlaliyyətinə münasibətin aydın olmaması səbəbindən Rəsulzadənin alman rəhbərliyi ilə münasibətləri sonadək gərgin olaraq qaldı. Çünki o, əsl siyasətçi intuisiyası ilə milli məsələnin həllinə dair Hitlerin planlarından baş aça bilir, vədlərlə aldadılmasına imkan vermirdi. Ona görə də bütün görüşlərdə və danışıqlarda, ilk növbədə Azərbaycanın dövlət müstəqilliyinin Almaniya tərəfindən rəsmi şəkildə tanınması məsələsini önə çəkirdi. Axırda Məmməd Əminin bu tələbi Üçüncü Reyxi birdəfəlik usandırdı. Onun Şərq Nazirliyi tərəfindən yaradılmağa çalışılan “milli komitə”yə (əslində, komissiyaya) yaxın durmaması almanlarla əməkdaşlıqdan imtina kimi qəbul edildi. Getdikcə tamamilə aydın oldu ki, Üçüncü Reyxə milli istiqlaliyyət məsələsində təkid edən siyasi liderlər yox, Azərbaycan legionlarının formalaşdırılması və hazırlanması ilə məşğul olacaq praqmatik icraçılar lazımdır. Buna görə də tezliklə Almaniyadakı Azərbaycan mühacirətinin ön sıralarına Rəsulzadənin opponentləri olan Əbdürrəhman Fətəlibəyli-Düdənginski, Abbas bəy Atamalıbəyov və Fuad Əmircan çıxdılar. Rəsulzadə isə 1942-ci ilin payızında Almaniyanı tərk edərək yenidən Buxarestə qayıtmalı oldu.
Məmməd Əmin nasistləri qəzəbləndirən çıxışında nə demişdi?
Hadisələrin gedişatı göstərirdi ki, alman rəhbərliyi Rəsulzadəni ələ alacaqlarına ümidlərini hələ də itirməmişdilər. Ona görə də 1943-cü ildə onu əməkdaşlığa sövq etmək üçün sonuncu dəfə cəhd göstərildi. Lakin bu cəhd də heç bir nəticə vermədi. Əksinə, həmin dəvət çərçivəsində Rəsulzadənin 1943-cü ilin avqustunda Azərbaycan legionerləri qarşısındakı tarixi çıxışı onunla Almaniya hakimiyyəti arasındakı bütün "körpülərin yandırılmasına" səbəb oldu. Həmin çıxışında Məmməd Əmin Azərbaycan legionerlərini öz istiqlaliyyəti uğrunda mübarizə aparan xalqlara qarşı silah işlətməməyə çağırdı. Üstəlik, açıq şəkildə bildirdi ki, “hürr və azad bir dövlət həyatı yaşamaqda ikən, onların bağımsızlığını əllərindən alan Almaniya, kommunist işğalı altındakı Azərbaycana heç bir zaman müstəqillik verməyəcəkdir”. Bu antifaşist çıxış alman rəsmiləri üçün həyəcan siqnalına çevrildi – Şərq Nazirliyi Rəsulzadənin legionlarla hər hansı əlaqə və ünsiyyətini dərhal qadağan etdi. Həmçinin Məmməd Əminin təcili şəkildə Almaniyadan çıxarılması məsələsi gündəmə gəldi. Əslində, onun özünün də bu ölkədə artıq heç bir işi qalmamışdı. Bütün bu hadisələr barədə Rəsulzadə sonralar özünün “Çağdaş Azərbaycan tarixi” (1951) əsərində belə yazırdı: “1942 və 1943-cü illərdə Almaniya Xarici İşlər Nazirliyinin dəvətilə digər qafqazlı siyasi emiqrantlarla birlikdə Berlinə getdiyim zaman biri mənfi, digəri müsbət iki şeyə şahid oldum. Hitler Almaniyasının mövqeyi bütün milli məsələlərdə olduğu kimi, Qafqaz məsələlərinə münasibətdə də mənfi idi. Berlindən milli mübarizəmizin əsaslarını tanımasını gözləmək əbəsdi. "Ali irq"in nəzəriyyəçiləri ilə Polşadakı, Ukraynadakı və işğal olunan başqa məmləkətlərdəki alman praktikləri ən kiçik ümidə belə, yer vermirdilər. Üzərimizə düşən yeganə vəzifə milli haqlarımızı və istiqlal davamızı tanımayan bir hökumətlə birgə fəaliyyətin baş tutmayacağını təsdiq edərək meydandan çıxmaqdı. Belə də etdik. 1943-cü il 5 avqust tarixli bir memorandum imzalayaraq Berlini tərk elədik”.
