Reklam
Reklam
Тема: Dilçilik
Тема: Leksika
Автор: Rafiq İsmayılov

Tavtologiya

 

Yunanca tavtologiya “eyni sözü demək” mənasını verir. Mənaca eyni və ya yaxın sözlərin, ifadələrin təkrarı, eyni bir fikrin gah bu, gah da başqa şәkildә ifadәsi tavtologiya adlanır. Nitqin təsir gücünü artıran bədii təkrirdən fərqli olaraq, tavtologiya üsluba ağırlıq gətirən lazımsız təkrardır. Məsələn, bəzən xatırlamaq, təkrarlamaq, köçürmək sözlərinin əvvəlində lazım olmadan “yenidən” sözü işlədilir, halbuki həmin sözlərin semantikasında “yenidən” mənası mövcuddur:

  • Bir neçə gündən sonra həmin hadisə yenidən təkrarlandı.

 

Nitqdə tavtologiya müxtəlif şəkillərdə təzahür edir:

Nitqdə artıq sözlərin işlədilməsi: 

  • Biz ən optimal çıxış yolunu təklif edirik.
  • Ədəbiyyatımızda nəsrlə yazılmış ilk hekayə janrının banisi A.Bakıxanov hesab edilir. 
  • Dostuma yaxınlaşaraq niyə belə etdiyinin səbəbini soruşdum.
  • Mən insanın yadplanetlilərlə ünsiyyət imkanının mümkünlüyünə inanıram.
  • Kompüter texnologiyaları inanılmaz dərəcədə irəliyə doğru inkişaf etmişdir.
  • Xalça sənətinin ilk mənşəyi hun dövrünə gedib çıxır.
  • Çöldən tapdığımız pişik həmin qışın axırını bizim daxmada başa vurdu.
  • Sonu saitlə bitən feillərə idi, imiş sözlərinin ixtisar forması artırıla bilər.
  • İndi biz iki seçim qarşısındayıq.
  • Unutmayın, keçən zamanı geri qaytara bilmək mümkün deyil.
  • Bu cərəyanın ilk yaradıcıları – Ceyms Tomson və Tomas Qrey olmuşlar.

 

Yazıda ən çox rast gəlinən tavtoloji ifadələrdə çox zaman alınma sözlər iştirak edir:

  • qiymətlərin preyskurantı (“Preyskurant” alman dilindən tərcümədə “qiymətlərin kataloqu” deməkdir.)
  • boş vakansiya (Tutulmuş vakansiya artıq vakansiya deyil.)
  • öz avtobioqrafiyası (“Avto” hissəciyi “öz” mənasını verir.)
  • gələcək perspektiv (“Perspektiv” sözü ayrılıqda “gələcək” mənasını ifadə edir.)
  • ilk debüt (“Debüt” sözü “ilk çıxış” mənasını verir.)
  • ilk öncə (Hər ikisi eyni mənadadır.)
  • eyni analoq (“Analoq” sözü “eyni, bənzər” mənalarını verir.)
  • sözün etimoloji mənşəyi (“Etimologiya” sözün mənşəyi deməkdir.)
  • kütləvi epidemiya (“Epidemiya” kütləvi yayılmış xəstəlik deməkdir.)
  • qeyri-adi ekzotika (“Ekzotika” sözü “qeyri-adi” mənasını verir.)
  • ifrat ekstremizm (“Ekstremizm” – ifrat mübarizə metodları)
  • gözlənilməz sürpriz (Sürpriz həmişə gözlənilməz olur.)
  • öz gözləri ilə şahid olmaq (Hər hansı hadisənin şahidi onu öz gözləri ilə görən insandır.)

