1. Qapağı, örtüsü və s. götürülmək, düşmək, açıq hala gəlmək. □ Qapı açıldı. Qutu açıldı.
2. Aradakı maneə götürülmək, yaxud yox olmaq; tayları, layları açıq hala gəlmək. □ Sürüşmə nəticəsində bağlanmış yol, nəhayət ki, açıldı.
3. Qatlanmış, bükülmüş, düyünlənmiş, bağlanmış şeyin qatları, bükükləri, qırışıqları düzəltmək, düyünü, bağı açıq hala gəlmək. □ Gəminin yelkənləri açıldı. Belindən qayış açıldı. Lent açıldı.
4. Qoşqudan azad edilmək (olmaq). □ Öküzlər kotandan açılıb otlayırlar.
5. Aralanmaq, arada məsafə əmələ gəlmək (qapalı, yumulu şey). □ Gözləri açılmaq. Ağzı açılmaq.
6. Təsis olunmaq, əsası qoyulmaq; tətbiqə, işləməyə başlamaq. □ Gediş-gəlişi təmin etmək üçün şəhərdə yeni dəmiryol xətti açılıdı.Sərgi təyin olunan gündən daha tez açıldı.
7. Yaranmaq, əmələ gəlmək, mümkün olmaq. □ Azərbaycan incəsənəti qarşısında böyük imkanlar açılmışdır.
8. İfşa edilmək, meydana çıxarılmaq; aydın olmaq, aşkar olmaq, üzə çıxmaq, məlum olmaq. □ Cinayətin üstü açıldı.
9. Tədqiqat, araşdırma və s. nəticəsində kəşf olunmaq, müəyyən edilmək. □ Maqnit hadisələrinin mahiyyəti ancaq XIX əsrin əvvəllərində açıla bilmişdir.
10. Çiçəklənmək, yarpaqlanmaq; görünmək, zahir olmaq. □ Yaz gəldi, güllər açıldı.
11. Deşilmək, dəlinmək, qazılmaq. □ Divardan pəncərə açılmışdır. Dağların altından uzun tunel açılmışdır.
12. Baxmaq, çıxmaq. □ Bizim mənzilin pəncərəsi dənizə tərəf açılırdı.
13. Qopmaq, sökülmək. □ Köynəyimin az qala bütün tikişləri açılmışdı.
14. Cilalanmaq, pardaqlanmaq, təmizlənmək, sürtülüb ağardılmaq; parıldamaq, işıldamaq. □ Mis qablar qumla sürtüldükdə açılar.
15. İşıqlaşmaq, işıqlanmağa başlamaq, aydınlaşmaq. □ Səhər açılmaq. Göyün üzü açıldı.
16. Atılmaq, partlamaq. □ Güllələr açılan kimi hamı vahiməyə düşdü, ətrafı təşviş bürüdü.
17. Boşalmaq, boş qalmaq, boş yer əmələ gəlmək. □ Xəstəxanada yer açılan kimi səni ora tibb bacısı düzəldərik.
18. Görünməyə başlamaq, zahir olmaq. □ Qarşımızda müharibənin dəhşətli bir səhnəsi açılmışdı.
19. Məcazi mənada: birdən-birə hirslənərək qışqırmaq, bərk danlamaq, acıqlanmaq (bəzən “üstünə, üstümə” sözü ilə). □ O, dediyim sözlərdən qəzəblənərək qəflətən üstümə açıldı.
20. Axmağa başlamaq. □ Borudan su açılmaq. Yaradan qan açılmaq.
Həmçinin bax: