Reklam
Reklam
Тема: Dilçilik
Тема: Punktuasiya
Автор: Rafiq İsmayılov

Xüsusiləşmələrin vergüllə ayrılması

 

Yazıda ara söz kimi intonasiya ilə xüsusiləşən başqa ifadələrə də rast gəlinir. Onlardan bəziləri elmi ədəbiyyatda belə də adlanır – xüsusiləşmiş cümlə üzvləri. Adından da göründüyü kimi, ara sözlərdən fərqli olaraq, bu ifadələr cümlə üzvləri (əsasən, tamamlıq və zərflik) sayılır.

 

Xüsusiləşmə, əsasən, baxmayaraq, olaraq, kimi, bərabər, əvəzinə, yanaşı, savayı, başqa, görə, halda tipli qoşmalar və qoşma kimi işlənən sözlər vasitəsilə yaranır. Ona görə də bu ifadələrə qoşmalı xüsusiləşmələr də deyilir:

  • Son səhnədən sonra pərdənin örtülməsinə baxmayaraq, alqış səsləri kəsilmirdi.
  • Bir çox gənc amerikalı kimi, o da biznes qurmaq iddiasında idi.
  • Şagirdlərin səviyyəsindən asılı olaraq, müəllim diferensial üsullar tətbiq edə bilər.
  • Pedaqoji fəaliyyətlə yanaşı, elmi fəaliyyətini də davam etdirirdi.

 

Məlumdur ki, qoşmalar özündən əvvəlki sözə qoşularaq müxtəlif məna çalarları yaradır. Bu heç də həmişə xüsusiləşmiş cümlə üzvünün yaranmasına gətirib çıxarmır:

  • Bir nəfərin səhvinə görə bütün komanda qələbəni əldən verdi.
  • Kolumbun hesablamalarına görə, artıq Hindistana çatmalı idilər.

 

Ümumiyyətlə, bu sintaktik konstruksiyaları cümlədə təyin etmək və onları kontekstə görə fərqləndirmək kifayət qədər dərin dil bilgiləri və intuisiya tələb edir. Təsadüfi deyil ki, “Xüsusiləşmiş cümlə üzvləri” mövzusu orta məktəbdə tədris olunmur:

  • Gənc yazar əsəbi halda tribunaya yaxınlaşdı.
  • Universiteti əla qiymətlərlə bitirdiyi halda, heç yerdə iş tapa bilmirdi.

 

Bu səbəbdən yazı praktikasında bu ifadələrin vergüllə işlənməsi məsələsində sərbəstlik var:

  • Tədbirdə qaliblərə diplomdan başqa, qiymətli hədiyyələr də verildi.
  • Kənddə qocalardan başqa heç kim qalmamışdı.
  • Bunlar azmış kimi, dostunun xəyanəti onun nüfuzuna güclü zərbə vurdu.
  • Sinifdə, iki şagirdi çıxmaq şərtilə, hamı tapşırığın öhdəsindən gəldi.
  • Üzr istəmək əvəzinə qapını hirslə çırpıb getdi.
  • Alim bu kitabda, riyaziyyat istisna olmaqla, bütün elmlərə aid fikirlərini top­lamışdı.
  • Zəhmət olmasa, materiallarınızı, hər bölmə bir faylda olmaqla, elektron poçtuma göndərin.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.