yun. typos – forma, nümunə + yun. logos – elm, təlim
Buludların eyni əlamətlər və oxşar xüsusiyyətlər üzrə qruplarda birləşdirilməsi.
B.T.T., əsasən, onların mənşəyinə (genetik təsnifat) və Yer səthindən hündürlüyünə, formasına (morfoloji təsnifat) görə aparılır. Mənşəyinə görə konvektiv (topavarı), dalğavarı, frontal (layvarı) buludlar mövcuddur. Konvektiv buludlar havanın qeyri-bərabər qızması və isti havanın yuxarı qalxması nəticəsində yaranır. Dalğavarı buludlar inversiya sərhədində baş verən dalğalı hərəkətlər zamanı əmələ gəlir. Frontal buludlar isə isti havanın nizamlanmış hərəkətinin nəticəsidir. Morfoloji xüsusiyyətlərinə görə 4 yerə ayrılan 10 əsas bulud tipi var: aşağı mərtəbəli (2 km-dək), əsasən, su damcılarından ibarət laylı, laylı-topa, laylı-yağış buludları, orta mərtəbəli (2-6 km), əsasən, su damcıları və buz kristalları qarışığından ibarət yüksək topa, yüksək laylı buludlar, yuxarı mərtəbəli (6 km-dən yüksəklikdə), əsasən, buz kristallarından ibarət lələkvarı, lələkvarı-topa, lələkvarı-laylı buludlar. Şaquli istiqamətdə inkişaf edən buludlar isə topa və topa-yağış buludlarıdır.
Coğrafiya terminləri lüğəti