Homerin "İliada" poemasında on il davam etmiş Troya müharibəsinin sonuncu ilində baş verən hadisələr təsvir edilir. Uzun müddət elmdə bu hadisələr yunan mifologiyasının fraqmentləri kimi təqdim edilirdi. Lakin 1873-cü ildə alman arxeoloqu Henri Şliman indiki Türkiyə ərazisində, Çanaqqala yaxınlığında Troya şəhərinin qalıqlarını aşkar etdi. Bundan sonra alimlər Troya müharibəsi haqqında tarixi hadisə kimi danışmağa başladılar. İndi də Qədim Yunanıstan tarixində bu savaşın Miladdan öncə XIII əsrdə baş verdiyi göstərilir.
Henri Şliman
Uzun müddət bu məsələni tədqiq etmiş alman arxeoloqu Manfred Korfmanın rəyinə görə, qazıntıların üzə çıxardığı və Troya olduğu zənn edilən şəhər o zamanlar üçün adi sayılan çoxsaylı kiçik münaqişələr nəticəsində dəfələrlə əldən-ələ keçmiş və nəhayət, dağılmışdır.
Manfred Korfman
Professor Lev Kleynin ciddi araşdırmalardan sonra gəldiyi qənaət isə belədir: "Şəhərin ölçüləri elədir ki, Homerin təsvir etdiyi böyük bir ordunu orada yerləşdirmək mümkün deyil. Heç on il mühasirədə yaşamağa bəs edəcək ərzağı da saxlamağa qalada yer yoxdur. Qalanın yunanların hücumuna məruz qaldığını heç nə sübut etmir. Qazıntılar vaxtı şəhərdə bir dənə də olsun yunan nizəsi və ya oxundan nişanə tapılmayıb. Deməli, Troya müharibəsinin reallıq olduğundan danışa bilmərik".

Kleyn hesab edir ki, eramızdan əvvəl XIII əsrdə yunanların əcdadları olan axeylər, həqiqətən də, Troyanı (başqa adı İliondur) zəbt etmək arzusunda olublar. Çünki bu şəhər Egey dənizinin şərq sahilində, Dardanel boğazının yaxınlığında, yəni ticarət yollarının kəsişdiyi bir ərazidə yerləşib. Lakin yunanlar şəhəri tuta bilməyiblər. Zaman keçdikcə onların həyata keçməyən arzuları qəhrəmanlıq nəğmələrində “reallığa çevrilib”.
“İliada” Troya müharibəsindən (əgər belə bir müharibə olubsa) 500 il sonra Homer və başqa nəğməkar şairlər tərəfindən yaranıb. Əsərdə adı çəkilən qəhrəmanlar mifoloji obrazlardır: əfsanəvi Axilles, ilahələr, tanrılar… Priam, Hektor, Aqamemnon və başqa obrazların tarixi şəxsiyyət olduğuna dair heç bir sübut yoxdur. Ona görə də, çox güman ki, Troya müharibəsi tarixdə olmayıb və ya “İliada”da təsvir edilən miqyasda olmayıb.
Qaynaq: Arif Əliyev. Tarixi Yanlışlıqlar (Bakı, Altun Kitab, 2013)