yun. arche – başlanğıc + yun. typos – iz, obraz
1. İlkin obraz, orijinal; mədəniyyətin əsasını təşkil edən və nəsildən nəslə ötürülən simvol.
Jurnalistikada A.-lərdən auditoriyanın hislərinə təsir etmək, onu inandırmaq məqsədilə geniş istifadə olunur. Sonunda işıq görünən tunellə hərəkət edən qatar, dimdiyində zeytun budağı tutmuş ağ göyərçin kimi sadə fotoşəkillərin xüsusi populyarlığı məhz onların A.-lərlə sıx bağlı olmasından irəli gəlir. Məqalələrin başlıqlarında, verilişlərin adlarında «ocaq», «vətən» kimi A.-lərə tez-tez rast gəlinir. Bu baxımdan A. jurnalistikada, reklamçılıqda, pablik rileyşnz informasiyanın auditoriyaya ötürülməzdən əvvəl emalının, media obrazlarının yaradılmasının mühüm alqoritmi rolunu oynayır.
2. Ədəbiyyatda, mediada tez-tez təkrarlanan, insanlara tanış olan obrazlar, süjetlər, motivlər.
Belə obraz və süjetlər vasitəsilə (məsələn, karikaturalarda) cəmiyyətin heç vaxt görmədiyi, çıxışını eşitmədiyi insanlar haqqında güclü ictimai rəy formalaşdırıla bilər.
Jurnalistika terminləri lüğəti