Reklam
Reklam

Tarix terminləri lüğəti

Asiya istehsal üsulu

Marksizmdə kapitalizməqədərki dövrdə Asiya ölkələrində mövcud olmuş ictimai quruluşun xüsusiyyətlərini ifadə etmək üçün işlədilən termin.

A.İ.Ü. ifadəsi ilk dəfə 1853-cü ildə K.Marks tərəfindən Asiyada və Qərbdəki ictimai münasibətlər arasında, xüsusən dövlətin mənşəyi və rolu sahəsində mövcud olan fərqləri qabartmaq üçün işlədilib. Marksizm A.İ.Ü.-nun iki əsas cəhətini göstərir:

1) xüsusi mülkiyyətin yoxluğu (bu, ictimai və iqtisadi münasibətlərin normal inkişafına mane olur);

2) iri suvarma sistemlərinin yaradılmasını zəruri edən coğrafi və iqlim xüsusiyyətləri.

Sonuncu cəhət mərkəzləşdirilmiş idarəçilik formasının tətbiqini tələb edərək, öz növbəsində, dövlətin rolunun kəskin surətdə artmasına, nəticə olaraq Şərq despotizminə gətirib çıxarır. Çünki nəhəng suvarma sistemlərinin inşası üçün tələb olunan böyük insan qüvvəsini və maddi ehtiyatları yalnız dövlət despotik üsullarla təmin edə bilər. A.İ.Ü.-nun mövcudluğu müasir tədqiqatçılar tərəfindən rədd edilir.

Tarix terminləri lüğəti