 

Cümlədə eyni kökə malik sözlərin müxtəlif qrammatik formalarda təkrarı:

  • Mətnin 1-ci və 2-ci hissələrində baş verən hadisələr bu şəhərdə baş verir.
  • Tədbirdə iştirak edən 100-ə yaxın iştirakçı zalı tərk etdi.
  • Dinozavrlara aid ilk tapıntılar İngiltərə ərazisində 1815-ci ildə tapılmışdır.
  • Bu söz məna etibarilə eyni mənanı bildirir.
  • Bu resurslar mövcud proqram əsasında hazırlanmış dərsliklərin materi­alları əsasında hazırlanmalıdır.
  • Anasının keçən il hədiyyə etdiyi bu hədiyyə onun üçün ən qiymətli hədiyyə idi.
  • Daha sonra qrup üzvləri təqdimatı təqdim etmək üçün nümayəndə seçirlər.

 

Bir sözlə ifadə oluna bilən anlayışın iki və daha çox sözlə ifadəsi:

Yanlış: Başqasının danışığında səhv tapmağa çalışmaqdansa, öz nitqinizə nəzarət edin.

Düzgün: Başqasının danışığında səhv axtarmaqdansa, öz nitqinizə nəzarət edin.

Yanlış: Təbii olmağa çalışmayın, buna səy göstərməyə çalışan adam təbii ola bilməz.

Düzgün: Təbii olmağa çalışmayın, buna cəhd edən adam təbii ola bilməz.

 

Qrammatik tavtologiya: eyni funksiya daşıyan köməkçi nitq hissələri və ya şəkilçilərin təkrarı:

  • Bu həm də millətimizin psixologiyası ilə bağlıdır.
  • Bir halda ki mənə inanmırsınızsa, onda şahidlərdən soruşun.
  • Bu mətn üzərində iş oxu bacarığı ilə yanaşı, eyni zamanda şagirdlərin dünyagörüşünü inkişaf etdirir.
  • O, ağıllıdır, ancaq, bununla belə, böyük qəbahət işləyib.
  • Onun bu nəcib hərəkəti məni sevindirsə də, lakin hələ də günahlarını bağışlaya bilmirdim.

 

Azərbaycan dilində ən çox rast gəlinən qrammatik tavtologiya “etmək”, “olmaq” köməkçi feillərinin təkrarı ilə bağlıdır:

  • Bu tapşırıq şagirdlərin nəzmi nəsrlə ifadə etmək bacarığını inkişaf etdirməyə xidmət edir.
  • Kufi xətti həndəsi şəkildə olub ərəb qrafikasının üslublarından biri kimi mövcud olmuş, eyni zamanda kitab tərtibatında ornament kimi istifadə olunmuşdur.
  • Bu cür qruplaşdırma şagirdlərin əldə etdikləri məlumatları yazılı formada təqdim edərkən fikirlərini məntiqi ardıcıllıqla ifadə etməsinə kömək edir.

 

Qeyd etmək lazımdır ki, belə cümlələri redaktə etmək kifayət qədər çətindir. (Elə bu cümlədə altından xətt çəkdiyimiz sözlər fikrimizi əyani şəkildə təsdiq edir.)  Azərbaycan dilində feil ən mühafizəkar nitq hissəsidir. O öz sıralarına başqa dillərdən sadə quruluşlu feillər qəbul etmir. Dilimizdəki alınma feillərin hamısı ya düzəltmə, ya da mürəkkəb feillərdir. Bunların arasında “etmək”, “olmaq” köməkçi feilləri ilə düzələn tərkibi sözlər üstünlük təşkil edir. Çox zaman cümlələrdə həmin sözləri başqaları ilə əvəz etmək mümkün olmur.

Beləliklə, düzgün yazı ədəbi dilin orfoqrafiya normaları, punktuasiya və qrammatik qaydalarla yanaşı, dərin dil (nitq) duyumu – sözlərin məna çalarlarını, sözlər arasında məna əlaqələrini fərqləndirməyi tələb edir. Ekspressiv yazıda bəzən bu qaydaların pozulmasının şahidi oluruq. Lakin bunu o yazarlar edə bilirlər ki, bu qaydalara dərindən bələddirlər və ədəbi dil standartlarına yaradıcı yanaşmaq haqqı qazanıblar. Əks halda dil qaydalarının pozulması savadsızlıq kimi qiymətləndirilir.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.