Məmməd Əmin çox acı təəssüratlar altında Buxarestə qayıtdı. Lakin onun Azərbaycan legionerləri qarşısındakı çıxışı və almanlarla əməkdaşlıqdan imtinası Üçüncü Reyxin Azərbaycan komitəsi üçün yeni namizəd seçimini sürətləndirdi. Onlar qəti olaraq Xasməmmədov qruplaşmasının üzvləri və Düdənginski ilə işbirliyi qurmaq qərarına gəldilər. Hərbi bacarıqları sayəsində Düdənginski tezliklə önə çıxdı və 1943-cü ilin noyabrında bütün Azərbaycan legionları üzərində komandanlığı qəbul etdi. Əslində, hadisələrin bu ssenari üzrə inkişafı Rəsulzadənin maraqlarına müəyyən mənada uyğun idi. Ən azı ona görə ki, Məmməd Əminin canı alman rəsmilərinin əməkdaşlıqla bağlı aramsız və zəhlətökən təkliflərindən qurtuldu. Lakin məsələnin başqa tərəfi də vardı: almanlarla əməkdaşlığa “yox” deməsi onun həyatını təhlükə qarşısında qoyurdu. Düzdür, Rəsulzadə Almaniya hüdudlarından kənarda, Rumıniya paytaxtında yaşayırdı, intəhası, Üçüncü Reyxin əli çox uzun idi və nasist kəşfiyyatı Avropanın hər yerində “səmərəli” işləyə bilirdi. Buna görə də Rəsulzadə bir müddət öz şəxsi təhlükəsizliyi qayğısına da qalmalı oldu. Türkiyəli tədqiqatçı Ömər Özcanın yazdığı kimi, belə çətin günlərdə Məmməd Əmin “Buxarestdə Türkiyə səfirliyinin tam himayəsi altında idi”.
Beləliklə, II Dünya müharibəsi zamanı M.Ə.Rəsulzadənin alman rəsmiləri ilə təmasları yalnız yuxarıda göstərdiyimiz epizodlardan ibarətdir və bəzi “tarixçilər”in, siyasətçilərin onu nasistlərlə əməkdaşlıqda günahlandırması iftiradan başqa bir şey deyil, hansısa xüsusi məqsədlərə, çirkin siyasi niyyətlərə xidmət edir.
Məmməd Əmin, doğrudanmı, Hitlerlə görüşüb?
Məmməd Əmin “bir nömrəli nasist” Adolf Hitlerlə də heç vaxt görüşməyib. Azərbaycan mühacirət hökumətinin rəhbəri kimi onun Almaniya hökuməti ilə müzakirələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Gerhard fon Mende və Almaniyanın Moskvadakı keçmiş səfiri, Xarici İşlər nazirliyinin təmsilçisi Fridrix Şulenberq vasitəsi ilə olub. Danışıqların məğzi isə başlıca olaraq Azərbaycanın müstəqil dövlət kimi tanınması tələbindən irəli getməyib. Tarixçi Aydın Balayevin yazdığı kimi, ilk əvvəl “elə təəssürat yaranmışdı ki, sanki almanlar öz məqsədlərinə çatıblar və bəzi müəlliflərin yazdığına görə, Məmməd Əmin Rəsulzadə Berlində yaradılan Azərbaycan Milli Komitəsinə başçılıq etməyə guya razılıq vermişdi. Lakin bu günədək alman arxivlərində onun, həqiqətən də, həmin quruma başçılıq etməsini təsdiqləyən heç bir rəsmi sənəd aşkarlanmayıb”.
Sovet xüsusi xidmət orqanlarının 1943-cü ildə SSRİ-nin ovaxtkı Xarici İşlər komissarı Vyaçeslav Molotova təqdim etdiyi arayışda “Məmməd Əmin Rəsulzadənin “səmərəsiz fəaliyyətinə” görə Azərbaycan Milli Komitəsindən azad edilməsi” barədə qeydi də göstərir ki, o, adı çəkilən komitə ilə heç vaxt bağlı olmayıb – axı Rəsulzadənin adı və “səmərəsiz fəaliyyət” ifadəsi bir yerə sığmır. Məmməd Əmin, həqiqətən də, həmin qurumun üzvlüyünü qəbul etsəydi, çətin ki, almanlar onun fəaliyyətindən narazı qalardılar...
Elə alman tədqiqatçı Patrik Mühlen də açıq şəkildə qeyd edir ki, Rəsulzadənin rəhbəri olduğu iddia edilən komitə faktiki mövcud deyildi. Azərbaycan legionunun tanınmış simalarından biri və Düdənginskinin köməkçisi olmuş Cabbar Ərtürk isə xatirələrində yazır: “O, kritik illərdə Polşada və sonra da Avstriyada olan Rəsulzadə şəxsən Fətəlibəyli-Düdənginski tərəfindən dəvət edildi. “Gəlin, bizim Komitə sədrliyini sizə təhvil verim və keçmiş dövlət başqanımız olaraq bizi almanların və digər dövlətlərin qarşısında təmsil edin” dediyi halda, mərhum Rəsulzadənin verdiyi cavab bu oldu: "Mən keçmiş dövlət başçısı olaraq Almaniya idarəçiliyindəki bir komitənin başqanı olaraq özümü kiçiltmərəm".
Tarixi sənədlər göstərir ki, almanların Məmməd Əmindən faydalanmaq, onun nüfuzundan istifadə etmək cəhdləri baş tutmayıb. Həmçinin gürcü nümayəndələri və Dağıstan təmsilçiləri də öz ölkələrinin müstəqilliyini tanımaqdan boyun qaçırması səbəbindən Almaniya hökuməti ilə danışıqları dayandıraraq Berlini tərk ediblər.
Mötəbər tədqiqatçıların, siyasi konyukturadan uzaq araşdırmaçıların fikrincə, mötəbər tarixi sənədləri bir kənara qoyub Rəsulzadəni nasist rejimi ilə hər hansı əməkdaşlıqda ittiham eləmək müstəsna həyasızlığın məhsulu ola bilər.
Mənbə: Qulu Məhərrəmli. Məmməd Əmin Rəsulzadə. “Altun kitab” nəşriyyatı, Bakı-2025