yun. Areios pagos – hərfi mənası: Ares təpəsi
Qədim Afinada ali siyasi və məhkəmə orqanı.
Yığıncaqları Akropol yaxınlığındakı Ares təpəsində keçirildiyindən belə adlandırılıb. A. qəbilə-tayfa quruluşu dövründə ağsaqqallar şurası kimi meydana çıxıb. Sonralar quldar aristokratiyanın və oliqarxiyanın ömürlük seçilən nümayəndələrindən ibarət olan A. geniş siyasi, məhkəmə, dini hakimiyyətə və nəzarət funksiyalarına malik olub. Quldar demokratiyanın inkişafı ilə əlaqədar A.-ın səlahiyyətləri tədricən məhdudlaşdırılıb. Efialtın islahatlarından (e.ə. 462-ci il) sonra isə A. siyasi hakimiyyətini itirərək yalnız qanunlara nəzarət hüququnu, eləcə də bəzi mülki və dini cinayətlər üzrə məhkəmə funksiyasını saxlayıb. Bununla belə, antik Afinanın süqutuna kimi A. mühüm hakimiyyət və məhkəmə orqanlarından biri olaraq qalıb.
Tarix terminləri lüğəti