Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

açılmaq [açılmax] feil

1. Qapağı, örtüsü və s. götürülmək, düşmək, açıq hala gəlmək. □ Qapı açıldı. Qutu açıldı.

2. Aradakı maneə götürülmək, yaxud yox olmaq; tayları, layları açıq hala gəlmək. □ Sürüşmə nəticəsində bağlanmış yol, nəhayət ki, açıldı.

3. Qatlanmış, bükülmüş, düyünlənmiş, bağlanmış şeyin qatları, bükükləri, qırışıqları düzəltmək, düyünü, bağı açıq hala gəlmək. □ Gəminin yelkənləri açıldı. Belindən qayış açıldı. Lent açıldı.

4. Qoşqudan azad edilmək (olmaq). □ Öküzlər kotandan açılıb otlayırlar.

5. Aralanmaq, arada məsafə əmələ gəlmək (qapalı, yumulu şey). □ Gözləri açılmaq. Ağzı açılmaq.

6. Təsis olunmaq, əsası qoyulmaq; tətbiqə, işləməyə başlamaq. □ Gediş-gəlişi təmin etmək üçün şəhərdə yeni dəmiryol xətti açılıdı.Sərgi təyin olunan gündən daha tez açıldı.

7. Yaranmaq, əmələ gəlmək, mümkün olmaq. □ Azərbaycan incəsənəti qarşısında böyük imkanlar açılmışdır.

8. İfşa edilmək, meydana çıxarılmaq; aydın olmaq, aşkar olmaq, üzə çıxmaq, məlum olmaq. □ Cinayətin üstü açıldı.

9. Tədqiqat, araşdırma və s. nəticəsində kəşf olunmaq, müəyyən edilmək. □ Maqnit hadisələrinin mahiyyəti ancaq XIX əsrin əvvəllərində açıla bilmişdir.

10. Çiçəklənmək, yarpaqlanmaq; görünmək, zahir olmaq. □ Yaz gəldi, güllər açıldı.

11. Deşilmək, dəlinmək, qazılmaq. □ Divardan pəncərə açılmışdır. Dağların altından uzun tunel açılmışdır.

12. Baxmaq, çıxmaq. □ Bizim mənzilin pəncərəsi dənizə tərəf açılırdı.

13. Qopmaq, sökülmək. □ Köynəyimin az qala bütün tikişləri açılmışdı.

14. Cilalanmaq, pardaqlanmaq, təmizlənmək, sürtülüb ağardılmaq; parıldamaq, işıldamaq. □ Mis qablar qumla sürtüldükdə açılar.

15. İşıqlaşmaq, işıqlanmağa başlamaq, aydınlaşmaq. □ Səhər açılmaq. Göyün üzü açıldı.

16. Atılmaq, partlamaq. □ Güllələr açılan kimi hamı vahiməyə düşdü, ətrafı təşviş bürüdü.

17. Boşalmaq, boş qalmaq, boş yer əmələ gəlmək. □ Xəstəxanada yer açılan kimi səni ora tibb bacısı düzəldərik.

18. Görünməyə başlamaq, zahir olmaq. □ Qarşımızda müharibənin dəhşətli bir səhnəsi açılmışdı.

19. Məcazi mənada: birdən-birə hirslənərək qışqırmaq, bərk danlamaq, acıqlanmaq (bəzən “üstünə, üstümə” sözü ilə). □ O, dediyim sözlərdən qəzəblənərək qəflətən üstümə açıldı.

20. Axmağa başlamaq. □ Borudan su açılmaq. Yaradan qan açılmaq.

Həmçinin bax:

frazeologizm: açıl başımdan! frazeologizm: açılmayan qapıları açmaq frazeologizm: ağzı açıla qalmaq frazeologizm: ağzı açılmaq frazeologizm: arası açılmaq frazeologizm: ayağı açılmaq frazeologizm: aynası açılmaq frazeologizm: bağlı qapı üzünə açılmaq frazeologizm: başı açılmaq frazeologizm: başından açılmaq (əkilmək) frazeologizm: bəxti açılmaq frazeologizm: dili açılmaq frazeologizm: eyni açılmaq frazeologizm: əli-qolu açılmaq frazeologizm: əl-qolu açılmaq frazeologizm: gözü açılmaq frazeologizm: gözü-könlü açılmaq frazeologizm: güllə kimi açılmaq frazeologizm: xoruz banlamasa, səhər açılmaz?! frazeologizm: iç üzü açılmaq frazeologizm: iştahası açılmaq frazeologizm: iştahası yeddi yerdən açılmaq frazeologizm: kefi açılmaq frazeologizm: kələyinin üstü açılmaq frazeologizm: könlü açılmaq frazeologizm: qabağı açılmaq frazeologizm: qarnı açılmaq (işləmək, pozulmaq) frazeologizm: qaşqabağı açılmaq frazeologizm: qırışığı açılmaq frazeologizm: qol-qanadı açılmaq frazeologizm: paxırı açılmaq frazeologizm: pası açılmaq frazeologizm: sabahın gözü açılmamış frazeologizm: səhərin gözü açılmamış (açılar-açılmaz) frazeologizm: ürəyi açılmaq frazeologizm: üstü açılmaq frazeologizm: üzü açılmaq frazeologizm: üzünə qapılar açılmaq frazeologizm: yolu açılmaq frazeologizm: yol-yolağası açılmaq frazeologizm: zehni açılmaq Azərbaycan dilinin izahlı lüğəti