1473-cü ildə Ağqoyunlu dövləti ilə Osmanlı İmperiyası arasında baş verən və birincilərin ağır məğlubiyyəti ilə nəticələnən Otluqbeli döyüşündən bir qədər sonra Həsən padşah xəstələndi. İşi belə görən hökmdarın xanımları hərəkətə keçdilər. Ağqoyunlu əyanları və əmirləri isə bu xanımların ətrafında qruplaşdılar. Beləliklə, taxt-tac oyunları başladı.
Bulduqxani xatun, Dəspinə xatun və Səlcuqşah bəyimin hakimiyyət qovğası
Tanınmış tarixçi Əkbər N.Nəcəf “Uzun Həsən” adlanan, bir-birindən maraqlı tarixi faktlar və yeni mülahizələrlə zəngin kitabında (“Altun kitab” nəşriyyatı, Bakı – 2024) yazır ki, başında Bulduqxani xatunun dayandığı birinci qrupun hökmdarlığa namizədi Uğurlu Məhəmməd idi. Ağqoyunlu bəyləri və əmirləri arasında Uğurlu Məhəmmədin böyük nüfuzu vardı. Otluqbeli döyüşündən sonra əsgərlər arasında belə söz-söhbət gəzirdi ki, əgər padşah ordunun ixtiyarını bu oğlunun əmrinə versəydi, osmanlılar mütləq uduzacaqdı... Dəspinə xatunun başçılıq etdiyi ikinci qrup isə nisbətən zəif idi, lakin önəmli bir üstünlüyə malikdi. Söhbət Dəspinə xatunun Avropa ilə yaxşı əlaqələr qurmasından, eləcə də yerli xristian əhali arasında böyük nüfuza malik olmasından gedir. Bundan başqa, Dəspinə xatun qızı Aləmşah bəyim sayəsində Səfəvi təriqəti ilə güclü bağlar qurmuşdu. Məsələ burasındadır ki, Aləmşah bəyim təriqət rəhbəri Şeyx Cüneydin oğlu Heydərlə evlənmişdi. Nəticədə səfəvilərin Ağqoyunlu ölkəsindəki siyasi və hərbi nüfuzu xeyli artmışdı.
Hakimiyyət arzusu ən alovlu olan qadın isə Səlcuqşah bəyim idi. O, Uzun Həsəndən sonra taxta oğlu Xəlilin keçməsini istəyirdi. Bunun üçün əlindəki bütün imkanları səfərbər edən Səlcuqşah bəyimin əsas hədəflərindən biri Uğurlu Məhəmmədi aradan götürmək idi. O başa düşürdü ki, yalnız bu halda Xəlilin taxta çıxmaq şansı yüksələ bilər.
Uğurlu Məhəmmədə baha başa gələn səhv
Səlcuqşah bəyim bir yandan Uğurlu Məhəmmədi atasının gözündən salmağa çalışır, digər tərəfdən isə şahzadənin əsəbləri ilə oynayaraq onu yanlış addımlar atmağa məcbur etmək istəyirdi. Axırda onun istədiyi oldu: əsəblərini cilovlaya bilməməsi ucbatından Uğurlu Məhəmməd səhv qərar verərək atasına üsyan bayrağı açdı. Lakin həmin üsyan uğursuzluqla nəticələndi. İraqa qaçan Uğurlu Məhəmməd birbaş Bağdada, qardaşı Maqsudun yanına gəldi. Bağdad hakimi olan Maqsud bəy və onun lələsi Dana Xəlil Bayandurlu tərəfindən hörmətlə qəbul edildi, hətta padşah kimi qarşılandı. Yenidən öz ətrafına qüvvələr toplamağa çalışdı. Hətta ona dəstək verən çakırlıların köməyi ilə Təbrizə hücum çəkdi. Şəhər yaxınlığında baş verən döyüşdə padşaha sadiq hərbi qüvvələri məğlub edən çakırlılar paytaxta daxil olub xoşagəlməz hərəkətlərə yol verdilər. Həmin vaxt yürüşdə olan Uzun Həsən təcili geri qayıtdı və oğlunun tərəfdarlarını tam zərərsizləşdirdi. Bundan sonra Uğurlu Məhəmməd atasının düşməninə – Osmanlı sultanına sığındı. Sultan ondan Ağqoyunlulara qarşı istifadə etmək istəyirdi. Ona görə də Məhəmmədlə uzun-uzadı söhbətləşdi, Ağqoyunlu ölkəsinin vəziyyəti barədə ətraflı məlumat almağa çalışdı. Lakin Uğurlu Məhəmməd əsl şahzadə kimi davranaraq sultanın suallarına ehtiyatlı cavablar verdi.
Böyük oğlunun öncə üsyana qalxması, sonra isə Osmanlıya qaçması Uzun Həsəni dərindən sarsıtdı. Əkbər N.Nəcəfin fikrincə, Həsən padşahı başa düşmək olardı: bir oğlu (Zeynəl) məhz osmanlılarla döyüşdə öldürülmüş, başqa bir oğlu (Yusif) isə bir müddət onların əlində əsir qalmışdı. Bunlar azmış kimi, indi də böyük oğlu Osmanlı sultanına pənah aparmışdı...
Uğurlu Məhəmməd necə öldürülüb?
Uzun Həsənin bircə yolu qalırdı: oğlunu aradan götürtmək! Uzun məsləhətləşmələrdən sonra Ağqoyunlu əyanları Uğurlu Məhəmmədin şirniklənib ölkəyə qayıtması üçün padşahın ölüm xəbərini yaymaq qərarına gəldilər. Sonrası aydın idi – şahzadə həbs ediləcək və ölümlə cəzalandırılacaqdı. Beləliklə, çox keçmədən xəbər yayıldı ki, böyük oğlunun davranışlarına dözə bilməyən Uzun Həsən sağalmaz xəstəliyə tutulub. Sonra isə ağqoyunlu əmirləri bir-birinin ardınca çaparlar yollayaraq Uğurlu Məhəmmədi Təbrizə dəvət etməyə başladılar. Bir müddət sonra isə ona atasının ölüm xəbəri çatdırıldı. Əmirlər şahzadədən qardaşları Xəlil və Yaqubu qabaqlayaraq paytaxta qayıtmasını və taxt-taca sahib çıxmasını istədilər. Venesiyalı Katerino Zenonun yazdığına görə, hətta inandırıcı olması üçün şahzadənin keçib-gedəcəyi bəzi şəhərlərdə saxta yas mərasimləri belə təşkil edilmişdi.
Heç nədən şübhələnməyən Uğurlu Məhəmməd dərhal hərəkətə keçdi. Lakin Ərzincana çatdıqda şahzadə tələyə düşdüyünü anladı. Amma artıq çox gec idi. XVI əsrin tarixçisi Həsən bəy Rumlunun yazdığına görə, Səlcuqşah bəyimin əmri ilə Uğurlu Məhəmməd Ərzincanda öldürülməli idi. Əmri yerinə yetirmək isə şəhər hakimi Bayandur bəyə həvalə edilmişdi. Bayandur bəy tapşırığın öhdəsindən gəldi: şahzadəni hörmətlə qarşıladı və ilk fürsətdəcə qaçan dovşanı nişan almaq bəhanəsi ilə oxunu yaya qoyub çəkərək Uğurlu Məhəmmədi sinəsindən vurdu. Atın belindən yerə yıxılan şahzadə elə oradaca can verdi. Bayandur bəy onun başını kəsib Həsən padşaha göndərdi.
Venesiyalı səyyahların yazdıqlarına görə isə, Uğurlu Məhəmməd həbs edilib atasının hüzuruna çıxarılaraq öncə təhqiramiz münasibətlə üzləşmiş, ardınca padşahın əmri ilə zindana atılmış, elə orada da öldürülmüşdür. İstənilən halda gerçəklik bundan ibarətdir ki, Uğurlu Məhəmməd 1477-ci ildə, cəmi 36 yaşında aradan götürüldü.
Uzun Həsənin ölümünü tezləşdirən qətl
Böyük oğlunun faciəli sonluğu Uzun Həsəni çox sarsıtdı. Həmin vaxt Ağqoyunlu sarayında olan Venesiya elçiləri padşahın yaşadığı ağır ruhi əzabların, iztirabların şahidinə çevrilmişdilər. Hətta Katerino Zeno hökmdarın “qüsursuz ağlından və şöhrətindən” əsər-əlamət qalmadığını qeyd edir. Böyük zəfərlərə imza atan, ağqoyunluları bir bayraq altında birləşdirən və zamanının ən böyük dövlətini quran bir hökmdar ata kimi uğursuz olmuşdu...
Əkbər N.Nəcəf yazır ki, Uğurlu Məhəmmədin qətli Uzun Həsəni əzablara qərq etdi və onun ölümünü tezləşdirdi. Hətta bir rəvayətə görə, oğlunun kəsilmiş başı saraya gətirilərkən Həsən padşah xəstə vəziyyətdə yataqda imiş. Sonuncu dəfə oğlunun solğun çöhrəsini görən Ağqoyunlu sultanı tamamilə sarsılır və bir müddət sonra gözlərini əbədi yumur...